Maria Foqt: “Azərbaycandan Almaniyaya yaşamaq üçün gələnlər azlıq təşkil edir” - MÜSAHİBƏ
Sevindirici haldır ki, indi Azərbaycandan çıxıb getmək istəyənlərin sayı getdikcə azalmaqdadır. İndi daha çox "Macəra dolu Qərb" deyib gedənlər üstünlük təşkil edir. İşini, ailəsini, doğma yerini atıb Avropaya gedənlər nələrlə qarşılaşırlar? Görəsən həqiqətən də Qərb macəra ilə doludurmu? Doludursa, kimin üçün? Gələcək yazılarımızda bu həyatın lap içərilərinə girib, ilk baxışdan görünməyən tərəflərinə nəzər salarıq. Amma öncə gəlin görünən tərəfdən yanaşaq. Məsələn, Avropa deyəndə ilk göz önünə gələn ölkə olan Almaniyaya bu gün köçüb getmək nə qədər realdır, hansı hüquqi əsaslara söykənir və bu nələrə bağlıdır? Mövzuya Azərbaycandan deyil, Almaniya tərəfdən nəzər salaq.
"Auslander Behörde" – bu söz Almaniyada yaşayan, çalışan hər bir xarici vətəndaşa çox tanışdır. Xaricilərlə iş üzrə dövlət idarəsi. Təbii ki, Almaniyada çalışan, oturum almaq istəyən, sığınacaq axtaran hər bir vətəndaşın yolu bu idarədən keçməlidir. Müsahibimizin də bu idarəni təmsil edən şəxsin olması təbiidir.
Almaniyanın Xaricilərlə iş üzrə Dövlət İdarəsinin məsul işçisi Maria Foqt mövzu ilə bağlı suallarımızı cavablandırıb.
- Xanım Foqt, deyirlər alman məmurlar çox ciddi danışıq tərzinə malik olurlar. Hər bir şeyi dönə-dönə yoxlayırlar, müraciət edənlərlə çox rəsmi və quru danışırlar. Bu həqiqətən belədir, yoxsa təkzib etmək istərdiniz?
- Bu ilk baxışdan belə görünə bilər. Alman məmurları son dərəcə mədəni ünsiyyət tərzinə malikdirlər. Sadəcə burda heç vaxt təlimatdan kənara çıxmırlar və qanunun aliliyi birinci yerdə durur. Ona görə də ünsiyyət çox rəsmi görünə bilər. Bir çox Şərq ölkələrindən gələnlər orda vərdiş elədikləri "başqa cür etmək olmazmı?" sualına müsbət cavab almayanda bunu soyuqluq, quruluq kimi qəbul edirlər. Bizim idarəyə ən müxtəlif insanlar gəlirlər. Ən müxtəlif sosial vəziyyətli, psixoloji durumlu insanlar olur, demək olar dünyanın bütün xalqlarının nümayəndələri ilə rastlaşırsan bu elə o qədər də müxtəlif mentalitet deməkdir. Amma, buna baxmayaraq biz çalışırıq ki, insanlarla onlara xoş olacaq tərzdə danışaq. Təbii ki, bu hər zaman mümkün olmur. Məsələn, dünən bir nəfər mənim yanıma gəlmişdi. Ona Rusiyada yaşayan qohumunun viza ala bilməsi üçün dəvətnamə lazım idi. Mən onun gəlirlərini əks etdirən məlumatları yoxladım, çünki qanuna görə dəvət edən şəxsin məlum məbləğdə davamlı maaşı olmalıdır. Gördüm ki, yerli qanunvericilik bu şəxsin başqa ölkənin vətəndaşını dəvət etməsinə imkan vermir. Təbii ki, ona belə də dedim. Siz özünü əvvəlcə az qala professor kimi təqdim edən həmin adamın necə dəyişdiyini görsəydiniz. Bizi az qala hər şeydə haqsız çıxaran o adam, onsuz da əvvəl aldığı cavabdan fərqli heç nə eşitmədi. Çünki qanunda hər şey aydın göstərilib və biz buna tabeyik. Əvəzində heç sağollaşmadan kobud surətdə qapını örtüb getdi. Təbii ki, mən həmin adam üçün çox rəsmiyyətçi, quru bir məmur olaraq qaldım.
- Sizin idarə nə ilə məşğuldur və vəzifələriniz nədən ibarətdir?
- Konkret olaraq mənim çalışdığım şöbə xarici vətəndaşlara burda qalmaq hüququnu özündə əks etdirən sənədlərlə məşğuldur. Çox az hallarda vizanı da uzadırıq amma, bu istisna hallarda olur. Məsələn, əgər hər hansı bir xəstə Almaniyaya müalicə olunmağa gəlibsə və onun müalicəsi vizada göstərilən müddətdən çox çəkirsə, onda həkimin təqdim etdiyi sənəd əsasında biz o adamın viza müddətini artırırıq. Amma biz əsasən artıq bura gəlmiş və bu ölkədə bu və ya digər səbəbdən uzun müddət qalan xarici vətəndaşlarla işləyirik. Onların burda qalmasına hüquq verən sənədin vaxtı uzadılır, ya da daimi yaşayış hüququ verilir. Bundan başqa, alman vətəndaşı ilə ailə quran xaricilər də bizə müraciət etməlidirlər. Ailənin birləşməsi, burda yaşayış hüququ, yaşayış üçün tələb olunan xərclər və s. məsələlərə biz nəzarət edirik.
- Almaniya hökuməti kimləri qaçqın kimi qəbul edir və onları hansı formada öz himayəsinə alır?
- Əsasən müharibə olan ölkələrin vətəndaşları qaçqın kimi qəbul edilir. Məsələn Əfqanıstan, İraq. Vaxtilə İrandan çox sayda olub. Bir müddət Çeçenistandan gələnlər üstünlük təşkil edib. Əsasən müharibə olan nöqtələrdən gələnlər qəbul edilir.
- Bəs Dağlıq Qarabağ münaqişəsi? Bu münaqişə Almaniyaya çoxmu qaçqın gətirdi?
- Hə, olurdu. Əsasən Ermənistan tərəfdən gələnlər üstünlük təşkil edirdi. Əgər onlar sübut edirdilərsə ki, siyasi cəhətdən təqib olunurlar, onda sığınacaq əldə edirdilər. Münaqişə zonasında sakitlik olandan sonra Azərbaycan tərəfdən demək olar ki, gələn olmadı, amma, Ermənistan tərəfdən bu davam etməkdədir. Onlara hələ də nə yollasa sığınacaq almaq müyəssər olur. 2004-cü ildə qəbul olunan qanundan sonra daha ciddi yoxlamağa başlanılıb. Bundan sonra gələnlərin sayı azalıb. Daha çox Əfqanıstandan gələnlərin sayı azalıb. İndi gələnlər başqa səbəblər göstərirlər. Məsələn ağır həyat tərzindən qaçıb gələnlərdir. Onlar deyirlər ki, bəs onları avtomaşına doldurub gətiriblər, pasportlarımızı itirmişik bizimlə bağlı bir tədbir görün. İstər-istəməz həmin insanlar himayəyə götürülürlər.
- Bəs yoxlama prosesi necə gedir, kimləri geri qaytarırlar?
- Bilirsiniz, Almaniyadan kimi isə geri göndərmək çox çətindir. Həmişə hər hansı bir səbəb o şəxsin burda qalmasına şərait yaradır. Bu yalnız o vaxt olur ki, həmin şəxs ağır cinayət törətmiş olsun.
- Gəlin bir az əvvələ qayıdaq. Qaçqın kimi gəlib sığınacaq almaq prosesi necədir, bu necə baş verir?
- Bu insanlar elə aeroportdaca özlərini polisə təhvil verirlər. Yəni təyyarədən düşən kimi sığınacaq istəyir. Polis onları qaçqınlarla işləyən orqanlara təhvil verir. Burada onların sənədlərini alırlar, sorğu-sual edirlər, kimdir, nəçidir, niyə gəlib və s. Sonra onları Haymda (təyinatlı düşərgələr – Ş. A.) yerləşdirilər. Onlara xüsusi sənəd verirlər və Haymda yaşayırlar. Bu insanların işləmək, oxumaq hüquqları yoxdur. Ümumiyyətlə, onların çox məhdud hüquqları var. Yalnız uşaqları məktəbə və ya məktəbəqədər müəssisələrə götürülür. Almaniyada təhsil icbaridir və uşaqlar mütləq məktəbə getməlidirlər.
- Xanım Foqt, mümkündürsə bir az da qaçqınların inteqrasiyası prosesindən danışın. Onlar qərb həyat tərzinə nə qədər alışa bilirlər?
- Bu çox ləng gedən bir proses olur. Qaçqınlar adaptasiya proqramlarında çox həvəssiz iştirak edirlər. Onlar deyirlər ki, biz bunu istəmirik, bizə sosial yardımlar olunur, yaşamaq üçün yer verilib və bu bizi qane edir. Hətta alman dilini öyrənməyə həvəs göstərmirlər. Bu da cəmiyyətdə anlaşma çətinliyi yaradır.
- Keçmiş sovet respublikalarından gələnləri necəsə fərqləndirmək olarmı?
- Mən deməzdim ki, hansısa bir fərq mövcuddur. Yalnız deyə bilərəm ki, Çeçenistandan gələn qaçqınlar daha ləng inteqrasiya olunurlar. Onlar ümumiyyətlə az hallarda buna həvəs göstərirlər.
- Alman dövlətinin himayəyə götürdüyü insanlar barədə az da olsa danışdıq. Bəs peşəkar işçilərə Almaniyada ehtiyac varmı? Başqa yerlərdən gəlib burda əmək fəaliyyəti ilə məşğul olmaq mümkündürmü?
- Hazırda Almaniya özü də işsizlik problemi ilə qarşı-qarşıyadır. Alman vətəndaşlarının özlərinin iş tapmaq problemi olduğu halda digər ölkələrin vətəndaşlarını qəbul etmək məntiqsiz görünür. Bu səbəbdən Almaniyada iş tapmaq xeyli çətindir. Yalnız xüsusi peşələrə ehtiyac duyulur və bu sahələrdə iş tapmaq mümkündür, amma, o halda da diplom problemi üzə çıxır. Almaniyada başqa ölkələrin verdiyi diplomlara elə də maraq göstərmirlər. Bundan əlavə işə götürənin olması lazımdır. O sübut eləməlidir ki, belə bir işçiyə həqiqətən ehtiyacı var və Almaniyada bu sahədə çalışanlar azlıq təşkil edir. Bundan başqa işə götürən həmin şəxsin yaşayış təminatını, tibbi sığortasını və s. öz üzərinə götürməlidir ki, bu da asan proses deyil.
- Maraqlı müsahibə üçün çox sağ olun.
Bütün xəbərlər Facebook səhifəmizdə