Ermənistan müharibə qorxusu və təşviş içindədir TƏHLİL

Son vaxtlar Ermənistanda cərəyan edən hadisələr, yeni hakimiyyətin bir-birinə zidd bəyanatları, bu işğalçı ölkənin və onun hakimiyyətinin geosiyasi mövqeyində olan təzadlar dünya ictimaiyytinin diqqət mərkəzindədir. İstər Nikol Paşinyanın, istərsə də onun yaxın ətrafının, ümumilikdə, ermənistan hakimiyyətinin qarmaqarışıq və təzadlarla dolu olan siyasi kursu nəinki başadüşülən deyil, hətta heç bir müstəvidə qəbulolunan da hesab edilmir. Çünki, yeni baş nazirin sərsəm bir nümayişçi kimi indi hakimiyyət kürsüsündən istifadə etməsinə, ağlına korluq vermədən ziddiyətlərlə dolu bəyanatlar verməsinə, absurd fikirlərinə, uyğunsuz addımlarına diplomatik təcrübədə rast gəlinməyib.

Maraqlıdır, içğalçı dövlətdə son yarım ildə, yəni inqlab pərdəsi altında dövlət çevrilişi reallaşdırıldıqdan və küçə nümayişçisinə baş nazir kürsüsü həvalə edildikdən sonrakı müddətdə erməni dövlətçiliyinin başı üzərindəki təhlükə, bu ölkənin daha böyük üçürüma, daha böyük sürətlə getdiyi geniş xalq kütlələrinə aydın deyilmi? Qərb diplomatiyasına oluncaq olmağa hakimiyyət naminə razılıq verən, bunun müqabilində əsrlər boyu himayədarı olan Rusiyaya xəyanətkar mövqe nümayiş etdirən, nəticədə ermənilərin əllərinin və ümidlərinin ruslardan da üzülməsini reallaşdıran nümayişçinin düşüncəsiz siyasətini, bunun acı nəticələrini görmürlərmi? Erməni cəmiyyəti Qərbin də artıq onların arxasından çəkildiyinin və guya ki, demokratiya, azadlıq istəyənlərin həm Ermənistandan, həm də Paşinyandan imtina etdiklərinin fərqində deyilmi? Fərqində deyilmi ki, Qərb tərəfindən qızışdırılan, oyunlarına da alət olan Paşinyan, eləcə də Ermənistan hakimiyyəti Qərb və Rusiya arasında başını itirmiş vəziyyətdə qalıb?

Ermənistan mətbuatında Azərbaycanın gücü etiraf edilir, qorxu, təlaş və çaşqınlıq müşahidə olunur

Doğrudur, erməni mətbuatında Azərbaycan ordusunun Qarabağa hücuma hazırlaşdığı, Ərdoğanın Bakıda keçirilən parad zamanı Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməsi barədə və buna bənzər müxtəlif səpkili yazılar dərc edilir və bu təbii ki, Ermənistanın durumuna görə keçirilən təlaşın təzahürüdür. Ermənistanın Kütləvi İnformasiya Vasitələrində daha çox Bakıda keçirilən paradın təəssüratları, daha doğrusu həyəcanı daha qabarıq şəkildə hiss olunur. Cənab Prezident İlham Əliyevin, güclü ordunun ərazi bütövlüyünün bərpası üçün gərəkən əsas şərt olduğunu, bu gün Azərbaycan ordusunun gücünün artdığını və işğal altında olan bütün ərazilərimizdə bayraqlarımızın yellənəcəyi günün yaxınlaşdığını söyləməsi erməni mediasında rezonans doğurub. Xüsusən, Ərdoğanın Azərbaycana məxsus torpaqların işğalında günahkar olanların, milyondan çox qaçqınımızın evlərinə dönməsinə imkan verməyənlərin Türkiyə ilə sərhədləri açmaq gözləntilərinin hədər yerə olduğunu söyləməsinə işğalçı ölkənin mətbuat səhifələrinin aqressiv reaksiyası da müşahidə olunur. Sözsüz ki, bütün bu təzahürlər günün reallıqları, məhz Azərbaycan həqiqətləri, ölkəmizin gücünün artması, müttəfiqlərinin, tərəfdarlarının, dost və qardaş ölkələrin sayının günbəgün çoxalması, bununla yanaşı Ermənistanın müttəfiqsiz qalaraq bölgədə marginallaşması ilə əlaqədardır.
İndi erməni mətbuatı Azərbaycana müttəfiq, dost ölkə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizi dəstəkləməsinin özləri üçün qorxunc olduğunu hətta etiraf edir. Bu qorxu elə bir şəkil alır ki, hətta mətbuat səhifələri çaşqınlıq içərisində qaldıqlarını da gizlətmirlər. Hər zaman çətin durumda olarkən yardıma, köməyə əl açan, dəstək dilənənlər indi yenə də ABŞ və Fransadan nə isə umurlar. Azərbaycanın hər sahədə olduğu kimi hərbi gücünün də artmasına, bunu bəyan etməsinə, Türkiyənin, onun Prezidentinin belə Azərbaycanın mənafelərini müdafiə etməsinə özləri üçün dost hesab etdikləri, hər zaman mövqelərini müdafiəsinə ümid etdikləri bu iki ölkənin hələ də susmasına təəssüf edirlər. Hətta ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin də Azərbaycanın mövqelərini müdafiə etdiyi üçün NATO kimi bir təşkilata üzv olan Türkiyənin Prezidentinə etirazını da gözlədikləri açıq-aşkar müşahidə olunur.

Paşinyan hakimiyyətinin geosiyasi müstəvidə məğlubiyyətləri danılmazdır və hələ bundan sonra da davam edəcək

Əslində, erməni xalqı Paşinyanın daxili auditoriyaya hesablanmış populist çıxışları, vədləri, bəyanatları ilə aldadılır və bəlkə ermənilər hələ də bu küçə nümayişçisi kimi ortaya atılmış avantüristin siyasətindən nə isə gözləyirlər. Amma, Ermənistanın yeni hakimiyyəti özü öz durumunu çox yaxşı bilir. Bilir ki, geosiyasi müstəvidə məğlubiyyətləri danılmazdır və hələ bundan sonra da davam edəcək. Bu isə öz növbəsində ölkəni daha da səfalətə, yoxsulluğa, hətta məhvə sürükləyir və qısa zaman kəsiyindən sonra Ermənistanın bir dövlət olaraq mövcudluğunu sual altında qoyur. Belə olan şəraitdə ermənilərin, erməni xalqının, Ermənistanda məskunlaşan insanların hansı vəziyyətdə qalacaqları barədə isə proqnoz verməyə nümayişlərdən hakimiyyət kürsüsünə əyləşənlərin gücü çatmır. Əvəzində müvəqqəti olaraq kütlənin sakitləşdirilməsi üçün vədlər verilir, bir sözlə daxili auditoriyaya hesablanmış bəyanatlarla çıxış edilir. Amma bu bəyanatları Paşinyan hakimiyyəti belə çıxış yolu hesab etmir. Əks halda, Rusiyaya, Fransaya səfər edilməz, Trampla görüş planlaşdırılmaz, sakit şəkildə yerlərində oturar, daha pafoslu, daha populist vədlər düşünüb xalqı, erməni xalqını tovlatmaqla kifayətlənərdilər.
Məsələ burasındadır ki, lap bu yaxınlarda, daha dəqiq desək, cari ilin 11 iyulunda NATO-nun sammitinə qatılan, Brüsseldə rəsmi səfərdə olan Nikol Paşinyan səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makronla da görüşmüşdüsə, onun 14 sentyabr tarixində Parisə işgüzar səfərinə, və Fransa prezidenti ilə görüşünə nə kimi ehtiyac duyulurdu? Eyni zamanda nəzərə almaq lazımdır ki, E.Makron cəmi bir ay sonra Frankofoniya sammitinə qatılmaq üçün Ermənistana səfər edəcəkdi. Bir sözlə, Ermənistanın baş nazirini vadar edən nə idi ki, bu kiçik zaman fasiləsində və bu görüşlər arası Makronla bir də görüşsün? Bu görüşün vacibliyini şərtləndirən nə ola bilər? Ermənistana məxsus informasiya agentlikləri N.Paşinyanın Paris səfərini işıqlandıraraq protokol iltifatını xatırlatmaqdan savayı həmçinin xəbər verirlər ki, tərəflər Qarabağ məsələsi üzrə fikir mübadiləsi edib və münaqişənin ATƏT Minsk Qrupu formatı çərçivəsində dinc tənzimlənməsinə önəm veriblər. Digər tərəfdən etiraf edirlər ki, dost hesab etdikləri Fransa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ehtiyat edir, hətta qorxur.
Ermənistanın yeni hakimiyyəti bir zamanlar etibarlı müttəfiq hesab etdikləri Rusiya Federasiyasına, şəxsən Prezident Vladimir Putinə də bel bağlaya bilmir və onları başa düşmək də çətin deyil. Çünki, məxməri inqlabların fonunda Rusiyaya qarşı hörmətsizlik, saymazlıq etmələri bir tərəfə, Prezident Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü və ikitərəfli münasibətlərin inkişafını nəzərdə tutan müqavilələrini, ələlxüsus hərbi sahədə əməkdaşlıqları və onların bundan sonra daha geniş miqyasda davam etdiriləcəyini nəzərdə tutan sazişlərini yaxşı xatırlayırlar. Bu il sentyabrın 25-də Rusiya Federasiyasının Prezidenti V.Putinin Azərbaycana nəzərdə tutulan səfəri barədə məlumatlı olan Ermənistanın yeni hakimiyyəti çox yaxşı başa düşür ki, artıq bölgədə Rusiya üçün maraqlı olan dövlət Ermənistan yox, Azərbaycandır.

Baş nazir Paşinyan öz hakimiyyətini qorumaq üçün populist vədlər verərək erməni xalqını aldadır

Paşinyanın Ermənistan hakimiyyətini ələ keçirdikdən sonra həmin ölkənin get-gedə hansı duruma düşdüyünü, daha dəqiq desək küçə nümayişçisinin bir ölkəni hansı vəziyyətə saldığının yeni hakimiyyət özü də fərqindədir. Onun da fərqindədir ki, sammit zamanı rəsmi görüşlər çərçivəsində sülh danışıqlarından dəm vuran baş nazir, digər bir müstəvidə müharibə mövzusunda bəyanatlar verir. Ermənistanın yeni hakimiyyəti parlament səviyyəsində Azərbaycana qarşı müharibə elan edir, sonra da sülh danışıqlarını xatırlamağa başlayır. “Şant-2018” hərbi təlimləri çərçivəsində şərti düşmən kimi Azərbaycana müharibə elan edən yeni hakimiyyət bir tərəfdən də Azərbaycanın hərbi qüdrətini gördükdə, torpaqları geri qaytarmaq gücündə, əzmində olduğunu müşahidə və dərk etdiyində bundan təşvişə düşür.
Ümumiyyətlə, başda Nikol Paşinyan olmaqla, Ermənistanın yeni hakimiyyəti nə etdiyinin, necə etdiyinin hələ də fərqində deyil. Qeyd etdiyimiz kimi, gah sülh danışıqlarından dəm vurur, gah müharibə elan edir, gah da müharibə təhlükəsi hiss etdiyində qorxu və təlaş içində olur. Amma Paşinyan kimi avantürist və onun komandası kütlənin oyanmasından, növbəti etirazlardan, hakimiyyət kürsüsünü itirmək təhlükəsindən ehtiyat edərək yalnız xalqı, erməni xalqını aldatmaqdan başqa heç bir strategiya ilə çıxış etmir. Bir sözlə, hələ də müəyyən müddət, zaman fasiləsi qazanmaqla kifayətlənir, hakimiyyətini bacardıqca daha bir müddət qorumağa çalışır. Amma Paşinyanın bu avantürasının da fonunda etirazların yenidən qızışmayacağına kimsə zəmanət verə bilməz. Tezliklə Ermənistan ictimaiyyəti yalançı, populist vədlərdən cana doyacağına zərrə qədər şübhə yoxdur. Erməni xalqı vətəndaşlığını daşıdıqları dövlətin, yaşadıqları ölkənin marginallaşdığını, müttəfiqsiz, tərəfdaşsız qaldığını bir zaman tam şəkildə dərk etdiyində Paşinyanın vədlərinin də, hətta özünün də sonu çatacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...