“Artsax” adının verilməsi ermənilərin bəd niyyətlərinin ifadəsidir" ÖZƏl-MÜNASİBƏT

“ABŞ-da küçələrdən birinə “Artsax” adının verilməsi qəbuledilməzdir. Bu heç bir məntiqə uyğun deyil. Çünki “Artsax” adında nə bir ölkə, nə də respublika var. Hesab edirəm ki, bu addım düzgün deyil. Amma Amerika ictimaiyyətinə baxanda biz görürük ki, orada belə hallar baş verir. Çünki ölkə demokratik bir ölkədir. Təbii ki, ermənilər də ABŞ-da olan bu demokratik mühitdən istifadə edərək öz bəd niyyətlərini həyata keçirirlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, “Artsax” adının verilməsi ermənilərin bəd niyyətlərinin ifadəsidir: “Onlar görürlər ki, “Artsax” adında respublikanı dünyada heç kim tanımır. Həmçinin onların Azərbaycanın işğal edilmiş torpaqlarını uzun illər işğal altında saxlamalarına baxmayaraq bu gün də heç bir beynəlxalq hüquqi status əldə edilməyib. Azərbaycanın haqq səsini hamı tanıyır. Belə olan halda ermənilər çalışırlar ki, hər hansı bir üsullarla onu gündəmə gətirsin. Azərbaycan Xarici İşlər Nazirliyi buna qarşı müəyyən tədbirlər görməlidir və rəsmi Amerikaya etirazını bildirməlidir. Ümumiyyətlə beynəlxalq siyasətdə siyasi mübarizələr davam edir. Azərbaycanın son illər ərzində apardığı uğurlu beynəlxalq siyasətin göstəricisidir ki, bu gün ölkəmiz dünyada tanınır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə