Onlar bizim hər zaman qəlbimizdədir - QAZİLƏR DANIŞDI - SORĞU

Sentyabrın 24-də Vətən müharibəsi qazilərinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib. Azərbaycan Velosiped Federasiyasının (AVF) Anım Günü (27 Sentyabr) ilə bağlı təşkil etdiyi veloyürüşə 30 nəfərdən çox qazi, AVF-nin nümayəndələri və milli komandanın üzvləri qatılıb. Mövzu ilə əlaqədar olaraq SİA yürüşdə iştirak edən Vətən müharibəsi iştirakçılarının fikirlərini öyrənmək məqsədi ilə onlar arasında sorğu keçirib.

Vətən müharibəsi iştirakçısı Orxan Xıdırov: “Bu gün Azərbaycan Velosiped Federasiyası biz qazilər üçün çox maraqlı tədbir təşkil edib. Müharibədə iştirak edən bir sıra qardaşlarımız var ki, müharibə onlarda bir sıra psxioloji problemlər yaradıb. Lakin onlar da bu gün bizlərlə birgə velosiped sürdülər. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi və onların bu cür tədbirdə iştirakı onlara çox kömək olur. Azərbaycan Velospied Federasiyasına bizim üçün belə şərait yaratdıqlarına görə öz təşəkkürümü bildirirəm”.

Vətən müharibəsi iştirakçısı Nurlan Cəfərov: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı arzulayıram. Biz qazilərə bu cür motivasiya olduqları üçün Azərbaycan Velosiped Federasiyasına minnətdarlığımızı bildiririk. Belə tədbirlər qazilərimizə olan diqqətin göstəricisidir. Tədbirdə əziyyəti və əməyi olan hər bir kəsə təşəkkürümü bildirirəm. Allah Azərbaycanımızı qorusun. Qarabağ Azərbaycandır. Biz Ali Baş Komandanımızın əmrini hər saniyə gözləyirik”.

"Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri Amid Həsənquliyev: “Biz bu gün çox gözəl tədbirdə iştirak etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tədbiri təşkil edən Azərbaycan Velosiped Federasiyasına təşəkkür edirəm. Bu gün tədbirdə 30-a yaxın vətən müharibəsində iştirak edən qəhrəmanlarımızda bizimlə birgə idi. Belə tədbirlərin ölkəmizdə təşkil olunması çox qürurverici bir hissdir. Biz hər zaman şəhid ailələrinin və qazilərimizin yanındayıq. Onlar bizim hər zaman qəlbimizdədir. Ümid edirəm ki, gələcəkdə qazilərimiz də müxtəlif idman növləri ilə məşğul olaraq bizi paraolimpiyadalarda təmsil edərlər”.

Vətən müharibəsi iştirakçısı Bəhlul Əliyev: “Bu gün burada iştirak edən hər bir iştirakçı Vətən müharibəsi iştirakçısıdır. Bugünkü tədbirimiz şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Onların ailələri bizim əmanətimizdir. Vətən müharibəsi iştirakçılarını bu cür diqqətdə saxlamaq təqdirəlayiq bir hərəkətdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə