Millət vəkili: “YAP tariximizə, milli köklərə bağlı olan partiyadır” AÇIQLAMA

“Yeni Azərbaycan Partiyası zamanın sosial sifarişi ilə, cəmiyyətin mütərəqqi hissəsini özündə birləşdirən, dövrün problemlərini həll etmək üçün ciddi proqramı olan, ən əsası isə Azərbaycanın gələcəyinin güclü bünövrəsini qoyan bir siyasi qüvvəyə böyük ehtiyac var idi. Belə bir siyasi qüvvə isə Ümummilli Lider Heydər Əliyevin ətrafında onun təcrübəsi, onun zamanın sınağından keçmiş baxışları ətrafında formalaşa bilərdi. Ulu Öndərin vaxtilə dediyi kimi “YAP dünənin, bugünün və sabahın partiyasıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, doğurdan da 25 illik tarix göstərir ki, o dünənin partiyası idi: “1990-cı illərin ağır problemlərindən Ulu Öndərin rəhbərliyi ilə cəmiyyət xilas oldu. O bügünün partiyasıdır. Bugün dövlətçiliyimizin möhkəmlənməsində, beynəlxalq birlikdə nüfuzumuzun artmasında, sosial-iqtisadi məsələlərin həllində YAP avanqard gücünü göstərdi. Bu sabahın partiyasıdır. O Azərbaycanın sabah üçün qurulan böyük proqramların həyata keçirilməsində aktiv rol oynayır. O cənab Prezidentin siyasi xəttinin müdafiə edilməsində, onun təbliğ edilməsində böyül rola malikdir. Bugün cəmiyyətin siyasi cəhətcə maarifləndirilməsi uğurlarımızın çox ciddi bir bünövrəsinə çevrilir. Bugün Ümummilli Lider Heydər Əliyevin ideyalarından qaynaqlanmaq cənab Prezidentin rəhbərliyi altında problemlərin bir-birinin ardınca uğurla həll edilməsi Azərbaycanı daha da möhkəmləndirir. Bizim müstəqilliyimizi qorumaqdan başqa alternativ yolumuz yoxdur. 200 illik fasilədən sonra müstəqilliyimizin əldə edilməsi Azərbaycan xalqının çox böyük bir sərvətidir. Bu sərvətin qorunmasında bugün YAP aktiv iştirak edir. YAP tariximizə, milli köklərə bağlı olan partiyadır.

Bu gün YAP vətəndaşın maraqlarını öyrənən, onun həllində yaxından iştirak edən, daima vətəndaşın yanında olan partiyadır. Onun çox möhkəm ərazi partiya təşkilatları var. Onun siyasi cəhətcə yetkin 700 minə qədər üzvü var. YAP bugün özünü sıradan olan bir siyasi təşkilat kimi aparır. Demokratiyaya, qanunun aililiyinə daima hörmətlə yanaşır. Ancaq onun kökə bağlılığı, onun müasir ideyalarla zənginləşməsi həmişə seçkilərdə qalib gəlməsinə kömək edir. YAP-ın adından da göründüyü kimi bu yeniləşən bir partiyadır. O doğmalardan, dünənki günün metodologiyasından bərk yapışan bir təşkilat deyil. O yeni ideyaları götürür və gənc nəslin enerjisinə daima ehtiyacı var. Məhz bunun nəticəsidir ki, YAP həmişə qalib gəlib. 25 illik yol çox şərəfli bir yoldur. Hesab edirəm ki, bundan sonra da YAP həmişə siyasi proseslərin önündə avanqard bir partiya olacaq. O partiya ki Ümummilli Lider Heydər Əliyevin ideyaları ilə yaranıb və o partiya ki müasir dünuyanın görkəmli siyasi xadimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərir o həmişə qalib gələcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə