Bu gün Lənkəran tarixinin ən sürətli inkişaf dönəmlərindən birini, çiçəklənmə dövrünü yaşayır. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Lənkəran böyük tikinti meydançasına çevrilıib. Cənab prezidentin 2012-13-cü illər ərzində rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar verdiyi beş sərəncam Lənkəranın əvvəlki simasının nəinki bərpa edilməsinə, həmçinin şəhərin daha gözəl, daha müasir və insanlar üçün rahat bir məkana çevrilməsinə xidmət edir. İlk növbədə uzun illərdən sonra Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir olunması xüsusi diqqət çəkir. Bir il bundan əvvəl təmirinə start verilmiş xəstəxanada bütün işlər yüksək səviyyədə həyata keçirilib. Şöbə və palatalarda həkim və tibb personalının fəaliyyəti üçün hərcür şərait yaradılıb. Rayonlararası Narkoloji Xəstəxana üçün yeni bina da istifadəyə veriləcək obyektlər sırasındadır.
Müasir standartlara cavab verən 3 mərtəbəli Gənclər Mərkəzinin tikintisi başa çatdırılıb. Mərkəzin ərazisi 1 ha, tikinti sahəsi 1500 kvm-dir. 1-ci mərtəbədə Ümummilli Lider Heydər Əliyevin büstü qoyulmuş, Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin gənclər və idmançılarla olan şəkillərindən ibarət foto-güşə hazırlanmış, inzibati otaq, şahmat otağı, internet klub, tennis zalı, kinozal, kafe, 2-ci mərtəbədə Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Lənkərana səfərlərini əks etdirən foto-güşə hazırlanıb, atıcılıq zalı, əyləncə zalı, bilyard zalı və yaradıcılıq otaqı, 3-cü mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi üçün 150 yerlik açıq zal nəzərdə tutulub.
Şəhərin mərkəzində cənnəti xatırladan Heydər Əliyev Xatirə parkı ən müasir dizaynda yenidən qurulmuş, parkda qiymətli bəzək ağacları əkilmiş, yaşıllıq zolaqları yaradılıb. Ümumi sahəsi 27500 kvm olan sahənin 13500 kvm hissəsinə tamet döşənmiş, 14000 kvm hissəsinə yaşıllıq salınıb. Ümummilli Lider Heydər Əliyevin abidəsinin ətrafı qranit üzlüklərlə işlənərək yenidən qurulmuş və sütunlar sal mərmərdən quraşdırılıb. Xatirə parkında 5 ədəd artezian quyusu qazılaraq, nasoslar quraşdırılmış və 3800 metr su xətti çəkilmiş, 140 ədəd işıq dirəyi quraşdırılmışdır. 3 ədəd fontan əsaslı təmir olunmuş, işıqlandırma qurğusu və nasoslar yenilənmişdir. İzafi suların xaric olunması üçün 400 metr uzunluqda drenaj çəkilib. Parkda 62 ədəd yenidən quraşdırılmış oturacaq, 62 ədəd zibilqabı qoyulub. Yaşıllıqların salınması üçün 1600 maşın torpaq daşınıb. Yaşıl ot örtüyünün bərpası üçün 1 ton toxum səpilib. 9500 ədəd qızılgül kolu, 3 min ədəd mövsümi gül, 16 min irili-xırdalı ağac və dekorativ kol əkilib.
Akademik Zərifə Əliyeva küçəsində uşaq əyləncə mərkəzinin tikintisi davam etdirilir. 15 çoxmərtəbəli yaşayış binasında bərkitmə-gücləndirmə işlərinə başlanılması üçün hazırlıq görulur, dövlət vəsaiti hesabına daha 8 çoxmərtəbəli binada dam örtüyünün və fasadın təmirinə, şəhərin mikrorayon ərazisində çoxmərtəbəli binalara gedən yollarda asfaltlaşma işləri aparılır. Yaxın günlərdə Tarix-diyarşünaslıq muzeyinin əsaslı təmirinə, Olimpiya İdman Kompleksi üçün yeni binanın tikintisinə başlanılacaqdır.
Digər sosial layihə isə rayonun yolları ilə bağlıdır. Uzun müddət idi ki, bu yollarda, demək olar ki, heç bir iş görülmürdü. Yaşadığım Şağlaser kəndinin yerləşdiyi Lənkəran-Boradigah yolunun əksər hissəsi bərbad vəziyyətdə idi. Xüsusən də yolun Cil-Şağlaser-Separadi kəndlərindən keçən hissəsi sürücülər üçün əsl "əzablı yollara" dönmüşdü. Yadımdadır, ötən il Şağlaser kəndində Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovla sakinlərin görüşü zamanı yolun təmiri məsələsi xüsusi qabardılmışdı. İcra başçısı da yolunu təmirinin qısa müddətdə başa çatdırılacağına söz vermişdi. Lakin bu vədə dodaq büzənlər də tapılmışdı. Hətta yolun birinci mərhələsi, yəni şəhərin Ləvəngi dairəsindən Vilvan kəndindək hissəsi əsaslı təmir olunandan sonra da skeptiklər az deyildi. Amma bu ilin yazından yolun Vilvandan Zövlə kəndinədək olan hissəsinin yüksək səviyyədə təmir olunması bir daha sübut etdi ki, İcra başçısı sözünü söz demək, vəziyyətdən çıxmaq xatirinə demir, onun hər sözünün arxasında əməli iş durur. Və İcra başçısının bu il Şağlaserdə keçirdiyi növbəti səyyar görüşü bir növ hesabat xarakteri daşıyırdı. Cil kəndindən Allahverən Cəfərovun, Şağlaser kəndindən Akif Miriyevin, Əlizadə Əliyevin, Xarxatandan İbrahim Məmmədovun və başqalarının çıxışlarında daha çox ölkə rəhbərliyinə, icra başçısına qısa müddət ərzində görülən işlərə görə minnətdarlıq ifadə edilirdi. Bəli, mən xüsusi olaraq yaşadığım ərazidə görülən işlərə və insanların buna münasibətinə diqqət çəkdim. Lakin görülən işlər təkcə bu ərazi ilə bitmir. Ötən il 12 kilometrlik Şürük-Vel-Qamışovka yolu dövlət başçısının ayırdığı 3,2 milyon manatlıq vəsaitlə müasir tələblərə uyğun şəkildə əsaslı təmir olunub. Dövlət başçısının başqa bir sərəncamı ilə 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 26,8 km hissəsi yenidən qurulmuşdur. Bu yolda altı körpü tikilmişdir. Vilvan-Zövlə-Boladi-Liman yolunun xeyli hissəsi keyfiyyətlə təmir ounaraq istismara verilib. Yolun ikinci hissəsinin yenidən qurulmasına start verilib. Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun təmiri üçün hazırlıq işləri aparılır. Digər yollar da öz növbəsini gözləyir.
Şəhər mərkəzini kəndlərlə birləşdirən yolların təmiri ilə yanaşı, şəhər küçələri də təmir olunub.Dövlət vəsaiti hesabına Şəhidlər Xiyabanı küçəsi tamamilə yenidən qurulub və dördzolaqlı yol istifadəyə verilib. Küçədəki körpü genişləndirilərək hər iki tərəfində yeni səkilər tikilib, müasir işıqlandırıcılar quraşdırılıb. Lənkəranın şəhərdaxili küçələrində 3 kilometrdən artıq uzunluqda 33 min kvadratmetr sahəyə isti asfalt örtüyü döşənib, digər yolların sıradan çıxmış hissələrində 2500 kvadratmetrdən çox sahə də cari təmir olunub.
Bu ilin əvvəlindən şəhərin avtovağzal ərazisində yeni yol dairəsi yaradılıb və dairədə ornamentli postament üzərində saat qülləsi ucaldılıb. Qüllənin ətrafında göz oxşayan rəngbərəng çiçəklər əkilib. Bu isə Bakı, Astara, Masallıya gedən yola xüsusi rövnəq verir. Gərmətük yol dairəsindəki mənzərəli guşə də göz oxşayır. Magistral yol üzərindəki körpünün məhəccərləri təzələnib, piyada keçidi üzərində tamet plitələr düzülüb. Rayonun giriş qapısı sayılan Qumbaşı kəndi ərazisində yol guşəsində yaşıllıq zolağı salınıb, minlərlə gül əkilib. Göyşaban dairəsindən Ürgə kəndinə qədər olan ərazidə yaşıl təpələrdən ibarət mənzərəli təbiət guşəsi şəhərimizə gələnləri gül-çiçəklə qarşılayır, rayona gələn qonaqlarda xoş təəssürat yaradır. Yaşıl təpələrin sinəsində rəngbərəng çiçəklərlə Azərbaycan xəritəsinin, milli ornamentimiz butanın təsviri xüsusilə göz oxşayır. Bu gül-çiçək fantaziyası rayonlararası avtovağzalın yerləşdiyi Ləvəngi dairəsində də, Şəhidlər xiyabanında da, Heydər Əliyev xatirə parkında da, Bayraq meydanında da insanın ruhunu oxşayır, onu doğma yurdunu sevməyə, qurub-yaratmağa həvəsləndirir.
Qeydlərimin əvvəlində bu gün Lənkəranın əsl tikinti meydançasını xatırlatdığını vurğuladım. Kənarda bu fikirlər kiməsə şablon bir ifadə kimi görünə bilər. Lakin bu gün Lənkərana bir dəfə baş çəkmək kifayətdir ki, bunun nə qədər real olduğunu anlaya biləsən.
Hazırda rayonda çox iri tutumlu layihə olan su-kanalizasiya sistemi əsaslı şəkildə yenidən qurulur. Smeta dəyəri 210 milyon manat olan bu layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 75 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.
Haşiyə: Uzun illər dəfələrlə Lənkəranın kanalizasiya probleminin həlli ilə bağlı məsələnin müzakirəsinin şahidi olmuşam. Lakin problem nə qədər ciddi və aktual olsa da məsələnin həlli o qədər uzaq olub. Çünki problemin həlli külli miqdarda vəsait tələb edirdi. İlk dəfə Lənkəranın su və kanalizasiya sisteminin yenidən işlənməsi ilə bağlı 210 milyon manatlıq layihənin təsdiq olunduğunu eşidəndə, etiraf edim ki, heç özüm də buna o qədər də real baxmamışdım. Necə deyərlər, keçən vədlərdən gözüm qorxmuşdu. Bir də... təsəvvür edirsinizmi 210 milyon manat? Lənkərana haçan bu məbləğdə yatırım olub? Xatırlamıram. Çünki belə bir şey olmayıb... Budur, Lənkəranın mərkəzində müxtəlif funksiyalı maşın və mexanizmlər ara vermədən işləyir. Bir tərəfdən yollar qazılır, xüsusi plastik borular yerə basdırılır, hər evə xətlər çəkilir, az keçməmiş həmin qazılmış yollar asfaltla örtülür. Paralel olaraq Bürcəli kəndində böyük su dəryaçası, Göyşaban kəndində isə çirkab sularını təmizləyəcək qurğunun inşası sürətlə aparılır. Bəli, bu gün Lənkəranda sabaha hesablanmış böyük işlər görülür. Necə deyərlər, dünən bizə xəyal kimi görünən böyük layihələr hazırda rayonda uğurla həyata keçirilir.
Bu qısa müddət ərzində yuxarıda qeyd etdiyim kimi on illərə sığışmayan işlər həyata keçirilib və bu işlər indi də daha sürətlə aparılır. "Xalq qəzeti"nin bölgə müxbiri işləyən dəyərli dostum Əli Nəcəfxanlının cənub bölgəsinə həsr etdiyi növbəti yazısından sətirlər: "...Yol rahatlıq, abadlıq, inkişaf, həmçinin vaxta qənaət və bilavasitə əsəb sakitliyi deməkdir. Bütün bunları hədsiz razılıqla qarşılayan sakinlər dövlətimizin başçısına minnətdarlıq duyğularını ürəkdən ifadə edirlər". Doğru sözə nə deyəsən? Bəli, bu gün Lənkəranın müasirləşməsi, abadlaşması üçün görülən işləri hər addımda hiss etmək mümkündür. Bu kiçik yazımda onların bəzilərini diqqətə çatdırmağa çalışdım.
Bu günlərdə şəhərdə gedən abadlıq işləri ilə yaxından tanış olmaqdan ötrü müxtəlif ərazilərdə olduq. Gənc fotoqrafımız Asif rəngbərəng güllərin yaratdığı harmoniyanı fotoaparatın yaddaşına köçürtdü. Bütün gördüklərimdən sonra bir daha özümdə yəqin etdim ki, həqiqətən də bu gün mavi Xəzərin sahilində gül-çiçək çələnginə, gül-çiçək bağçasına dönüb Lənkəran. Məşhur mahnıda deyildiyi kimi "Hər yanı çiçəkdi, güldü Lənkəran!". Və təkcə bir yazar kimi yox, doğma yurduna bağlı bir vətəndaş kimi bir daha əmin oldum ki, dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Lənkəranın bu günü dünənindən, sabahı bu günündən daha abad, daha yaraşıqlı olacaqdır.
Sərraf Mirsəfəroğlu,
"Yaşıl çay" jurnalının redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə