Ömrünüzü 20 il uzatmaq istəyirsinizsə...

Amerikalı tədqiqatçılar əmindirlər ki, planetimizdəki canlı orqanizmlərin qəbul etdiyi qidanın miqdarı ilə onların ömrünün uzunluğu arasında müəyyən əlaqə vardır.

İnsanın ömrünün uzunluğu məsələsi alimlərin çoxunu narahat edir. Amerikalı mütəxəssislər drozofil milçəkləri və laboratoriya siçovulları üzərində aparılmış təcrübələrə əsasən (qeyd edək ki, bu canlıların genləri insan genləri ilə 60 faiz üst-üstə düşür) bu qənaətə gəlmişlər ki, siçovulların qida rasionu azaldıldıqda bu heyvanlar 30-40 faiz çox yaşayır. Bu göstəricini insanlara tətbiq etsək, o deməkdir ki, insanın ömrünü 20 il artırmaq olar.

Milçəklər üzərində təcrübədə də eyni nəticə alınıb. Alimlər milçəklər üçün pəhriz və müəyyən dərmanlar tətbiq etməklə həm gəmiricilərin, həm də drozofillərin ömrünü uzatmağa nail olublar. Tədqiqatçılar güman edirlər ki, qəbul edilən qidanın miqdarı və ömrün uzunluğu arasında qarşılıqlı əks əlaqə bütün orqanizmlər üçün eynidir və bu mənada insan da istisna deyildir.

Müasir cəmiyyətdə insanların qəbul etdiyi qidanın çoxunun qeyri-təbii və gərəksiz olmasını nəzərə alsaq, yeməyin miqdarının 40 faiz azaldılması o qədər də qorxulu deyildir. Alimlər çoxdan bildirirlər ki, orta statistik şəhər sakininin həyat tərzi yetərincə mütəhərrik olmadığından, onun prinsip etibarilə yalnız adət üzrə qəbul etdiyi yeməyin tərkibindəki kalorilərə ehtiyac yoxdur.

Britaniyalı genetik alim Frensis Eşkroft bildirir ki, hər bir insan həftədə heç olmasa bir gün ac qalmalıdır. Lakin bircə günlük də olsa, aclıq keçirməyi qərara almazdan əvvəl, hökmən həkimlə məsləhətləşmək lazımdır. Əgər həkim bunun üçün əks göstərici aşkar etməzsə, həftədə bir gün ac qalmaq hesabına həm ömrü uzatmaq, həm də daha sağlam olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə