Zamanın sınağından keçmiş insanlar şəxsiyyət zirvəsinə yüksələ bilirlər. Bu zirvədə dayanmağı bacarmağın özü də bir fədakarlıqdır. Bunu bacaranlar təkcə valideynlərinin övladı olmurlar, onlar bir elin-obanın sevimlisinə çevrilirlər. Belə insanlar xoşbəxtdirlər. Eyni məntiqlə 80 illik yubileyini qeyd edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ağsaqqal müəllimi Abduləli Abdullayev də xoşbəxt insandır. Eyni zamanda, şanslı insandır. Birincisi, o səbəbdən ki, Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran rayonunun Liman qəsəbəsində dünyaya göz açıbdır. Mülayim subtropik iqlim onun şəxsiyyətinin formalaşmasına təsirsiz qalmayıbdır. İkincisi, valideynləri elmə və təhsilə böyük diqqət ayıran insanlar olublar. Elə bu səbəbdən də, Abduləli müəllim Lənkəran rayonunun təhsil sahəsində qabaqcıl mövqelərə malik 1№-li orta məktəbdə yüksək qiymətlərlə təhsil almağa müvəffəq olmuşdur. Hələ orta məktəb illərində gənc Abduləli Abdullayev detektiv mövzularda kitablar oxuyur, filmlərə baxır və gələcək həyat yolunun konturlarını beynində cızmağa başlayırdı. Dəyişməz uşaqlıq istəyi və həvəsi gənc Abduləlinin peşə seçimində öz həlledici rolunu oynadı. O, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına qəbul olundu. Daha əvvəl isə Abduləli müəllim hərbi xidmətdən sonra öz taleyini Qazaxıstan Respublikası ilə bağladı. 10 il ərzində Qazaxıstanda hərbi xidmət keçdi, sonra orta ixtisas milis məktəbində müdavim oldu və daxili işlər orqanlarında xidmətə başladı. Bu xidmət Abduləli müəllimin bütün gələcək həyatını müəyyən edən amillərdən biri olmuşdur. Məhz bu xidmət zamanı "Milis əlaçısı" döş nişanı, "Sovet milisinin 50 illiyi" medalı ilə təltif edilmişdir. Abduləli müəllim bir sıra digər mükafatlara da layiq görülmüşdür. Biz onlar haqqında bir qədər sonra danışacağıq.
Daha sonra 1965-ci ildə Abduləli müəllim öz vətəninə - Azərbaycana qayıdır və daxili işlər orqanlarında kifayət qədər səmərəli olacaq fəaliyyətə başlayır.
1965-1969-cu illərdə Salyan RDİŞ-nin rəis müavini, daha sonra rəis vəzifələrində işləmişdir. 1969-1973-cü illərdə Kürdəmir rayonunda həmin vəzifədə çalışmışdır.
1974-1978-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Tovuz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında daxili işlər şöbələrinin rəisi olmuşdur.
Elə bu qısa xatırlatmadan məlum olur ki, Abduləli müəllimin həyat yolu, demək olar ki, Azərbaycanın bütün coğrafiyasını əhatə edibdir. O, ölkənin şimal və cənub zonasında, qərb zonasında Lənkəran, Mərkəzi Aran rayonlarında çalışmış və o zamanın ifadəsi ilə desək, milis rəisi vəzifələrində işləmişdir. İctimaiyyətlə davranış və öz işinin öhdəsindən gəlmək qabiliyyəti, dövlətə sədaqəti, ona səbəb olmuşdur ki, 1981-ci ildə Abduləli müəllim vəzifədə daha da irəli çəkilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Bu müddətdə, o, ölkəmizdə Daxili İşlər Orqanlarının şəxsi heyətinin formalaşmasında kifayət qədər böyük səylər göstərmişdir. 1984-1987-ci illərdə Abduləli müəllim SSRİ Daxili İşlər Nazirliyinin Xüsusi Milis Məktəbinin rəisi vəzifəsinə irəli çəkilmişdir. Mərdəkan qəsəbəsində yerləşən SSRİ əhəmiyyətli bu xüsusi təhsil ocağına Krasnodar vilayətindən, Qafqazın 5 muxtar respublikalarından, Ermənistandan və Azərbaycandan uz tutan gənclər yüksək müsabiqə şərtləri daxilində imtahandan müvafiq bal topladıqdan sonra qəbul olunurdular. Hazırda məktəbin bazasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılmışdır. Heç şübhəsiz, bu təyinat Abduləli müəllimin sonrakı həyatını müəyyənləşdirən amilinə çevrilir və o özünü artıq həm daxili işlər orqanlarında xidməti, həm də gələcək üçün kadrların hazırlanması işi ilə bağlayır. Daha sonra, 1987-1992-ci illərdə Daxili İşlər Nazirliyində Xidmət üzrə rəis vəzifəsində çalışmışdır.
1. Eyni məntiqlə Abduləli müəllimin şərəfli həyat yolunun daha bir neçə epizodunu da xatırlatmaq yerinə düşər.O, 1974-1976-cı illərdə Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında sovet respublikaları üçün rəhbər kadrlar hazırlayan fakültəsində təhsil alır. Onu da qeyd edək ki, bu fakültə elit statusa malik idi və onun məzunları öz intellekti və dünyagörüşü etibarilə seçilirdilər. Abduləli müəllimin elmə olan böyük sevgisi 1986-1988-ci illərdə həmin akademiyanın aspiranturasında təhsil almasına səbəb oldu və o, müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, hüquq elmlər namizədi elmi dərəcəsini aldı. 1992-ci ildə ölkəmizdə yaşanan xaos və anarxiya mühiti daxili işlər orqanlarından da yan keçmədi. O zamankı "xalq cəbhəsi-müsavat" cütlüyünün antimilli siyasəti peşəkarların diletantlarla əvəzlənməsi ilə müşayiət olunurdu. Bu acı reallıqda Abduləli Abdullayev 1992-ci ildə daxili xidmət polkovnik rütbəsində daxili işlər orqanlarından istefaya getmək məcburiyyətində qaldı. Sonra 5 il ərzində Azərbaycan Respublikasının Ticarət Nazirliyində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışır. Bütün bu məsul vəzifələrdə çalışdığı illərdə, o öz fəaliyyətində situativ deyil, məhz elmi yanaşmalara istinad etmişdir. Başqa sözlə, elm və təhsilə bağlılıq Abduləli müəllimin daxili dünyasının mühüm amilinə çevrilmişdi. Elə bu daxili tələbatın təsiri altında Abduləli müəllim 1997-2002-ci illərdə Milli Aviasiya Akademiyasında baş müəllim vəzifəsində pedaqoji fəaliyyətlə məşğul olur, 2002-ci ildən bu günə qədər isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dosent vəzifəsində çalışır. Çoxsaylı elmi əsərlərin müəllifi olan (Terrorizm və beynəlxalq cinayətkarlıq. Monoqrafiya. Bakı: BDU nəşriyyatı, 2003; İnzibati hüquq. I-II hissə. Dərs vəsaiti. Bakı: Qanun, 2006; İnzibati hüquq. III hissə. Dövlət orqanlarında idarəetmə. Dərs vəsaiti. Bakı: Qanun, 2007; Abdullayev A.M.Nağıyev F.T.İnzibati hüquq. Dərslik. Bakı, Qanun, 2008; Beynəlxalq terrorizm: onunla cinayət-hüquqi və kriminoloji mübarizənin aktual problemləri. Monoqrafiya. Bakı: Qanun, 2006; Beynəlxalq terrorizmin xronologiyası və kriminoloji aspekti. Monoqrafiya. Bakı. İsmayıl. 2006; Abdullayev A.M., Nağıyev F.T. Müqayisəli inzibati hüquq (Fransa inzibati hüquq). Dərs vəsaiti. Bakı. 2014 (yenidən işlənmiş və geniş şəkildə kitab halına salınmışdır); Abdullayev A.M., Əliyev E. Administrativnıy prosess. Dərslik. Bakı, Uniprint nəşriyyatı, 2012 və s.) Abduləli müəllim DİA tələbə və professor-müəllim heyyətininn dərin hörmətini qazanmışdır.
Abduləli müəllim əmək fəaliyyətinin hər iki mərhələsində, yəni həm hüquq-mühafizə orqanlarında işləyərkən, həm də elmi-pedaqoji fəaliyyəti dövründə 30-dan artıq təltif və mükafat almışdır.
Onların bəzilərini xatırlatmaq yerinə düşər.
1976-cı ildə - SSRİ-nin Daxili İşlər Nazirliyinin Əməkdar işçisi fəxri adı; 1978-ci ildə - Sərrast nişançı medalı; 1980 - "Əla xidmətə görə" döş nişanı; 1982 - Milis əlaçısı, Moskva şəhərində ictimai asayişin qorunmasında xidmətlərinə görə; 1986 - "Şərəf nişanı" ordeni; 1988 - "Əmək veteranı" medalı; 2010-2012-ci illərdə Təhsil Nazirliyinin Fəxri Fərmanı; 2014-cü ildə isə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı; 2012-ci ildə - "Qızıl qələm" mükafatı laureatı; 2012-ci ildə - "İlin vətənpərvər alimi; 2012/2013 -"İlin vətənpərvər oğlu" Müstəqil Milli Mükafat; 2013-cü ildə Dövlət İdarəçilik Akademiyasında keçirilən sorğu nəticəsində Abduləli müəllimin rəhbərliyi ilə müəlliflər kollektivinin hazırladığı "İnzibati Xətalar Məcəlləsinin Kommentariyası" adlı əsər "İlin kitabı" adına layiq görülmüşdür.
Yubilyar ölkəmizin ictimai-siyasi həyatında da fəal vətəndaş mövqeyi ilə seçilir. O, doğulduğu cənub bölgəsinin ictimaiyyəti adından separatçı və ermənilərin əlində alətə çevrilmiş milli xəyanətkar Əlikram Hümbətovun işğalçı Ermənistanın paytaxtına səfərini kəskin tənqid edən "Kosmopolitin millətçilik arzuları" adlı məqalə ilə "Azərbaycan" qəzetində çıxış etmiş və bu "sapı özümüzdən olan balta"nın dönük simasını ifşa etmişdir.
Abduləli müəllimin "Azərbaycan" qəzetinin 8 oktyabr 2013-cü il nömrəsində çap edilmiş "Vicdan susanda, yaxud ailənin belə üz döndərdiyi xəyanətkar" adlı məqalə həmin milli dönüyün əməllərini ifşa edən əsl vətənpərvərlik mövqeyidir.
Onu da, xüsusi olaraq vurğulayaq ki, Abduləli müəllim təkcə hüquq-mühafizə orqanlarının əməkdaşı və yaxud DİA-nın dosenti deyil, o, eyni zamanda, keçən əsrin 60-70-ci illərində Azərbaycanda bir sıra bədii-publisistik və sənədli əsərlərin qəhrəmanı olunmuşdur. Belə ki, Şəmşad Rzanın "Açıq alın", Əlisahib Məmmədovun "İz..." əsərlərinin qəhrəmanı, məhz Abduləli müəllimdir. O, burada həm bir vətəndaş kimi, həm milis əməkdaşı kimi özünün bütün müsbət keyfiyyətləri ilə xarakterizə edilir. Bu qəbildən daha bir əsər 1981-ci ildə işıq üzü görmüş Şəmşad Rzanın "Gecə zənglər"i romanıdır. Bu əsərin də baş qəhrəmanı, məhz o zamanlar cəsur milis kapitanı olan Abduləli Abdullayevdir.
İşıqlı dünyaya göz açmaqla insan statusu qazanmaq hər kəsə nəsib olur, lakin İNSANLIQ ZİRVƏSİNİ fəth etmək hər kəsə nəsib olmur. Abduləli müəllimin ən böyük qazancı İNSANLIQ zirvəsini fəth etməsidir. O, elə bir zirvədir ki, onu fəth edən bir daha oradan aşağı enə bilmir. Məhz bizim əzizimiz Abduləli müəllim o zirvənin daimi və əbədi sakini olaraq özünə məxsus bir şəxsiyyətdir. Anadan olmasının 80-ci ilinin tamam olması münasibətilə Abduləli müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı, tutduğu yolda uğurlar arzulayıram.
Elman Nəsirov,
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB