Naxçıvan Doğum Mərkəzinə yeni tibbi avadanlıq təqdim olunub

Bu gün “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə yeni exokardioqrafiya avadanlığı təqdim olunub. Məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. İnsan sağlamlığına göstərilən qayğının nəticəsidir ki, muxtar respublikanın bütün bölgələrində yeni tibb müəssisələri istifadəyə verilir, onlar ən müasir tibbi avadanlıqlarla təmin olunur. Bu gün “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni tibbi avadanlığın verilməsi isə uşaq sağlamlığına öz töhfəsini verəcək.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, səhiyyə muxtar respublikada daim diqqət mərkəzində olan sahələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərdiyi böyük qayğının nəticəsidir ki, hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Səhiyyə daim inkişaf edən sahə olduğundan tibbi avadanlıqlar da davamlı olaraq yenilənir və təkmilləşdirilir. Doğum Mərkəzinə təqdim olunan yeni exokardioqrafiya aparatı tibbi xidmətin keyfiyyətini daha da yüksəldəcək.

Sonra yeni exokardioqrafiya aparatına baxış olub.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-kardioloqu Elnurə Bağırova məlumat verib ki, Hollandiya istehsalı olan “PHİLLİPS” markalı yeni exokardioqrafiya aparatı hamilə qadınlarda və yenidoğulmuşlarda anadangəlmə və sonradan qazanılmış ürək qüsurlarının aşkar olunmasında istifadə edilir. Eyni zamanda, hamiləlik zamanı ana bətnində döldə olan ürək qüsurlarının ritm pozğunluqlarını aşkar edir. Bu da uşaq sağlamlığının qorunmasında müstəsna əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə