Benilüks ölkələrində "Xocalı həftəsi"

Benilüks Azərbaycanlılar Konqresi (BAK) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 23-dən Benilüks ölkələrində "Xocalı həftəsi" elan edir. Diasporla iş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, "Xocalı həftəsi" çərçivəsində Benilüks ölkələrində - Belçika, Niderland və Lüksemburqdakı Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunmuş müxtəlif tədbirlər həyata keçiriləcək.

"Xocalı həftəsi"ndə Vahid Mustafayevin "Yaddaş" filminin, eləcə də Amsterdam və Rotterdam şəhərlərindəki Ana dili məktəbi şagirdlərinin hazırladığı "Faşizmə nifrət - Xocalıya ədalət" adlı ədəbi bədii kompozisiyasının nümayişi nəzərdə tutulub.

Fevralın 25-i saat 18.00-dan isə BAK Gənclər Koordinasiya Şurasının üzvləri tərəfindən Niderland Krallığının böyük səhərləri - Amsterdam, Rotterdam, Haaqa, Haarlem, Tilburq, Utrecht, Leeuvarden, Sneek və Heerenveendə məlumatlandırma aksiyasına start veriləcək. Aksiya çərçivəsində gənclər üzərində ingiliscə "Ermənistan Azərbaycana təcavüzdən əl çək" sözləri yazılmış xüsusi geyimlərdə yerli əhaliyə Xocalı soyqırımı haqda informasiya verəcək, vərəqələr paylayacaq.

Fevralın 26-da Rotterdam şəhərində yerləşən Bakustraat küçəsində BAK üzvləri yanan şamlarla "Xocalı -23" aksiyası keçirəcək. Bundan başqa, Niderlandın milli qəhrəmanı, Medo ləqəbli azərbaycanlı Məmməd Məmmədovun barelyefinin, Brüsseldə isə Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə