432 blok siqaretin güdazına getdi

Frankfurt-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Emil Rəcəbov gömrük nəzarətindən "yaşıl kanalla" keçdikdən sonra, hərəkətləri şübhə doğurduğu üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və mütləq bəyan olunası malların olub-olmadığı barədə şifahi sorğu-sual edilib. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, gömrük bəyannaməsini təqdim etməyən və şifahi olaraq mütləq bəyan olunası malların olmadığını bildirəndən sonra, həmin sərnişinin baqajı "Rapiscan 628" markalı X-Ray aparatından keçirilib.

Gömrük əməkdaşı monitorda siqaretlərin təsvirlərini gördükdən sonra, E. Rəcəbov baqajı ilə DGK HNBGİ-nin inzibati binasına gətirilib, orada qanunvericiliyə uyğun olaraq gömrük baxışı və şəxsi yoxlama keçirilib. Həmin vətəndaşa məxsus 4 ədəd iri həcmli çamadan və 1 ədəd qutunun içərisindən gömrük nəzarətinə təqdim olunmamış, gömrük baxışından əvvəl nə yazılı, nə də şifahi formada bəyan olunan, idxal üçün Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 210 blok "Marlboro 72s", 60 blok "Marlboro Gold Pack 72s", 142 blok "Marlboro Silver Pack 72s", 10 blok "Parlament", 10 blok "Parlament Silver Pack" siqaretləri aşkar olunaraq, protokol əsasında götürülüb. Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə