Xalq teatrları və dram dərnəkləri: yeni formatlar axtarışında FOTOLAR

Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinə yeni yanaşma” mövzusunda seminar həyata keçirilib.

SİA-nın məlumatına görə, seminarın məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsi, xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatların axtarılıb tapılmasıdır.

Gəncə, Bərdə, Kürdəmir, Ağdaş Regional Mədəniyyət İdarələrinin nəzdindəki Mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş tədbirdə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Yevlax rayon üzrə nümayəndəsi Rafiq Məmmədov, Mərkəzin əməkdaşları Elnarə Hacıyeva, Hikmət Nəbili və digərləri çıxış etmişlər. Tədbir çərçivəsində Mərkəz tərəfindən hazırlanmış ssenari əsasında Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq teatrının aktyorları Elnurə Babayeva, Rüfət Quliyev və Qədir Abbasov yeni formatda interaktiv səhnəsiz tamaşa nümayiş ediblər.

A.Usubəliyev yüksək texnologiyalar zamanında ənənəvi teatrı ancaq müasir üsulların, müasir yanaşmasının yaşadacağını vurğulanıb.

Seminarda qeyd olunub ki, xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, məşhur aktyorların yetişməsi üçün vacib rol oynayır. Bu onun göstəricisidir ki, xalq teatrı gənclər üçün çox lazımlıdır. İstər gənc istedadların üzə çıxarılması, istər əhalinin mədəni istirahətinin təşkili, istərsə də maarifçilik işlərinin həyata keçirilməsində. Ona görə də xalq teatrlarının təbliğat maşını yaxşı işləməli, yeni formatlı, eksperimental tamaşalar qurulmalı, gənc istedadlı və cəsarətli rejissorlardan istifadə edilməlidir.

Sonda mövzu ətrafında geniş diskussiya aparıldı və xalq teatrının üzvlərinə sertifikat təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə