Köhnə kitablardakı toz hissəcikləri allergenlər yaradır?

Kitablar arasında gün keçirmək çoxlarının sevimli məşğuliyyətidir, hətta köhnə kitabları vərəqləməklə nostalji hisslər yaşayanlar da var. Öz peşələri ilə əlaqədar saatlarla köhnə kitablar və sənədlər arasında axtarış aparanlar, onları vərəqləyənlər də çoxdur. Kitab tozu ən geniş yayılan allergenlərdən biri hesab edilir.

AZƏRTAC mütəxəssislərə istinadla xəbər verir ki, köhnə kitablarda olan toz hissəcikləri bəzi qrup xəstəliklər, hətta toksik əlamətlərin yaranması ilə nəticələnir, bronxial astma, allergik bronxit, allergik rinit, allergik dəri reaksiyalarının yaranması halları baş verir və hətta anafilaktik şoka səbəb ola bilir. Kitab mağazasının satıcıları da risk qrupuna daxil olsalar da, yeni çap olunan kitablar az hallarda mənfi simptomların ortaya çıxmasına şərait yaradır. Ümumilikdə isə tozların yaratdığı fəsadlardan daha çox əziyyət çəkənlər arasında gündəlik olaraq köhnə kitab və sənədlərlə təmasda olanlar çoxluq təşkil edir. Lakin onlardan qorunmaq üçün xüsusi maskalar, eləcə də respirator taxaraq və birdəfəlik əlcəklərdən istifadə edərək açıq havada əvvəlcə yüngülcə silkələnməli, sonra nəm əski ilə silinməli və günəş şüaları altında qurudulmalıdır.

Arxiv işçilərinin də respiratordan geniş istifadə edərək həmin kitabları təmizləməsi məsləhət görülür. Köhnə kitablardakı tozlar fəsadlara səbəb olduğundan çalışmaq lazımdır ki, onlar ev şəraitində saxlanılmasın.

Bütün xəbərlər Facebook səhifəmizdə