“Xəzər həftəsi”nə yekun vurulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 24–30 sentyabr 2012-ci il tarixlərində keçirilən "Xəzər həftəsi" başa çatıb.

"Xəzər həftəsi"nin qeyd olunması məqsədilə Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında (Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində) vətəndaşların, yerli icra strukturlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin və şagirdlərin iştirakı ilə iməciliklər keçirilmiş, məişət və sənaye tullantıları yığılaraq zibil poliqonuna daşınıb.

Eyni zamanda, orta təhsil müəssisələrində lektoriyalar təşkil edilmiş, idarə və müəssisələrdə Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxunmuş və dəyirmi masalar təşkil olunub. Keçirilən tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar verilib, həmçinin hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ edilib.

Bununla da, "Beynəlxalq Dəniz Günü" ilə əlaqədar Nazirlik tərəfindən keçirilən "Xəzər həftəsi" nə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə