Valideynlərimizin münasibəti bizim də gələcək seçimlərimizə təsir edir. Ana və xüsusilə birinci qızı arasında ciddi psixoloji münasibət var. Tez-tez analarının taleyini yaşayan birinci qızları onlara çox bənzəyirlər.
Bu ifadə xüsusilə Cənub-Şərqi Anadolu bölgəsində hər qadının qulağında cingildəyir. O, nəsildən-nəslə məkrli şəkildə bizim şüuraltımıza ötürülür. Qızlar analarının taleyini yaşayırlar? “Mən heç vaxt anam kimi olmayacağam” deyənlərin hamısı öz anasının başqa variantına düşmürmü? Bəs niyə? Anamızın həyatı bizim həyatımızı manipulyasiya edirmi?
Dünyadakı ən güclü şəxsiyyətlərarası emosional bağ ana ilə qız arasındakı bağdır. Bu bağ hələ ana bətnində ikən formalaşmağa başlayır və sonsuz bir bağlılıqla davam edir. Qız anasının bir çox xasiyyət xüsusiyyətlərini - xromosomlarla miras alır. "Anasına bax, qızını al" sözü də buradan qaynaqlanır.
Xüsusilə ana ilə ilk qızı arasındakı emosional bağ olur. İlk analığı da onunla yaşamış, bu yad hissi onunla içimizə salmış, yaxşı-pis günləri birlikdə yaşamış, birlikdə böyümüşlər.
Dünyaya gözümüzü açdığımız ilk gündən valideynlərimizi görür, onları örnək götürürük. Biz onların əməllərini qəbul edirik, öyrənib həyatımızda tətbiq edirik.
Bizim taleyimiz əslində doğulduğumuz evlərdə yazılıb. Yenə o evlərdə yaralanırıq, o yaralarla böyüyürük və sonda o yaraların bizi apardığı yerə gedirik.
Məsələn, ana və atasının ən xırda şeylərdən belə dava saldığı ailə quruluşunda böyüyən qızın yetkin həyatında əri ilə ən xırda şeylər üçün dalaşdığını müşahidə etmək olar. Öyrəndiyi münasibətin belə olması onun həyat yoldaşı seçimində və evliliyini davam etdirməsində bir faktordur. Bu tip münasibətlər zərərli olsa da, insanın ailə quruluşunda fərqinə varmadan qəbul etdiyi, yəni şüuraltında qərarlaşan inancların nəticəsidir.
Anaların evliliyi pis olubsa, bu vəziyyət qızlarına da yansıyır, onlar bu tip münasibətləri öyrənirlər. Onların da eyni bədbəxtlikləri yaşaması ehtimalı var. Ananın çox uğurlu bir evliliyi və ailəsi varsa, qızının da bənzər bir həyata davam edəcəyini söyləyə bilərik.
Bu tilsimi qırmağın yolu bu problemi dərk etmək və lazım gələrsə peşəkar dəstək almaqdır.
Şüuraltında mövcud olan stereotipik psixoloji sxemləri saxlamaq üçün müqavimət göstərməsi və valideynlərinin münasibətinə bənzər bir münasibətdə olması qaçınılmazdır. Bu, əlbəttə ki, təkcə qızlara deyil, oğlanlara da aiddir. Burada onu da müşahidə edə bilərik ki, pis ana və zalım atanın oğlu da yetkin həyatında da belə qadınlarla yaxın münasibət qurur.
SİA araşdırma mövzusu ilə bağlı psixoloqların fikirlərini öyrənib.
Psixoloq Nərgiz Hüseynzadə: "Anamızın taleyi bizim cehizimizdir. Bu bəzi atalar sözlərində doğrudan da psixoloji məqamlar var. Onlardan biri də bu sözdür. Psixologiyada belə bir termin var: həyat ssenariləri. Bəs, bu nə ilə əlaqəlidir? Uşaq 0-dan 6 yaşa qədər nəyi görürsə, beyninə, şüuraltına yığır və sonra onu təkrar edir. Buna həyat istinaları deyirlər. Əgər uşaq doğulanda ailədə ananı əzilən qurban obrazında, atanı isə despot, tiran döyən, təhqir edən bir obrazda görürsə, onun beynində bu informasiyalar yazılır. Bu uşağın gələcəkdə eyni atası tipdə, atası obrazında bir insana rast gəlmək ehtimalı da yüksəkdir. Əlbəttə ola bilsin ki, o görünüşcə atasına oxşamasın, amma bəzi keyfiyyətlər şüuraltında oturub qalıb.
Bəzən terapiyalarda məsələn, əgər qadın qurban obrazındadırsa, təhqir edilirsə, döyülürsə biz soruşuruq ki, uşaqlığınız necə keçib? Çox zaman uşaqlıqda da eyni halı yaşadığı ortaya çıxır və çox maraqlıdır ki, bəzən ata, bəzən isə evdə qardaş da bu rolu oynaya bilər. Misal üçün belə bir pasient vardı ki, atada heç bir problem yox idi. Əslində, ata arxada duran idi. Amma evdə qardaş həmin o despot rolunu oynamışdı və xanımın həyat yoldaşı da eyni despot obrazında gəlib həyatına çıxmışdı".
Cərrah mama-ginekoloq Ləman Əliyeva: "Düşünürəm ki, bu məsələnin tibbi açıqlaması yoxdur. Bu, el arasında deyilən bir sözdür. Tibbi cəhətdən heç bir bağlılığı yoxdur".
Psixoloq Zeynəb Eyyubova: "Belə bir deyim var ki, "Doğulduğun ev qədərindir". Yəni, bizim qədərimizi doğulduğumuz evlər yazır. Əvvəl qələmi analarımız əlinə alıb yazır və biz onu yaşayırıq.
Qızlar da iki cür olur. Birincisi "Mən anam kimi olmayacam", "Anamın səhvlərini etməyəcəm", "Anamın dözdüklərinə dözməyəcəm" deyir, digəri isə "Anama oxşamayacam" deyərək eyni həyatı başqa bir rolda yaşayır.
Amma insan taleyini dəyişə bilər. Əgər bizə bu cehiz verilibsə, biz bu cehizdən imtina edib özümüzə yeni xoşbəxt həyat seçə bilərik. Xoşbəxtlik bir seçimdir. Biz, ya xoşbəxt olmağı seçəcəyik, ya da uşaqlıq travmalarımızda qalacağıq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə