ABŞ Dövlət Departamentindən gülünc “tövsiyələr”

Yaxud, nəyə görə Krım, Luqansk, Donetsk, Osetiya və Abxaziyadan fərqli olaraq, Dağlıq Qarabağ işğal olunmuş ərazi kimi göstərilməyib?

Bəlli olduğu kimi, ABŞ Dövlət Departamenti vətəndaşlarını Azərbaycana, eləcə də Dağlıq Qarabağa səfər etməməyə çağırıb. Əslində, bu kimi tövsiyədə bizlər növbəti dəfə ikili standartların şahidlərinə çevrilirik. Daha dəqiq desək, amerikalı turistlər üçün hazırlanmış tövsiyədə bildirilir ki, Dağlıq Qarabağda itkilər davam edir: “Mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadə hər il itkilərlə nəticələnir. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ təhlükəsizlik xidməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb”.

Azərbaycana qarşı ikili standartlar davam edir

Lakin nədənsə, burada Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması faktı barədə bir kəlmə olsa da vurğulanmır. Dövlət Departamentinin saytına diqqət yetirsək görərik ki, Yəni rəsmi saytda Dağlıq Qarabağın işğal olunmuş ərazi kimi göstərilməyib. Ancaq bunun yerinə, Ukraynanın Krımı, Gürcüstanın Osetiya və Abxaziyası, yenə də Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin işğal olunması öz əksini tapıb. Demək ki, ABŞ-ın Dövlət Departamenti Qarabağımızı işğal olunmuş ərazilər sırasına daxil etməyərək, reallıqda Gürcüstandan, Ukraynadan fərqli şəkildə Azərbaycana qarşı ikili standartlardan çıxış etdiyini açıq-aşkar sübuta yetirmiş olub.

Başqa tərəfdən, amerikalıların siyasət dağarcığı hesab edilən bu “demokratik” dövlət qurumu Qarabağla yanaşı, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətləri də göz ardına vurub. Belə ki, Azərbaycanda ABŞ-Rusiya və ABŞ-NATO baş qərargah rəislərinin görüşləri keçirilir, ölkəmizdə ən mötəbər və yüksək səviyyəli forumlar, fonfranslar, beynəlxalq idman, mədəniyyət və s. tədbirləri baş tutur, bir çox dövlət və təşkilat rəhbərlərinin görüşləri də Bakıya təsadüf edir. Eləcə də, 2018-də çoxsaylı beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsi nəzərdə tutulub. Ancaq bunlar öz vətəndaşlarını ölkəmizə səfər etməkdən çəkinməyi tövsiyə edirlər.

ABŞ-ın Dövlət Departamenti öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə bu qədər qalırsa, narahat olursa, nəyə görə hələ də bu ölkədə açıq şəkildə odlu silahların və s. öldürücü vasitələrin satışı mövcuddur?

Bu zaman növbəti sual çıxır. Misal üçün, dünya ictimaiyyəti demək olar ki, vaxtaşırı şəkildə ABŞ-da fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrində, xəstəxanalarda, ictimai obyektlərdə snayper tüfəngləri ilə, balta və bıçaqlarla, silahlanmış amerikalı cinayətkarların silahlı hücumları barədə xəbərlər oxuyur. Bu kimi vəhşi və qeyri-insani basqınlar nəticəsində yüzlərlə insanlar, xüsusilə azyaşlılar həyatlarını itirirlər. Maraqlıdır, ABŞ-ın Dövlət Departamenti öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə bu qədər qalırsa, narahat olursa, nəyə görə hələ də bu ölkədə açıq şəkildə odlu silahların və s. öldürücü vasitələrin satışı mövcuddur? Bəlkə amerikalı “ağılqoyanlar” bir dəfə də bu haqda öz vətəndaşlarına müvafiq tövsiyələr etsinlər? Çünki bildiyimiz qədər, həmin bu silahlı basqınlar, təcavüzlər nəticəsində Amerikada ildə yüzlərlə insan ya həyatlarını itirir, ya da ömürlük şikəst qalırlar.

Azərbaycanda olan amerikalı turistlər də ölkələrinin “ağılqoyanlarının” bu kimi sərsəm tövsiyələrinə istehza etmək məcburiyyətində qalacaqlar

Ancaq təəssüf olsun ki, Departamentin tövsiyə verənləri nə bu barədə, nə də bilavasitə Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti barədə ölkəmizin xeyrinə olan bir dənə də ifadə, bəyanat yaymır. Bu baxımdan, ABŞ Dövlət Departamentinmin məlum tövsiyəsi elə boş tövsiyə olaraq da qalmaqda davam edəcək. Çünki Azərbaycanın təhlükəsizliyi, ölkəmizdə mövcud olan sabitlik və inkişafı heç bir qüvvə poza bilməz. Təkcə ötən il ölkəmizə səfər edən on minlərlə turistlər, eləcə də amerikalı qonaqlar da bunun şahidləridirlər. Yəqin ki, Azərbaycanda olan amerikalı turistlər də ölkələrinin “ağılqoyanlarının” bu kimi sərsəm tövsiyələrinə istehza etmək məcburiyyətində qalacaqlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə