Gizir Amalın şücaəti və şəhidlik zirvəsi

Şəhidimiz - gizir Əhmədov Amal Rauf oğlunun bacısı Əhmədova Əsmər və əmisi qızı Əhmədova Esmiranın şəhidimiz haqda xatirələrindən bir hissə.

Amal 03.05.1996-cı il Rusiya federasiyasının Tver şəhərində dünyaya göz açmış, sonra ailəsi ilə vətəni Azərbaycanın Gəncə şəhərinə köçmüşlər.

Amal 10 yaşında olarkən atası rəhmətə gedir. Həmin gündən Amalın uşaq qəlbi vaxtından tez ailə qayğıları ilə yüklənir. O, ailəyə dəstək olmaq üçün yeniyetmə yaşlarına çatar-çatmaz, işləməyə başlayır. Amalın anası Mehriban xanım, hər zaman Allaha dua edərək deyərdi ki, "Bircə oğlum, ocağımın yurdçusu olsun Allahım!".

Orta məktəbi bitirdikdən sonra Amal Gəncə Texniki Kollecinə qəbul olur.

2014-cü təhsilini dondurub hərbi xidmətə yollanır.

O, Ağdamın Yusifcanlı kəndində ön cəhbədə düşmənlə üz- üzə postlarda keşik çəkir və yaxınları ona dəfələrlə özünü qorumağı, arxada olmağı tövsiyə etsələr də, Amal həmişə irəlidə olmağı seçir. Əsgərlikdə olan zaman nə qədər çətinliklərlə üzləşsə də, başına bəlalar gəlsə də , qətiyyən ruhdan düşmür, əksinə hər zaman atəşkəsin pozulması, səfərbərlik əmrini gözlədiyini söyləyir.

Hərbi hissədə Amalı manqa başçısı və qrantamyotçu kimi yetişdirən komadirləri hər zaman Amaldan razılıq edirdilər. Əsgəri xidmətini məğrurca başa vuran Amal evə qayıtdıqdan sonra yenidən təhsilini davam etdirməklə bərabər, iş axtarmağa başlayır. Amal bu dəfə əmisinin yanında işləyir.

Bacısı Əsmər böyüyüb, boya-başa çatdıqdan sonra onu nişanlayırlar. Amalın məsuliyyəti bir az da artır. O ,bacısına cehiz almalı idi.

Onun xəyalları vardı . Deyirdi ki, "Ana, bacımı yerbəyer edim, səni Türkiyəyə, gəzməyə aparacam!"...

Sentyabrın 21-i Gəncədən Qazaxa, oradan da Füzuli istiqamətinə göndərilən Amalı, cəbhədəki şücaətinə görə 20 gün ərzində gizir vəzifəsinə təyin edirlər.

Amal 13.10.2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə, yaralanaraq şəhadətə ucalır.

Bu ucalıq, bu ölməzlik onun arzusu idi. Həmişə telefonunun ekranında bayrağın əksi, dilində isə - "Bayraq mənim sevgilimdir" cümləsi vardı.

O, öz sevgilisinə qovuşdu. Onu bayrağa büküb, evimizə gətirdilər.

- Çox ağrılı olsa da, biz Amalla qürur duyuruq! Ümumiyyətlə, Vətən yolunda, onun erməni faşistlərindən təmizlənməsi yolunda şəhid olan bütün igidlərimizlə qürur duyiruq,- deyirlər Əsmər və Esmira xanımlar.

Biz də belə, Tomris qeyrətli xanımlarımızla qürur duyuruq.

Dərdləşdi: Fatimə ƏLİHÜSEYN

Bütün xəbərlər Facebook səhifəmizdə