Viza prosedurlarının sadələşdirilməsi üçün təkliflər hazırlanacaq

“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin saytında yer alan məlumata görə, iclasda nazirliyin əməkdaşları ilə yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Dəniz Administrasiyası, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının fevralın 20-də imzaladığı Sərəncamdan irəli gələn məsələlərin icra vəziyyəti müzakirə edilib. Viza rejimi tətbiq olunmayan, ölkənin giriş məntəqələrində viza rəsmiləşdirilməsi mümkün olan və “ASAN viza” sistemi vasitəsilə rəsmiləşən ölkələrin siyahısının genişləndirilməsi və viza prosedurlarının sadələşdirilməsi siyasətinin davam etdirməsi istiqamətdə təkliflər, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən sərhəd buraxılış məntəqələrində aparılan müşahidələrə dair hazırladığı hesabatda əks edilmiş rəy və təkliflər və bir sıra mühüm məsələlər işçi qrupun müzakirəsinə təqdim edilib və dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilib.

İclasda İşçi Qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılması, “ASAN viza” sistemi vasitəsilə viza verilən ölkələrin siyahısının genişləndirilməsi, həmçinin viza prosedurlarının sadələşdirilməsi siyasətinin davam etdirməsi istiqamətdə təkliflərin hazırlanması və digər məsələlərə dair qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə