Narkomaniyanın qarşısını necə almalıyıq? - ARAŞDIRMA

Təkmilləşdirilmiş tədqiqatlar və dəqiq məlumatlar göstərir ki, narkotik vasitələrdən istifadənin sağlamlığa mənfi təsirləri əvvəllər düşünüldüyündən daha ciddi və geniş yayılmışdır. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin dərc etdiyi son Ümumdünya Narkotik Hesabatına əsasən, dünyada təxminən 35 milyon insan narkotik istifadəsi pozğunluğundan əziyyət çəkir və müalicəyə ehtiyac duyur.

Hesablamalar, dünyanın ən çox əhalisi olan on ölkəsi sırasında yer alan Hindistan və Nigeriyada narkotik istifadəsi ilə bağlı yeni sorğuların daha dəqiq məlumatlarının nəticəsi olaraq əvvəlki illərdən daha yüksəkdir. İstifadəçilərinin sayı əvvəlki təxminlərdən 56 faiz artaraq 53 milyon nəfər təşkil edir.

Builki Ümumdünya Narkotik Hesabatı məlumatları kompleks qlobal narkotik problemini göstərir ki, balanslaşdırılmış və inteqrasiya olunmuş sağlamlıq və cinayət mühakiməsi reaksiyasını təmin etmək üçün daha geniş beynəlxalq əməkdaşlığa ehtiyacı duyulur.

Dünya üzrə qeyri-qanuni kokain istehsalı rekord həddə çatıb ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur. Eyni zamanda, ələ keçirilən kokainin qlobal miqdarı 13 faiz artaraq 1275 tona çatıb ki, bu da rekord göstəricidir.

Qarşısının alınması və müalicəsi dünyanın bir çox yerlərində uğursuz olmaqda davam edir, narkotik istifadəsi pozğunluğu olan hər yeddi nəfərdən yalnız biri hər il müalicə alır.
Bu xüsusilə həbsxanalardakı vəziyyətə aiddir. Bu ilki hesabat narkotik maddələrdən istifadənin və onun məhbusların sağlamlığına mənfi təsirlərinin dərin təhlilini təqdim edir.

Bəs ölkəmizdə vəziyyət necədir?

2019-cu ildə Azərbaycanda 2 min 831, 2020-ci ildə 2 min 723 şəxsə narkomaniya diaqnozu qoyulmuşdu. Ötən il belə şəxslərin sayı 5 min 964 nəfər olub. Bu, öncəki illərlə müqayisədə ikiqat artım deməkdir. Hazırda Azərbaycan xəstəxanalarında 35 min 232 narkomaniya xəstəsi qeydiyyatdadır.

Narkotik və psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları hallarında da kəskin artım qeydə alınıb. Əgər 2021-ci ildə 568 belə hal qeydə alınmışdısa, ötən il həmin göstərici 5 dəfə artaraq 2 min 418 olub.

2021-ci ildə narkotiklə bağlı cinayət sayında da ciddi artım baş verib. Qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsinə, daşınmasına, saxlanmasına və satılmasına görə baş verən cinayətlər bir il içərisində 4 min 832-dən 8 min 42-ə yüksəlib. Bu, bir il ərzində iki dəfəyə yaxın artım deməkdir.

Dünya Xalqları Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Yazıçılar İttifaqının üzvü, həkim- narkoloq Asif Kəngərli SİA-ya açıqlamasında bildirir. Hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev narkomanların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərəncam imzalamış və böyük bir komissiya təşkil etmişdir. O sərəncamdan bir çox adam xəbərsizdir və ya danışmaq istəmir. Sərəncamda göstərilir ki, bütün güc nazirlikləri və qeyri-güc nazirlikləri tədbirlər görsünlər. Mən qeyri-güc nazirliklərinə - təhsil, səhiyyə, tibbi, mədəniyyət və Gənclər və İdman Nazirliyini nəzərdə tuturam ki, bunlar içərsində daha çox kim daha məsuliyyət daşımalıdır, səy göstərməlidir?

Təbii ki, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi. Heydər Əliyev sərəncamında deyilir: Təhsil Nazirliyinə tapşırılsın ki, narkomaniya, alkoqolizm mövzusunda olan əsərləri orta məktəblərin tədris proqramlarına salınsın və tədris edilsin. Həmçinin, Mədəniyyət Nazirliyinə tapşırılsın ki, tabakamaniya, alkoqolizm və narkomaniya mövzusunda kitablar çap edilsin, teatr səhnələri rol oynasın və filmlər çəkilsin. Təəssüf ki, bunlardan heç birini edən olmadı. Amma məsələnin aktuallığını Azərbaycan xalqı üçün vacib olduğunu nəzərə alaraq Narkomaniya mövzusu üçün "Bəla" pyesini, Tabakamaniya mövzusunda "Zəhrimar" əsərini, alkoqolizm mövzusunda da bir çox hekayələr yazılıb. Hansı ki, onlar orta məktəblərdə tədris edilməlidir. Və düşünürəm ki, bu kimi əsərlərə yiyələndikdən sonra uşaqlarda böyük reaksiya yarana bilər. Elm və Təhsil Nazirliyin hansısa iştirakçının təşkili ilə yox, nazirin tapşırığı ilə böyük bir müşavirə keçirməlidir və bu sahə ilə məşğul olan həkimləri, mütəxəssisləri orada iştirak etməlidir. Mən deyərdim ki, bu kitablar məhz Heydər Əliyevin sərəncamına cavab üçün yazılıb. Cənab prezident 2017-ci ildə qeyd etmişdir ki, mən siqaret çəkmirəm və heç kəsə də çəkməyi məsləhət görmürəm. Milli Məclis qərar qəbul etsə də, bu qərar təsirsiz qalıb. İnsanlar kitabı alıb oxuya bilməsələr də, bəla filminə baxmaqla geniş məlumat əldə edə biləcəklər. Ölkənin bütün kitabxanalarında da sadaladığım kitabları əldə edib oxumaqla zərərli vərdişlərdən qurtulmaq üçün maariflənmiş olacaqlar.

Bəs narkomaniyanın psixoloji təsirləri hansılardır?

Narkomaniya demək olar ki, istər psixoloji sağlamlığın, istər sosial mühitdə problem yarada bilir. Bu gün bizim psixoloji adlandırdığımız hər bir xəstəlik narkomaniyada da özünü göstərə bilir.
Bu sözləri SİA-ya psixoloq Fuad Əsədov deyib. Narkotiklərin təsiri ilə insanda həyəcan təşviş pozuntu da, depresiya da, sosial fobiya da, ünsiyyətsizlik də yarana bilər. Maddəyə bağlı olan psixoz adlı bir xəstəliyə də düçar ola bilər. Eyni zamanda, sosial həyatda dostlarla münasibətdə, iş həyatındakı münasibətlərdə, ailə daxilində belə çox böyük problemlərə səbəb aça bilər. Dolayısıyla narkomaniyanın toxunmadığı bir aspekt yoxdur, bir insan maddi sıxıntı yaşayırsa, onun bütün aspektləri ziyan görmüş olur. Burada önəmli olan məsələ təbii ki, insanları bundan necə uzaq tutmağınız lazımdır. Əsas məsuliyyət bütün cəmiyyətin üzərinə düşür. Birincisi, gəncləri uşaq yaşlarından narkomaniyayla bağlı məlumatlandırmaq lazımdır. Bu məlumatlandırma kiçik xarakterli yox, yəni narkotik istifadəsi ziyandır, bu, bu şəkildə zərərlidir kimi məlumat olmamalıdır. Ətraflı izah etmək lazımdır, bunun o qədər pis bir şey olduğunu anlamalıdır ki, gənclər bunun ziyanlı olduğu və özlərinə yaraşdırmadığı üçün ondan qaçsınlar. İnsan həmişə özünə yaraşdırdığı davranışları edir, yaraşdırmayanlardan uzaq qaçır. Ona görə də gənclərə elə bir düşüncə aşılanmalıdır ki, gənclər onun bir dəfə etməyi belə özlərinə yaraşdırrmasınlar. Əsas da valideynlər diqqət etməlidirlər, uşaqlara nəzarət etməlidir. Nə edir? Nə düşünür? Diqqətini yaddaşa necə ötürür? Yuxusu necədir, iştahı necədir bütün bunlara diqqət etmək lazımdır..

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin rəhbəri və Ədliyyə Nazirliyi Yanında İctimai Şuranın Sədri Səadət Bənanyarlı isə deyir ki, narkotiklərin qəbulu və alveri müxtəlif səbəblərlə bağlıdır. Müəyyən kateqoriya insanların, gənclərin, xüsusilə, bu narkotikə aludəçiliyə salmaq üçün nəzərdə tutulur. İşsizlik baxımından da bir çox insanları işsiz qoyan bir zəruri vərdişdir deyərdim. Çünki heç bir insan narkotik qəbul edən və satışı ilə məşğul olan adamla işləmək istəməz. Burada müxtəlif sahələrin adamların özünü tapması var. İşsizliyin aradan qaldırılması müəyyən peşələrin dəyişdirilməsinə ehtiyacı var.

Narkomaniyaya qarşı mübarizəni aparmaq üçün dövlət proqramları qəbul olunur, bu, artıq dördüncü Dövlət Proqramıdır ki, 2019-2024-cü illəri əhatə edir və bu proqramlar, əsasən, qanunsuz dövriyyəsi üçün qəbul edilmişdir. Narkomaniyaya qoşulanlardan işsizlikdən əlavə daha çox əsas səbəbi marağı olan adamlar var ki, narkotik satışı ilə məşğuldurlar. Ölkəmizdə pandemiya vaxtı quru sərhədlər bağlanması nəticəsində mal daşıyıcıları ki var, onların qarşısı özü özlüyündə alınıb. Qalır yükdaşıyan maşınlara da güclü nəzarəti genişləndirmək. Amma bu gün ölkə daxilində satışı ilə məşğul olanlar kifayət qədər var. Haralardasa onların alınmasını da təşkil edir. Çünki son vaxtlar narkotik qəbuledicilərin sayı artıb, hətta Daxili İşlər Nazirliyi ara-sıra reydlər keçirir, müxtəlif yerlər nəzarətə götürülür, satıcılar həbs olunur, amma buna baxmayaraq hələ də fəaliyyət göstərənlər var. Bizdə olan məlumata görə, builki yarım ildə narkotikə görə həbs olunanlar ötən illərə nisbətən çoxdur. Bu, təkcə birinci yarım ilin nəticələridir. Baxmayaraq ki, sərhədlər bağlıdır, ölkə daxilində fəaliyyətin genişlənməsi onu göstərir ki, lazımi qurumlar bu işə diqqətini daha çox yönəltməlidirlər. Son illər narkotik alverçilərin çoxalması tələbatdan irəli gəldiyini qeyd edənlər olur. Amma bu tələbatı da sırf özləri yaradırlar. Ən çox da gəncləri bu işə cəlb edirlər. Xüsusilə də, regionlarda təhsil ocaqlarına, məktəblərə yaxın yerlərdə satıcılar bu işlərlə məşğul olurlar. Əsas məsələ elə həmin alverçiləri aşkara çıxarıb məsuliyyətə cəlb etməkdir. Mübarizə aparmaq təkcə aidiyyatı strukturların üzərinə düşməməlidir, həmçinin, cəmiyyətin üzərinə düşməlidir və hər kəs öz ailəsini qorumaqla yanaşı, cəmiyyəti də qorumağa çalışmalıdır. Həmçinin də, təhsil sahəsində müəyyən siniflərdən başlayaraq uşaqları məlumatlandırmalıdırlar ki, onlar belə hadisələrlə, adamlarla rastlaşanda yox deməyə hazır olsunlar. Cinayət Məcəlləsində 234.1.1 maddə var, bu maddə istifadəçilərə qarşı tətbiq edilmiş bir maddədir və 1 ildən 2 ilə kimi cəza çəkməyə məhkumdurlar. Bu maddə ilə hazırda cəzaçəkmə müəssələrində xeyli adam vardır. Amma bir tərəfdən də görürük ki, bu, narkotik xəstəliyinə düçar olmuş adamlardır, xəstəliyə görə cəza almaq düzgün deyil, bu adamların daha çox müalicələrə ehtiyacı olur.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə