Ev heyvanları bina yoxsa həyət evində saxlanılmalıdır? - NÜANSLAR - EKSPERT, PSİXOLOQ VƏ HƏKİM DANIŞDI

“Ev heyvanlarının evdə saxlanması düzgündürmü? Təbii ki, əgər insan həyət evində yaşayırsa müxtəlif ev heyvanlarını saxlaya bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, digər tərəfdən, əgər çoxmərtəbəli bir binada yaşayıb evində it, pişik saxlayırsansa, təbiidir ki, bəzən gecənin yarısında itin hürməsi hansısa uşağın və yaxud elə böyüyün də qorxmasına, dildə kəkələmələrə gətirib çıxarır: “Deyək ki, əgər yuxarı mərtəbədən pişik üzü aşağı tullanırsa və bu zaman blokun özündə üzbəüz qalan insanda birbaşa fobiya yaranır. Yaranan fobiyanın içərisində insanda artıq stress hallarının yaşaması başlayır”.

“Bəzən də görürsən ki, müəyyən yaş dövründə, deyək ki, birinci şəxsiyyət dövründə uşaqlar hətta pişiklərin quyruğundan tutub rahatlıqla gedirlər. Amma valideynlər itlə, pişiklə uşaqları qorxudurlar. Bu da istər istəməz o uşaqlarda qorxu yaradır. Bəzən də görüb artıq qışqırığa başlayırlar. Heç kim bilmir həmin fərdin hansı zamanda qorxusu yaranıb və bugün o qorxudan müxtəlif xəstəliklər belə tuta bilər. Məsələn, praktikamda belə bir hadisə olmuşdu ki, gələn uşağın dəhşətli dərəcəli pişik fobiyası var idi. Uşaq vaxtı su başında qara bir pişikdən qorxduğuna görə elə uşaqlıqdan o şəkər xəstəliyinə tutulmuşdu. Birincisi həm üfunət iyi gəlir, nə qədər təmiz saxlanılsa da pişikləri ayaqyolu üçün bayıra göndərəndə, və yaxud da qapının ağzında hər hansısa bir əski qoyanda çox qəribə bir qəbuledilməz qoxu gəlir. İkinci isə bəzi heyvanların evdə saxlanmasının düşər-düşməzi var. Əgər bir uşaq artıq gözünü açıb evdə heyvanın saxlanıldığını görübsə, heç vaxt o uşağın təfəkküründə bizə düşdü-düşmədi sualları ortaya çıxmır. Hər kəs öz baxış bucağından özü üçün ssenarilər yazır.

Psixoloji inanclar var ki, inandığımız bir şey bizim başımıza gəlir. Əgər içimizdə o inam hissi yaranıbsa, o da fərdin psixi xüsusiyyətinə və psixi temperametrinə baxır. O inanırsa artıq biz onu özü kimi qəbul edib empatiya qurmalıyıq, inanmırsa, yəni o evində heyvan saxlamaq istəyirsə biz ona qarşı da çıxa bilmərik. Amma yenə də, məsləhət bu olardı ki, ümumi bina evində yaşayan insanlar heyvan saxlamaqda özlərinə bir balaca məhdudiyyət qoysunlar. Çünki insan tək özünü düşünməməlidir. Həyət evində nə qədər ürəyi istəyir saxlasın”.

Məsələ ilə bağlı sosial ekspert Rövşən Rəsulov da öz fikirlərini qeyd edib: “Evlərdə, mənzillərdə ev heyvanlarının saxlanılması ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin həmin fikirlərin bir hissəsi ilə razı deyiləm. Məsələn, bəzi hallarda bildirirlər ki, heyvanların ev şəraitində saxlanılmasının düşər-düşməzi olur və s. Məncə, bu xurafat düşüncəsidir”

“Lakin digər tərəfdən, baxır evində, mənzilində necə və neçə heyvan saxlayırsan. Düzdür, müəyyən dərəcədə pişik, it saxlamaq olar, amma bunun da bəzi tələbləri vardır. Xüsusilə həyət evlərində itlərin saxlanılması mümkündür, bu eyni zamanda həmin evlərin qorunması funksiyasını da həyata keçirən məsələdir. Eləcə də, pişiklərin də həyət evlərində saxlanılması daha yaxşı olardı. Bunun isə səbəbi müxtəlifdir. Əgər gigiyenik tərəfdən baxarsaq, hazırda müxtəlif zoomağazalarda, baytarlıq mərkəzlərində heyvanların saxlanılması, onların təmizlikləri ilə bağlı çoxsaylı vasitələr satılır, istifadə olunur. Ancaq bu o demək deyil ki, heyvanı insan üçün mövcud olan yerlərdə saxlayasan. Evlər, mənzillər insan üçün nəzərdə tutulmuş obyektlərdir. Heyvanlar üçün isə ayrıca yerlər düzəldirlir, yuvalar qurulur. Bunun da səbəbləri var. Fakt budur ki, heyvanlara nə qədər qulluq göstərsən də, nə qədər onların gigiyenik tələblərinə riayət etsən də, onların müəyyən fəsillərdə tüklərini töküb, yenilənmə vaxtları olur. O cümlədən, onların xəstəlikləri də insanlar üçün müəyyən dərəcədə zərərli ola bilər. Nəzərə alsaq ki, evlərdə körpələr, uşaqlar da olur, bu zaman hər hansı ziyanlı fəsadların yaşanmamasına kimsə zəmanət verə bilməz”.

Rövşən Rəsulov sözlərinə belə davam edib: “Bəli, elə canlılar da var ki, onları mənzil şəraitində saxlamaq çətinlik yaratmır. Quşlar, balıqlar kimi canlılar ayrıca akkvariumlarda və qəfəslərdə saxlanılır və onların ətrafa zərərləri minimumdur. Lakin it, pişik, eləcə də xomyak,dovşan kimi gəmiricilərin mənzil şəraitində saxlanılması məncə, arzuolunan deyil. Bir daha təkrar edirəm, belə heyvanların yalnız həyətyanı sahələri olan evlərdə saxlanılması daha yaxşı olardı.

Bəzən görürük ki, heyvansevər insanlar evlərində nəinki bir, hətta iki, üç və daha çox itlər, pişiklər saxlayırlar. İnanın ki, bu onlara nə qədər xoş təsir, ovqat bağışlasa da, onlara gedən qonaqlarda narahatlıqlar yaradır. Xüsusilə, belə hallar bildiyim qədər allergik xəstəliklərə də səbəb olmaqdadır. Düzdür, floranı, faunanı sevmək lazımdır və heyvanların da canlı olduğunu düşünərsək, onlara hər zaman qayğı göstərmək inani vəzifəmizdir, amma necə deyərlər, hər şeyi öz çərçivəsində etmək lazımdır”.

Həkim infeksionist Namiq Nəbiyev isə məsələyə tibbi baxımdan münasibət bildirib: “Ev heyvanlarının bina evində saxlanılması məsləhət deyil. Çünki, dəfələrlə deyilib ki, bina evlərində bu çox çətindir və infeksiya yaradır. Əgər saxlanılırsa da, ona xüsusi qulluq lazımdır. Qulluğun əsas hissəsi ondan ibarətdir ki, vaxtında çimizdirilməli, lazımi dərman preparatları ilə dezinfeksiya edilməlidir”.

Həkim sözlərinə belə davam edib: “Ev şəraitində daha çox pişik saxlanılır. Bu da qurd xəstəliklərinin yayılmasına səbəb olur. Həmçinin, digər xəstəliklərin yaranma ehtimalı da var. O cümlədən, hava damcı infeksiyalarının keçməsi təhlükəsi də mövcuddur və allergik xəstəliklərin yaranması ehtimalı böyükdür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə