“İki ölkə arasında enerji və iqtisadi əməkdaşlıq siyasi xəttin əsas dayağıdır” -ŞƏRH EDİLDİ
“Azərbaycan və Ukrayna münasibətləri uzun illərdir dostluq və qarşılıqlı etimada əsaslanan sabit siyasi xətt üzərində inkişaf edir. Bu münasibətlərin əsas ideoloji dayaqlarından biri Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımasıdır”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, bu Bakının prinsipial siyasi yanaşmadır:
” Çünki Azərbaycan özü də beynəlxalq hüququn pozulması və ərazi bütövlüyünün uzunmüddətli şəkildə pozulması təcrübəsini yaşamış ölkədir və bu səbəbdən suverenlik məsələsinə həssas yanaşır. Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatında söyləyib ki, “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.
Məhz bu kontekst Azərbaycanın Ukrayna məsələsində mövqeyini daha ardıcıl və dəyişməz edir. Bakı üçün burada söhbət təkcə Ukraynaya simpatiyadan yox, beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasından gedir. Bu səbəbdən Azərbaycan açıq şəkildə Ukraynanın ərazi bütövlüyünün pozulmasını qəbul etmir və bunu siyasi ritorikasında da sabit şəkildə ifadə edir.
Eyni zamanda Azərbaycan Rusiya–Ukrayna müharibəsində özünü hərbi və ya siyasi bloklaşmanın tərəfi kimi təqdim etmir. Bakı münaqişəyə birbaşa müdaxilə etmir, hərbi komponentlərdən uzaq dayanır, lakin eyni zamanda Ukraynaya humanitar yardım göstərməklə öz mövqeyini praktiki şəkildə də ortaya qoyur.
Təsadüfi deyil ki, Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanın yanaşması onu regionda nadir aktorlardan birinə çevirir. Çünki Bakı həm Rusiya ilə münasibətləri saxlayır, həm də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Bu model Azərbaycanı sadəcə müşahidəçi yox, gələcəkdə mümkün diplomatik platforma rolunu oynaya biləcək ölkə kimi ön plana çıxarır.
İki ölkə münasibətlərində enerji və iqtisadi əməkdaşlıq isə siyasi xəttin real dayağını təşkil edir. Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatında bildirib ki, “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.
SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri və ümumilikdə enerji sektorunda mövcudluğu iki ölkə münasibətlərini real iqtisadi əməkdaşlıq müstəvisinə daşıyır. Bu isə əlaqələrin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB