Fevralın 19-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzinin direktoru Pustovitov Qriqoriy Borisoviçlə görüşüb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi (CARICC) ilə Azərbaycan Gömrük Xidməti arasında uzunmüddətli səmərəli əlaqələr qurulduğunu diqqətə çatdırıb.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının transmilli qanunsuz dövriyyəsi ilə əlaqədar mübarizənin əlaqələndirilməsi, səlahiyyətli milli orqanlar arasında məlumat mübadilə sisteminin aparılması və müasir tələblərə uyğun təşkilinin əhəmiyyətini qeyd edən DGK sədrinin müavini yeni psixoaktiv maddələrin qanunsuz dövriyyəsinin qanunvericilik səviyyəsində tənzimlənməsinin unifikasiyası və narkotiklərlə mübarizənin digər sahələrində qarşılıqlı işgüzar münasibətlərin ümumi işə faydasını vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Mərkəzi Asiya Regional İnformasiya Əlqaələndirmə Mərkəzinin direktoru Qriqoriy Pustovitov CARICC ilə Azərbaycan Gömrük Xidməti arasında bütün sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib və təmsil etdiyi qurumun transmilli qanunsuz narkotiklərin dövriyyəsi ilə mübarizə sahəsində gömrük əməkdaşlarının potensialının gücləndirilməsi istiqamətində bundan sonra da öz dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb. Mərkəzin direktoru CARICC çərçivəsində həyata keçirilən işlər, yeni üzvlər barədə məlumat verib.

Komitə sədrinin müavini Şahin Bağırov CARICC sıralarına yeni üzvlərin qoşulmasını təşkilatın coğrafiyasının genişlənməsi ilə yanaşı, regional səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə baxımından əməliyyat potensialının gücləndirilməsinə də mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə