Qısqanclıq nədir? SEVGİ, YOXSA GÜVƏNSİZLİK?- PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ümumiyyətlə, insan elə uşaq ikən qısqanclığın nə hiss olduğunu öz böyüdüyü, boya-başa çatdığı ailəsində görür. Ailəsinin övladlar arasında olan münasibəti, valideynlərin bir-birinə və övlada olan münasibətində müəyyən inciklik hiss edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Gülər Məmmədova qeyd edib ki, özünə diqqətin azalmasını, yəni, “atam anamı çox istəyir, amma məni az istəyir” və s. bu kimi qısqanclıqlar artıq uşaq ikən yaranır: “Bu hiss sonra bağça yaşlarında da dostlar arasında “mənlə oyna, onunla oynama, gəl mənim oyuncağımla birlikdə oynayaq” kimi hisslər olur. Bu kimi hisslərlə böyüyən insan sevdiyi insanı sanki sahiblənmək istəyir və sahibləndiyi insanın da başqalarına baxmağına, xoş rəftar etməyinə, hətta ondan xoş söz eşitməyinə belə qısqanclıqla yanaşır. Normal həddə qısqanclıq var ki, insan öz sevdiyini bölüşmək istəmir. Elə qısqanclıq da var ki, özünə güvən əksikliyindən yaranır, qısqanclıq da var ki, bu, artıq patoloji həddə çatıb, yəni xəstəlik həddinə çatacaq bir qısqanclıqdır ki, bunun kökündə sinir sistemi problemi dayanır. İnsan əlində olan əşyasını, ümumiyyətlə, sevdiyi bir insanı heç kimlə bölüşmək istəmir, hətta onun baxışına belə qısqanır ki, “öz doğmalarına belə baxma, yalnız mənə bax” deyir. Hətta belə insanları çərçivələyib sanki zindanda saxlayan insanlar da var ki, qadınlara mütəmadi telefonla zəng edir, “haradasan, indi olduğun məkanı göstər” soruşurlar. Bəzən də telefona məkan təsbit edən proqram yerləşdirirlər ki, həmin insanın harada olduğu bilinsin”.

Psixoloq vurğulayıb ki, bu kimi izləmələr etibarsızlıqdan, inamsızlıqdan dolayı yaranır: “Qısqanclıqlar cütlüklər arasında bərpa edilmədikdə ailəlik dönəmində çox ciddi problemlərə gətirib çıxara bilir. Mütəmadi söz-söhbətlər, kiçik-kiçik konfliktlər, anlaşılmazlıqlar və bunun nəticəsində hər iki tərəfin dözülməz olub bir-birinə uyğun olmamasına və yaxud boşanmalara gətirib çıxara bilir. Təəssüf ki, qısqanclığın nə olduğunu özündə fərqinə varmayan bir çox qadın və kişilər bunu araşdırmaq istəmirlər, özlərini haqlı hesab edirlər. Yalnız bu insanın daxili intizamını pozur və özünü içəridən yıxmaqdan başqa insana heç bir fayda vermir. Özünə dəyər verən, inanan, güvənən insan qarşı tərəfi sevərək dəyərləndirməli, onun istək və arzularına dəyər verməlidir, qarşılıqlı anlaşma olmalıdır. Təbii ki, qarşı tərəf həddi aşmamaq şərti ilə sevildiyi insanı lüzumsuz, əsassız bir davranışlara görə özünə qısqandırmamalıdır. Bəzi qadınlar var ki, sanki özünü qısqandırmaq istəyir. Yoldaşı ona diqqət ayırsın deyə müəyyən bir hərəkətlərə yol verir. Yalnız həddindən artıq qısqananlar da şikayət edir ki, həyat yoldaşım məni qısqanır və yaxud əksinə, kişilər şikayət edir ki, “xanımım məni qısqanır, bu çox ifrat dərəcədədir, məni yorur, bezdirir, hətta mən belə olan halda evdən qaçıram”. Ona görə bu qırmızı xətti keçməmək şərti ilə insanlar digər insanları müəyyən qədər azad buraxmalıdırlar. Çünki insanı bu qədər idarə etmək həqiqətən də diskomfortluq verir və bu konfliktlərin sonu çox ağır bir problemlərlə nəticələnir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə