NATO Rusiya təyyarəsini vurmaq üçün yeni planı nəzərdən keçirir...

Bəzi ölkələr Alyansı qəti addımlar atmağa çağırır...

...Alyansın yüksək rütbəli komandiri bildirib ki, NATO Rusiya təyyarələrinin vurulmasını asanlaşdırmaq üçün şərq cinahında döyüş qaydalarını sərtləşdirə bilər.

SİA-nın məlumatına görə, “The Times” yazır ki, Baltik dənizi regionunda müşahidə artıq gücləndirilir: orada hava hücumundan müdafiə freqatı və bir neçə dəqiqləşdirilməmiş kəşfiyyat, eləcə də müşahidə sistemi yerləşdirilib.

Rusiyaya yaxın olan bəzi NATO ölkələri Alyansı daha qətiyyətli addımlar atmağa və güc tətbiqi həddini aşağı salmağa çağırır.

Son həftələrdə Rusiya pilotsuz və döyüş təyyarələri tərəfindən Polşa, Rumıniya və Estoniyanın hava məkanının dəfələrlə pozulması halları qeydə alınıb.

Bundan əlavə, Danimarka, Norveç, İsveç və Litvada hava limanları və hərbi obyektlər yaxınlığında şübhəli pilotsuz uçuş aparatlarının fəaliyyəti barədə məlumat verilib.

Latviya Prezidenti Edqars Rinkeviçs bəyan edib ki, NATO-nun Baltikyanı ölkələrdə döyüş təyyarələrinin rotasiya qaydasında yerləşdirilməsinə əsaslanan “hava polisi” missiyasını tam hüquqlu “havadan müdafiə” missiyasına çevirməyin vaxtı çatıb.

Belə bir addım təkcə bölgədə əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi demək deyil, həm də daha sərt döyüş qaydalarına keçid deməkdir.

Hazırda patrul eskadrilyalarının əsas missiyası açıq təhlükə yaratmadığı təqdirdə Rusiya təyyarələrini Alyansın hava məkanından kənarda müşayiət etməkdir.

NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone qeyd edib ki, bu, Alyans üçün “seçim”dir, lakin o, belə bir qərarın qəbul edilməsinin hələ tez olduğunu bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə