Qohum evliliklərinə qadağa nələrə səbəb ola bilər? - QURUM RƏSMİSİ AÇIQLADI
"Qohumlar arasında nikah halları və onların törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi bizim cəmiyyətdə də narahatlıq doğuran aktual ailə məsələlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva deyib.
O bildirib ki, belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: "Təəssüflər olsun ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür. Qohum evliliklərinin mənfi nəticələrini nəzərə alaraq dövlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir, qanunvericiliyə dəyişikliklər edilir. Belə ki, qohum nikahların mənfi nəticələri Azərbaycan Respublikasının ailə qanunvericiliyində nəzərə alınmışdır. AR Ailə Məcəlləsinin 12 Maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər arasında nikahın bağlanmasına yol verilmir.
1 iyun 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında Qanuna əsasən nikaha daxil olmaq istəyən şəxslər icbari tibbi müayinədən keçməlidirlər. Nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına şərait yaradılmışdır. Təəssüflər olsun ki, bəzi cütlüklər nikahlarını rəsmi qaydada bağlamadıqlarına görə icbari tibbi müayinədən də keçmirlər, belə ailələrdə sağlamlıq problemi ilə uşaqların doğulması riski artır. Belə hallara daha çox erkən evlilik, qohum evliliklərində rast gəlmək olur. Qohum evlilikləri nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Yad cütlüklər arasında nikahlar nəticəsində əlil uşaqların doğulması riski 2-4%, qohum evliliklərində risk 4-8 %-dək artır. Qohum evlilikləri nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən xəstəliklər sırasında anadangəlmə psixi və fiziki inkişafda çatışmazlıqlar, qan xəstəlikləri (talassemiya, hemofiliya və s.), tənəffüs orqanlarının xəstəliyi və s.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Qaydanın layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmışdır. Sənədin icrası 13 dövlət qurumuna və 76 yerli icra hakimiyyətinə tapşırılıb. Hər ilin yanvar ayında aidiyyəti qurumlar tərəfindən təqdim edilən məlumatlara əsasən Komitə tərəfindən görülmüş işlərə dair ölkə üzrə hesabat hazırlanır, Komitənin rəsmi saytında dərc edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Səhiyyə Nazirliyinin ekspertlərinin iştirakı ilə mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliklərin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır.
Təsdiq edilmiş Qərarın 2-ci hissəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə qohum hesab edilən gənclər arasında bağlanan nikahların və belə nikahların pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.
Ədliyyə Nazirliyi tərəfindən verilən məlumata əsasən qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2363, 2022-ci ildə isə 2542 olub, 2023-cü ildə isə 1950, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub, 2023-cü ildə isə- 601 olub. 2023-cü ildə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayının çoxluğuna görə Bakı şəhəri (504), Lənkəran-Astara (227), Mill-Muğan (203), , Abşeron-Xızı (171), Qarabağ (160) regionları xüsusi qeyd etmək lazımdır.
Qohum evliliklərinin ölkənin gələcək nəsillərinə və genofonduna ciddi təsir edə biləcəyini nəzərə alaraq, eləcə də müəyyən nəticələri əldə etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qanunvericiliyimizə həm erkən nikahlarla bağlı, həm də qohum nikahları ilə bağlı dəyişikliklərin edilməsi və hüquqi çərçivənin ciddiləşdirilməsi təklifi verilmişdir. 28 iyun 2024-cü il tarixində ölkə başçısının imzası ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Qanuna əsasən AR Ailə Məcəlləsinin 12-ci Maddəsinə ümumi bioloji baba və (və ya) nənəsi olan qardaşların və (və ya) bacıların arasında, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahların bağlanmasına qadağa qoyulması ilə bağlı dəyişiklik edilib. Bununla yanaşı erkən evliliklərin qarşısının alınmasına dair Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
Dövlət tərəfindən sözügedən məsələnin həlli istiqamətində lazımi tədbirlərin görülməsinə baxmayaraq bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur".
"Komitə tərəfindən 2021-ci ildə “Ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair analitik hesabat” hazırlanıb. Sorğuda 1394 respondent iştirak edib. Təhlildə qeyd olunduğu kimi, belə nikahlara “əksəriyyət mənfi yanaşsa da, müsbət yanaşanlar da var”. Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri var: ”yaşlı nəslin təkidi”, “nəsildən nəslə keçən gərəksiz adətlər, stereotiplər”, atalar tərəfindən qızların təhlükəsizliyini təmin etmək məqsədilə onları erkən yaşda qohumlara ərə verilməsi, “ailə quran insanların təhsilsizliyi, ”kifayət qədər məlumatın olmamasıdır. Bu cür ailələr adətən ailəyə aid olan var-dövlətin dağılmaması, ailələr arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışların eyni olması səbəblərindən qurulur.
Belə halların qarşısının alınması üçün yalnız dövlət tərəfindən görülən işlər kifayət deyil. Bununla yanaşı bütün ictimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi cəmiyyətdə qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında və məsələnin həllində öz tövhəsini verəcək" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə