"Siğə bu gün yalnız müəyyən çevrələrin qəbul etdiyi bir yanaşmadır. Bu praktika zamanı iki nəfər arasında şahidsiz, müəyyən maddi qarşılıq müqabilində razılaşma əldə olunur və onlar bir müddət ər-arvad münasibətləri yaşayırlar. Lakin bu münasibətlər nəticəsində nə miras hüququ, nə aliment, nə də hüquqi nəticələr ortaya çıxır. Belə bir yanaşma nə dini, nə hüquqi baxımdan sağlam və qəbulolunan deyil". Bunu SİA-ya açıqlamasında dinşünas, ilahiyyatçı Elşad Miri deyib.
Onun sözlərinə görə, tarixdə "dini nikah" deyilən anlayış olmayıb — sadəcə "nikah" olub: "Müasir dövrdə dövlət qeydiyyatı ilə yanaşı aparılan dini nikahlar müəyyən yanlış anlaşmalar doğurur. Bir çox insan düşünür ki, dini nikah Allah qatında, dövlət nikahı isə hüquqi baxımdan keçərlidir. Halbuki, bu cür ikili yanaşma düzgün deyil. Məsələn, Türkiyədə artıq qanuni nikahı din xadimləri də rəsmiləşdirə bilirlər. Yunanıstanda da oxşar bir sistem mövcuddur: istər kilsədə, istər dövlət orqanlarında nikah bağlansa da, əsas olan bu nikahın rəsmi və hüquqi baxımdan tanınmasıdır. Yəni harada və kim tərəfindən icra olunmasından asılı olmayaraq, bu şəxslərin ər-arvad kimi tanınması əsas meyardır. Bu kontekstdə vacib bir sual ortaya çıxır: İslamdan əvvəl Həzrət Məhəmməd Peyğəmbər və Həzrət Xədicə arasındakı nikahı kim kəsmişdi? O dövrdə nə bir məscid, nə də rəsmi qeydiyyat orqanı var idi. Əslində, nikah bir həyat yoldaşlığı qurumudur, onun mahiyyəti qarşılıqlı razılıq, ictimai tanınma və qarşılıqlı məsuliyyət daşımaqdır. Buna görə də nikah sadəcə kağız üzərində bir akt deyil, iki insanın həyatını birləşdirdiyi ciddi bir ictimai və şəxsi məsuliyyətdir. Bu anlayış düzgün qəbul olunduqda, dini və hüquqi nikah arasında ziddiyyət deyil, tamamlayıcılıq mövcud olur".
Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə