Mehriban Əliyeva: "Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir…"
"Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir". Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva TASS agentliyinə, "Rossiyskaya qazeta"ya və "Rossiya-24" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır: "Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir". Azərbaycanın Birinci vitse-prezidentinin müsahibəsi noyabrın 24-də TASS İnformasiya Agentliyinin və "Rossiyskaya qazeta"nın saytlarında yerləşdirilib. Noyabrın 25-də isə müsahibə geniş oxucu kütləsi olan rəsmi "Rossiyskaya qazeta" nəşrində dərc edilib.
"Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm"
Azərbaycan ilə Rusiya arasında mövcud olan əlaqələr ölkələrarası münasibətlərin genişlənməsinə töhfələrini verir. Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri təşkil edir. İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr, məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Əlbəttə ki, noyabrın 21-24-də Mehriban xanım Əliyevanın Rusiyada rəsmi səfərdə olması bu münasibətlərin daha bir ifadəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə və Federasiya Şurasının sədri Valentina Matviyenko görüşü bu əlaqələrin daha da möhkəm olmasına dələlət edir. Görüş çərçivəsində Vladimir Putin Mehriban xanım Əliyevanı iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni təqdim edib: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var".
"Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur"
Rusiya ilə Azərbaycanın münasibətləri, həqiqətən, heç vaxt indiki qədər sıx olmayıb və bu münasibətlərin kökləri uzaq keçmişə gedib çıxsa da, bugünkü münasibətlərdə ölkə başçılarının rolu müstəsnadır. İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr, məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.
"Rusiya-Azərbaycan münasibətləri çox geniş spektri əhatə edir" deyən Mehriban xanım Əliyeva iqtisadi sahəyə, bu sahədə qarşılıqlı əlaqələrə nəzər salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət artıq öz bəhrələrini verdiyini bildirib: "Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin durmadan artması müşahidə olunur. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq, 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin artıq 26 faizə çatması müşahidə olunur, qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır.
Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb. Çox sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir".
"Bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır, hər il rus dili olimpiadası keçirilir…"
Bildiyimiz kimi, Mehriban xanım Birinci vitse-prezident kimi humanitar, sosial və mədəni sahələrin inkişafına xüsusi diqqət yetirir. Bu da, Rusiya-Azərbaycan əməkdaşlığının çox mühüm amilləri sırasındadır. Bu humanitar sahə bütün insanlara, mənəvi həyata və tarixi köklərə şamil olunur. Mehriban xanım Əliyeva müsahibəsində humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərinin nümunəvi xarakter daşıdığını bildirib: "Bizim paytaxtımızda Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Humanitar Forum mütəmadi keçirilir. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə qayğıkeş və hörmətli münasibət hamıya məlumdur. Bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır, hər il rus dili olimpiadası keçirilir, 14 dövlət ali məktəbində rus dili kafedraları və rus bölməsi fəaliyyət göstərir. Keçən il 130 mindən çox orta məktəb şagirdi və 25 mindən artıq ali məktəb tələbəsi rus dilində təhsil alıb".
Ali məktəblər arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən Mehriban Əliyeva Azərbaycanda, paytaxtımızda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onu da vurğulayıb ki, bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birlikdə icrasına başlanıb.
Mehriban Əliyeva Azərbaycanda çoxminli rusdilli icmanın olduğunu və bu icmanın ölkəmizin ümumi inkişafına layiqli töhfə verdiyini vurğulayıb: "Bu il Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Gələn il qarşılıqlı tədbir – Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır. Dediyim kimi, bu sahədə bizim münasibətlərimiz nümunəvidir. Bu, çox vacibdir, çünki bu sahə, həqiqətən, insanları və xalqları yaxınlaşdırır. Biz də bu ortaq humanitar məkanı qoruyub-saxlamaqda maraqlıyıq".
"Multikulturalizm" sözü bizim leksikonumuzda yetərincə təzə sözdür, lakin bu sözün arxasında dayanan ənənələrin çoxəsrlik tarixi var"
Azərbaycan multikultural bir dövlət kimi dünyada tanınır. Tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm-alternativi olmayan həyat tərzinə çevrilib. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə malik olan multikultural cəmiyyətdir. Bu dəyərlər insanları sülhə və dostluğa səsləyir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Mehriban Əliyevaya ünvanlanan "Buna nəyin hesabına nail olursunuz? Bu, yalnız tarixi köklərdən irəli gəlir, yoxsa bugünkü Azərbaycan iqtidarının məqsədyönlü fəaliyyətinin nəticəsidir?" suallarını belə cavablandırıb: "Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarının birində qeyd edib ki, "multikulturalizm" sözü bizim leksikonumuzda yetərincə təzə sözdür, lakin bu sözün arxasında dayanan ənənələrin çoxəsrlik tarixi var. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşir və sözsüz ki, bu, onun çoxəsrlik tolerantlıq və multikulturalizm mədəniyyətinə də təsir göstərir. Müxtəlif millətlərə, mədəniyyətlərə və dinlərə mənsub insanlar əsrlər boyu ölkəmizdə sülh, həmrəylik və dostluq şəraitində yaşayıblar və yaşayırlar, bu gün də bu ənənə dövlət siyasəti ilə dəstəklənir. Buna görə Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib".
Bu yaxınlarda paytaxtımızda keçirilən Dünya Dini Liderlərinin ikinci Sammitin əsas məqsədi beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etmək idi. Dünya Dini Liderlərinin ikinci Sammitində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill də iştirak və çıxış etdiyini bildərən Mehriban Əliyeva onun bütün ismarıclarının, müraciətlərinin bu gün aktual olduğunu diqqətə çatdırıb: "…ona görə ki, dünyada bu təhlükəli hadisələrin artması meyili təəssüf doğurur. Mən əminəm ki, bu təhdidləri yalnız ümumi səylərlə, həm dövlət başçıları səviyyəsində, həm də adi vətəndaş cəmiyyəti arasında səylərlə dayandırmaq olar".
Azərbaycan qlobal miqyasda ümumbəşəri dəyərlərin carçısı, dünya miqyasında multikulturalizm, islam həmrəyliyi ideyalarının fəal təbliğatçısıdır.
"Biz konkret vətəndaşı görməyə və eşitməyə çalışırıq"
Beynəlxalq ictimai humanitar xeyriyyə təşkilatlarından birinə çevrilən Heydər Əliyev Fondu bu gün dünyada çox nüfuzlu humanitar təşkilat imicinə malikdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti müsahibəsində bildirib ki, fond 15 illik fəaliyyəti ərzində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanıb: "Fondun əsas ideologiyası ondan ibarətdir ki, irimiqyaslı layihələri reallaşdırmaqla bərabər, bu illər ərzində ölkəmizdə fondun xətti ilə, həqiqətən, çox işlər görülüb, yüzlərlə məktəb və uşaq bağçası tikilib, tarixi abidələr bərpa edilib və çoxsaylı tədbirlər təşkil edilib. Biz həmişə bir məqamı unutmamağa çalışırıq ki, bütün bu işlər ölkəmizdə insanların daha yaxşı yaşamasına yönəlib, biz konkret vətəndaşı görməyə və eşitməyə çalışırıq".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə