Açıq-saçıq geyinmək dəbdir yoxsa necə? - ARAŞDIRMA

Modaya uyğun geyinmək, hər zaman baxımlı və şık görünmək biz qadınlar üçün ən vacib məsələlərdən biridir. Xüsusilə, şık olmaq dünyanın ən çətin işi kimi qəbul edilə bilər. Ancaq bir az diqqətlə öz üslubunuzu yarada bilərsiniz.

ABŞ psixoloqu Cennifer Baumgartner izləyiciləri ilə bir qadının içində mövcud olan və gizli qalan ehtirasların geyindikləri paltarla ortaya çıxdığını açıqlayıb. İş yerində köynək düymələrini sonuna qədər bağlayan qadınlar, işəgötürənlərinə "qadınlığı vurğulamağın zəiflik əlaməti olduğu" mesajını verirlər. Kitabdakı başqa bir nümunə gənc və yaşlı qadınları müqayisə edir. Qısa ətəkdə çölə çıxan gənc qız insanların diqqətini çəkmək istədiyi halda, oxşar geyimdə bayıra çıxan yaşlı qadın yaşını gizlətməyə meyllidir. Baumgartner geyim və duyğu arasındakı əlaqəni belə ifadə edib: "Geydiyimiz şey daxili dünyamızda baş verən hər şeyi xarici dünyaya əks etdirən bir aynaya bənzəyir”.

ABŞ-ın Minnesota Universitetinin apardığı bir araşdırmaya görə, qadınların, xüsusən də yumurtlama zamanı dekolte geyinməsinin səbəbi kişilər üçün deyil, digər qadınları qorxutmaqdır. Türkiyəli mütəxəssislər də oxşar nəticələrə malik araşdırmaların daha əvvəl aparıldığını və bu dəyişikliyin qadınlar üçün qaçılmaz olduğunu vurğulayırlar. Qadın xəstəlikləri üzrə mütəxəssislər yumurtlama dövründə qadın orqanizmində qadın hormonu estrogeninin 150, hətta 200 dəfə artdığını və bunun qadınlıq duyğularının artmasına səbəb olduğunu bildirir. Mütəxəssilər bu dövrdə qadının özünü göstərmək istəyinin artdığını söyləyir. Onlar geyinir, bəzənir və daha qadına xas davranır.

Heyvanlar geyinib bəzəyə bilmədikləri üçün əks cinsi səslərlə heyran etməyə çalışırlar. Məsələn, Amazonlarda yaşayan qurbağalar əks cinsi heyran etmək üçün 3,5 kilometrə qədər gedən səslər çıxarır. Qadınlar isə bunu açıq-saçıq geyim vasitəsi ilə edirlər.

Məsələ ilə bağlı SİA olaraq araşdırma aparıb, psixoloq, stil məsləhətçisi və ekspetlərin fikrini öyrənib.

Psixoloq Mahuxanım Teymurova: “Geyimin sosial psixologiyası, bir şəxsin paltarının, öz davranışlarından başqa digərlərinin ona qarşı davranışlarına necə təsir etməsi ilə əlaqədardır. Gündəlik geyimlərində, sinə dekoltesi istifadə edən xanımlar, həyatlarında onları qoruyacaq güc axtarışı içində olurlar.

Əhali inkişaf etmiş dövlətlərdən nümunə alaraq açıq geyimlərə meyl edir. Bununla yanaşı geyim mağazlarında da satılan geyimlər əvvəlki illərə nisbətən daha açıq geyimlərdir. Bu da gənclərin düşüncəsində dəb olaraq formalaşır”.

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov da məsələyə öz münasibətini bildirib: “Geyim mədəniyyəti çoxşaxəli və mürəkkəb bir sivilizasiya faktorudur. Fikir versəniz, dünyanın hər yerində müxtəlif xalqlar, hətta etnik qruplar yaşadığı coğrafi əraziyə uyğun olaraq müxtəlif formada paltar və geyimlərdən istifadə edirlər. Sözsüz ki, geyimlər bir neçə yerə bölünür. Bu kişilər, qadınlar, uşaqlar, gənclər, yeniyetmələr, yaşlılar, cavanlar və ahıl adamlar eyni zamanda müxtəlif sahələrin insanları öz peşələrinə uyğun olaraq həm rəsmi formalar, polis, hərbçilər, yanğınsöndürənlər və sair, ola bilər, həm də müəyyən işarələri olan geyim nümunələrindən istifadə edirlər.

Əsasən, geyimlərin xüsusiyyəti ondan ibarətdir ki, insanın birinci növbədə sağlamlığını qorusun, ikinci növbədə ona hərəkət etməyə və yaxud hər hansı bir yerdə işləyirsə, işləməyə komfort yaratsın, üçüncü növbədə estetik bir zövq versin, dördüncü növbədə isə ətraf mühitin öldürücü şüalarından, yağışından, qarından, soyuğundan tutmuş təsirlərini minimuma endirsin.

Azərbaycanda, dünyanın hər yerində olduğu kimi lokallaşma yəni, milli etnik xüsusiyyətlərdən ibarət formaları özündə əks etdirən geyim nümunələrindən imtina hələ 20-ci əsrin əvvəllərindən etibarən başladı. Bilirsiniz ki, biz Sovetlər İttifaqının tərkibində idik və rus düşüncəsi, həyat tərzi geyimə də təsir etdi. Əslində, sovetin vaxtında yoxsulluğu aradan qaldırmaq üçün ümumi hər kəsin geyinə biləcəyi paltarlar var idi. Bu paltarlar estetik, görünüş baxımından zəif olsa da, keyfiyyət baxımından çox güclü idilər. Pambıqdan, kətandan, yun materiallardan hazırlanmış paltarlar və geyim formaları var idi. Ona görə də nə geyinirdilərsə, bu və ya digər dərəcədə Azərbaycana da təsir edirdi. Dünya dəyişəndən sonra SSRİ dağıldı və Azərbaycan sərhədlərini dünyaya açdı. Dünyada olan bütün geyim formaları Azərbaycana gəlməyə başladı. Əsasən də Azərbaycanda hal-hazırda daha çox türk və Rusiya dəbi ilə, bir qisim Avropa dəbi ilə və bir qisim də Şərq müsəlman, Ərəb və İran dəbi ilə geyinən insanlara rast gəlirik. Xanımlar və qadınlarımız əvvəllər geyimdə daha novator idilər və dünyada olan modanın böyük əksəriyyətini bizim xanımlarda görərdik. Amma, bəzən xanımlarımız ya maarifsizlikdir, ya da bilgisizlikdəndir, nədəndir bilmirəm kinolarda, televiziya verilişlərində, müxtəlif tədbirlərdə çəkilmiş reportajlarda gördüyü paltar nümunələrini o dəqiqə özündə görmək istəyirlər. Onlar da həddindən ziyadə açıq-saçıq paltarları geyinməyə meyl göstərirlər. Halbuki, dünyanın bir çox ölkələrində tutalım, yüngül əxlaqlı və yaxud yüngül düşüncəli, meşşan tipli qadınlar, qızlar daha çox açıq-saçıq paltarlara meyl edirlər ki, açıq bədən hissələri ilə kişiləri özlərinə cəlb etsinlər.

Onu da deyim ki, indi yalnız qadınlarla bağlı deyil bu problem, bu problem həm də translar, cinsi azlıqların nümayəndələri, geylər, lezbiyanlara da aiddir. Bədənini satan və bunu ar bilməyən və yaxud bundan əvvəl incəsənət xadimləri kino və şou biznes xadimləri daha çox açıq geyinirdilər. Onları başa düşmək olar. Yəni, rəqs edən, mahnı oxuyan, musiqiçi, müğənni, rəqqasə çadrada və yaxud qalın paltarda tamaşaçıların qarşısına çıxa bilməz. O məcburdur ki, ən azı bədənindəki istiliyi çıxartmaq üçün açıq geyinsin. Amma, onları kopya edən xanımlarımız, onların paltarlarının surətlərini gedib dərzilərdə sifariş verirlər və bu ümumi bir dəb halını alır. Yalnız Bakıda deyil, iri şəhərlər, hətta kəndlərdə də belə açıq-saçıq geyinib həm özünə, həm ətraf mühitə problemlər yaradan qadınlarımızın sayı durmadan artır. Xüsusən də son vaxtlar ətəyi çox qısa olan bəzən alt paltarı belə görsənən, oturanda ümumiyyətlə, bütün əzaları görsənən qızlar, gənc cavan gəlinləri, hətta orta yaşlı və yuxarı yaşlı qadınları görürük. Dar şalvarlar geyinən, üstü açıq, çoxlu kəsikləri olan paltar geyinən xanımların sayı get-gedə artır. Bu da həm ailədə, həm ətraf mühitdə, həm qohum-əqrəba arasında söz-söhbətə, konfliktə və qadın şiddətinə, ailədaxili şiddətlərə aparıb çıxarır.

Biz, çoxlu sayda qadınlarımızın bıçaqlanması, öldürülməsini görürük. Ona görə də qadınlarımız biraz ehtiyyatlı olmalıdırlar. Bizdə həm qadınlar, həm kişilər, həm oğlanlar, həm də qızlar çox böyük paltarla bağlı problemlər yaşayırlar.

Paltar yalnız ətraf mühitin yox, həm də insan daxilini və insandan gələn qoxuları gizlətmək üçündür. Bilirsiniz ki, insan orqanizmi daim işlək vəziyyətdədir və onun həm müxtəlif dəlillərində müəyyən qoxular, qazlar çıxa bilər. Bunları gizlətmək üçün ətraf mühitə yayılmaması üçün, sənin haqqında, insan haqqında mənfi rəy oyatmaması üçün paltarın bütöv olması, dəliklərin az olması çox önəmlidir. Düzdür, indi bu problem o qədər də əhəmiyyətli deyil. Çünki, bu keçmişdə daha çox idi.

Bilirsiniz ki, babalarımız, nənələrimiz aylarla çimə bilmirdilər, imkan olmurdu, xüsusən də qış aylarında və bu da onların bədənində ölü dərinin hissəciklərindən tutmuş müəyyən qoxuların gəlməsinə səbəb olurdu. Amma indi biz hər gün gündə 3 dəfə də duş qəbul edə bilirik və yaxud ayaqyolu komfortlu, tualet komfortu var deyə bu problemlər yoxdur. Amma istənilən halda yenə də biz ictimai yerlərə çıxırıq. Koronavirus hər tərəfi bürüyüb.

Geyim mədəniyyəti özündə həm gigiyenik, həm estetik, həm sosial, həm mədəni, həm də digər kulturoloji əhəmiyyət kəsb edən müəyyən işarələri birləşdirir. Tutalım, ev paltarı ilə çöl paltarı tamam fərqli olmalıdır. Çöldən gələn adam paltarlarını dəyişməlidir və evdə ev paltarını geyinməlidir. Bəzən biz həddindən artıq liberal, cins geyinmiş, şalvar geyinmiş qadınlarımızın toyda rəqs etdiyini görürük və onları kişilərdən fərqləndirə bilmirik. Yəni, bu insanlar o qədərmi savadsızdır, başa düşmürlər ki, ziyafət geyimi ilə toya getmək lazımdır, cins şalvarla yox. Ona görə də biraz belə şeylərə diqqət etməliyik.

Açıq saçıq geyimlərə gəldikdə isə bu bütün dünyada dəbdədir. Qeyd etdiyim bəzi məqamları çıxmaq şərtilə əlbəttə ki, biz açıq geyinən insanlara, xanımlara buna görə nə isə deyə bilmərik. Amma biz onları maarifləndirə bilərik. Kəskin ictimai qınaq uşaq bağçasında və yaxud məktəbdə dərs deyən müəllimə qarşı ola bilər ki, o, şagird və tələbələr qarşısında açıq-saçıq geyinməsin.

Bəzən biz baxırıq, fikirləşirik ki, katibədirsə, mütləq mini ətək geyinməlidir. Mən, universitetdə müəllim olanda o depressiv halları yaşamışam. Həddindən artıq qısa geyinmiş bir tələbə qız gəlirdi mənim kimi cavan müəllimin qarşısında ayaqları ayaqlarının üstünə qaldırıb otururdu və bu da təhsilin keyfiyyətinə mənfi təsir edirdi. Ona görə də belə şeylərdə biraz ehtiyatlı olsaq daha yaxşı olar”.

Son olaraq geyim psixoloqu və stil üzrə mütəxəssis Rena Əliyevanın da fikirlərini öyrəndik. Rena xanım deyir ki, açıq-saçıq geyim dəb demək deyil: “Bu modadan kənar insanların şəxsi seçimi ilə bağlıdır. Çünki, bir marka yeni kolleksiya çıxardıqda orada həm qapalı, həm də açıq geyimlər olur. Yəni, insanlar seçimi özü edir.

Azərbaycanda son illərdə gedən ekstra avropalaşma hökm sürür. Açıq-saçıq geyimin düzgün istifadədə ziyanı olduğunu düşünmürəm. Lakin, yalnış istifadədə ziyanı olduğunu çox görürəm.

Modada geyim əxlaqı deyilən bir anlayış var. Yəni, hər sahədə bir əxlaq norması varsa, bu modada da olur. Lakin, bu o demək deyil ki, açıq geyinən əxlaqsızdır. Geyim əxlaqı var. Geyim əxlaqı odur ki, məsələn, ətək qısadırsa, sinə qapalı olmalıdır. Yəni, tarazlıq qorunmalıdır. Bizdə ən böyük səhv balansı qorumamaqdır. Açarkən hər yeri birdən açırlar. Bu zaman da ekstra vulqar və xoşagəlməyəcək cəlbedici bir görüntü olur. Bu da insanların psixologiyasına yalnış mesaj buraxır. Qısa geyinmək pis bir şey deyil, sadəcə düzgün istifadəyə diqqət etmək lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə