Vəziyyət elə gətirir ki, tez-tez özünə bu sualı verməli olursan: görəsən bura eyni şəhərdimi? Soruşarsınız ki, bu nə sualdır sən öz-özünə verirsən belə? Necə yəni bura eyni şəhərdir? Nə demək istəyirsən ki, bununla?

Bu elə bir məsələdir ki, yalnız başına gələn məni anlayar. Sözsüz, aramızda olanlar var ki, onlar da mənim fikrimdədirlər və əminəm ki, tez-tez özlərinə sual verirlər: bura eyni şəhərdimi?

İndi mən açıqlayan kimi bəlkə də yüzlərlə adam mənim fikrimə şərik olacaq. Belə isə açıqlayım, siz də görün, mən haqlıyam, ya yox. Məsələn, işdən evə qayıdanda yolunun üstündəki bir marketə girirsən, evə lazım olan ərzaqlardan almaq istəyirsən. Götürürsən səbəti, yığırsan, kassaya yaxınlaşıb pulunu ödəyib gedirsən. Evdə götür-qoy edirsən ki, necə oldu ki, mən bu qədər pul xərclədim? Nə aldım ki?

Birinci, qiymətlər hər gün yox, hər saat artır, bu, məsələnin bir tərəfi. İkincisi, kassa çıxarışına göz gəzdirəndə görürsən ki, sən şəkər tozunu bu gün 1 manat 90 qəpiyə almısan. Düşünürsən ki, İlahi, bəs şəkər tozunun qiyməti təzəcə qalxıb 1 manat 50 qəpik olmamışdı, nə tez yenidən qalxdı? Deməli, bir araşdırma aparmalısan. Səhəri gün işə gedəndə başqa bir marketə də girirsən, baxırsan ki, yox, sən dünən baha qiymətə almısan, burada şəkər tozunun bir kiloqramı 1 manat 50 qəpikdir.

Tək şəkər tozundan söhbət getmir ha... Birdən düşünərsiniz ki, tək onun qiymətində fərq var. Xeyr, istənilən ərzaq məhsulunu almaq üçün özünüzə əziyyət verib bir neçə marketə girin, dediklərimi təsdiqləyəcəksiniz. Çünki market və mağazaların hər birində qiymətlər fərqlidir. İstər günəbaxan, istər kərə yağları, pendirlər, qatıq, makaron, vermişel, istərsə də yuyucu, təmizləyici vasitələr, şampunlar, sabunlar və sair, hamısı bir-birinə yaxın və bir-birinə uzaq mağazalarda fərqli qiymətlərlə təklif olunur.

Maraqlıdır, deyilmi? Adam istər-istəməz bir anlığa necə deyərlər, başını itirir, çıxara bilmir ki, mən haradayam. Dünəndəmi bu şəhərdə idim, bu gündəmi bu şəhərdəyəm.

Söhbət həm də tək ərzaq məhsullarından getmir, eyni zamanda meyvə-tərəvəzdən də gedir ki, onların qiymətləri ayrı-ayrı yerlərdə daha fərqli, bu fərq isə daha dözülməzdir. Məsələn, şəhərimizin bir yerində eyni rayonun, eyni növ pomidorunun bir kiloqramının qiyməti 70, başqa bir yerində 80, daha başqa bir yerində 1 manat, 2 manat, 2 manat 50 qəpik və sairdir. Göyərti şəhərin bir başında 10 qəpik, digər başında 20-30 qəpikdir. Bunun kimi kartof, soğan, xiyar, qarpız, hər növ meyvə də eynidir. Hələ şəhərimizin o başını, bu başını bir kənara qoyaq, yanaşı mağazalarda qiymət fərqləri adama daha çox təsir edir.

Düşünürsən ki, bu eyni şəhərdə müxtəlif qiymətləri kim qoyur bu ərzaq və meyvə-tərəvəz məhsullarına? Mən soruşdum meyvə-tərəvəz satanlardan ki, nə üçün bax o mağaza ilə sizin aranızda qiymətlərdə kəskin fərq var. Cavab qısa və konkret oldu: nə qədər nəqliyyat xərci çəkirik.

Yəqin adam bu cavabla düşündü ki, məsələyə aydınlıq gətirdi. Mənim də susmağımı görüb lap düşündü ki, cavabını belə alarsan bax. Lakin mən ona görə susurdum ki, artıq sözün bitdiyi yerdə idim... O isə bunu gec anlayardı. Çünki başı camaata baha qiymətə meyvə-tərəvəz sırımağa qarışmışdı.

Yenə də çox maraqlıdır, görəsən ölkəmizdə market və mağazalarda insanlara təklif olunan ərzaq və meyvə-tərəvəz məhsullarının qiymətinə nəzarət edən bir qurum varmı? Məncə var, ancaq nə üçün nəzarət etmirlər, buna cavab axtarıram. Ümidvaram ki, siz də mənimlə razılaşarsınız ki, biz bu suala cavab tapanda eyni şəhərdə yaşadığımızı da hiss edəcəyik. Yox, əgər bu sualın cavabı hələ ki, yoxdursa, onda uzun müddət buranın eyni şəhər olduğu şübhəsi ilə yaşamağa davam edəcəyik...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə