20 may – Beynəlxalq Arılar Günü elan olunacaq

BMT-nin Baş Assambleyasının İkinci Komitəsinin nümayəndələri mayın 20-sinin Ümumdünya Arılar Günü elan olunmasını qərara alıblar. BMT-nin Xəbərlər Mərkəzinin məlumatına görə, bu günün təsis edilməsindən məqsəd bal arılarının nəslinin kəsilməsi probleminə diqqəti cəlb etmək, onların əhəmiyyəti barədə, həmçinin onları necə qorumaq barədə əhalini məlumatlandırmaqdır.

Bu yaxınlarda BMT-nin Ətraf Mühitlə bağlı Proqramında arıların nəslinin kəsilməsi barədə həyəcan təbili vurulmuşdu. Proqramın ekspertləri xəbərdarlıq edirlər ki, bitkilərin çiçəklərini tozlandıran bu arı ailələrinin azalması ərzaq təchizatı sahəsində qlobal vəziyyətə təhlükə yarada bilər.

Arı ailələrinin azalması Avropada hələ 1960-cı illərdə müşahidə edilib. Lakin 1998-ci ildən başlayaraq bu azalma gözəçarpan dərəcədə sürətlənib. Belçika, Fransa, Almaniya, İtaliya, Niderland və Böyük Britaniyada bu fenomen daha çox müşahidə olunub.

Ekspertlər qeyd edirlər ki, arıların nəslinin kəsilməsi təhlükəsi bir çox amillərlə, o cümlədən qlobal istiləşmə və pestisidlərdən normadan artıq istifadə edilməsi ilə bağlıdır. Arılar Gününün təsis edilməsi barədə qətnamə İkinci Komitənin üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə