"Qərb dövlətlərinin münaqişənin həlli ilə bağlı mövqeyi bizi çox narahat edir" AÇIQLAMA

“Qüdslə bağlı məsələyə islam ölkələri reaksiya verməyə bilməzdi. Bu baxımdan da İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İstanbulda yığışaraq məsələ ilə bağlı mövqeyini ortaya qoyaraq, etirazını bildirdi”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq söyləyib ki, Qüdslə bağlı məsələyə yenidən baxılmalı, ABŞ məsələyə yenidən qiymət verməlidir: “Çünki, ABŞ bu addımı ilə vasitəçilik missiyasından məhrum oluna bilər. Çünki ABŞ-ın Qüdslə bağlı bitərəfli yanaşması, onu vasitəçilik missiyasından uzaqlaşdırır. Bu baxımdan islam dünyasının liderləri İstanbulda yığışaraq Qüdslə bağlı qəti fikrini bildirərək öz mesajlarını ABŞ-a çatdırmış oldular”.

Türkiyə dövlət başçısının dəvəti ilə Azərbaycan prezidentinin sözügedən zirvə toplantısına qatıldığını deyən F. Sadıqov söyləyib ki, dövlət başçısı toplantıda Azərbaycanın Yaxın Şərqdə baş verənlərlə bağlı mövqeyini səsləndirməklə yanaşı, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da dəyərli fikirlərini bildirdi: “Prezident İlham Əliyev toplantıda ən ağrılı məsələmiz, həll olunmayan problemimiz Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, beynəlxalq tribunadan bir daha ölkəmizin haqlı mövqeyini səsləndirmiş oldu. Təbii ki Qərb dövlətlərinin münaqişənin həlli ilə bağlı mövqeyi bizi çox narahat edir. Bu baxımdan da Azərbaycan prezidenti toplantıda haqlı olaraq bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmur. Dövlət başçısı müsəlman ölkələrinə bildirdi ki, onlar məscidləri məhv edən dövlətlə münasibətlərini kəsməlidirlər. Çünki bu, islam həmrəyliyinə zidd addımdır”.

Politoloq əlavə edib ki, İstanbulda keçirilən zirvə toplantısında Azərbaycan yüksək səviyyədə təmsil olunması o deməkdir ki, Azərbaycan belə məsələlərə biganəlik göstərmir: “Ölkəmiz hər zaman Türkiyənin, islam dövlətlərinin yanındadır və onların problemləri heç zaman bizim üçün yad olmayıb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə