Erməni hökuməti inflyasiyanın qarşısını ala bilmir

…Beləliklə, bu ilin sonuna bir ay qalmış Ermənistanın Statistika Komitəsi cari ilin yanvar-noyabr ayları üçün istehlak qiymətləri indeksi ilə bağlı məlumatları dərc edib. Təbii ki, təqdim olunan rəqəmlər elə də ürəkaşan deyil. Bəlkə elə buna görə də ölkədəki inflyasiyaya cavabdeh olan mərkəzi bank sədri Martin Qalstyan bu istiqamətdəki gücsüzlüyünü etiraf etmiş olub.

Burada bilirsiniz ən maraqlısı nədir... ermənilərin israrla “məxməri inqilabın” Erməistana, daha doğrusu erməni iqtisadiyyatına vurduğu zərəri bəyan etmələri. Sən demə, bütün bunların əsas günahkarı Nikol Paşinyan və onunla Ermənistana “göndərilən məxməri inqilabmış”.

Bəzi ermənilərə görə isə, burada söhbət müharibədən və onun nəticələrindən getmir. Burada söhbət “məxməri inqilabın” Ermənistanın, onun kasıb xalqının başına gətirdiyi bəlalardan gedir.

Yaxşı, gəlin diqqət çəkərək görək, nədir bu bəlalar. Məsələn, o vaxt hakimiyyəti ələ keçirən Paşinyanın “inqilabi” təşəbbüslərindən biri hökumət strukturunda islahatlar olmişdu. Belə ki, o bir çox yararsız nazırlikləri qoyub, Ermənistanın gül kimi Kənd Təsərrüfatı Nazirliyi ləğv edib. İndi budur, Nikolun o vaxtkı naşı fəaliyyətinin acısını bu gün kasıb ermənilər çəkirlər.

İnanmırsınızsa, bunu faktlarla da göstərə bilərik. Məsələn, ölkənin Statistika Komitəsinin bu yaxınlarda dərc etdiyi statistik məlumatlar Ermənistanda təkcə kənd təsərrüfatının enişini göstərən meyar ola bilər.

Belə ki, əgər “məxməri inqilab” başlayana, yəni 2017-ci ilə qədər əsas kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 353,4 min hektar idisə, 2020-ci ildə bu ərazilər 222,7 min hektara qədər azalıb. Bu azalma faizlə 38 faiz edir ki, bu da Ermənistan kimi cılız bir dövlət üçün böyük rəqəmdir. Elə məhz bunun nəticəsidir ki, bu ərəfədə buğdanın ümumi məhsulu 176 min tondan 132 min tona, kartof 547 min tondan 437 min tona, tərəvəz 861 min tondan 692 min tona düşüb və...ermənilər üçün problem budur ki, günü bu gün də düşməkdə davam edir.

Qeyd edək ki, bu arada Ermənistanda inflyasiyanın 9,6 faizi keçdiyi və artıq təhlükəli ikirəqəmli işarəyə yaxınlaşdığı etiraf edilməkdədir.

Erməni iqtisadçıları son ay ərzində ölkədə qiymətlərin daha 1,7 faiz artdığını etiraf eməli olublar.

Yeri gəlmişkən, onu da bildirək ki, burada ən diqqətçəkən məqam ölkədəki qiymət artımının hökumət üçün çox sərfəli olduğunu bəzi erməni səlahiyyətlilərinin etiraf etmələridir.

Belə ki, erməni saytlarının da yazdığına görə, ötən gün Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bu il büdcəyə vergi daxilolmaları üzrə planın yerinə yetiriləcəyini fəxrlə bəyan edib.

Təbii ki, o, erməni hökumətinin qazanacağı bu uğurda ölkədəki yüksək inflyasiyanın rolu və əhəmiyyəti barədə bir kəlmə də danışmayıb.

... Bəli, yüksək inflyasiyanın qeydə alındığı əksər ölkələrin hökumətləri bundan dövlət xəzinəsini doldurmaq üçün istifadə edir və çox vaxt bunu öz nailiyyətləri kimi də qələmə verirlər.

Amma bəzi ölkələr, Ermənistandan fərqli olaraq, belə çətin anlarda əhaliyə dəstəyini də əsirgəmir. Qeyd edilməlidir ki, erməni etirafına görə, onları belə bir dəstək gözləmələri əbəsdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə