Paytaxt məktəbliləri beynəlxalq konfransda iştirak ediblər

Paytaxt məktəbliləri 20-22 aprel 2019-cu il tarixində Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et” VI Ümumrusiya elmi–innovasiya konfransında uğurla iştirak ediblər. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Leyla Məmmədzadə və 16 nömrəli Texniki-Humanitar Liseyin IX sinif şagirdi Əli Bağırov konfransda “Riyaziyyat və informatika” seksiyası üzrə “Ortalaşmış ölçmələr əsasında siniflərin sərhədlərinin təyini” adlı layihə ilə ölkəmizi təmsil edib və III dərəcəli diploma layiq görülüblər.

Qeyd edək ki, konfransda Rusiyanın 71 regionundan və MDB ölkələrindən 2000-dən çox məktəbli iştirak edib. Final mərhələsində 450 məktəbli 21 seksiya üzrə müxtəlif elmi layihələrlə qalibiyyət uğrunda mübarizə aparıb.

Konfrans Sankt-Peterburq Təhsil Komitəsi, Sankt-Peterburq Dövlət Aqrar Universiteti, Sankt-Peterburq Dövlət Texnoloji Universiteti və Elm və təhsilin İnkişaf Fondunun dəstəyi ilə hayata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə