“Bu hal insanın həyatdan məmnunluq səviyyəsinə mənfi təsir göstərir“ - PSİXOLOQ DANIŞDI

“İnsanlar bilmədikləri, gözləmədikləri şeylərə təəccüblənirlər. Keçən əsrin sonlarında insanların təəccüblənəcəkləri nəsnələr barədə fikirləri var idi. Onlar yeni əsrdə məhz bunların baş verəcəyinə inanırdılar. Məsələn, uçan maşınlar, zamanda səyahət, teleportasiya və s. Amma bunlardan heç biri baş vermədi. Nəticədə heç kimin gözləmədiyi və dünyanı başqa istiqamətdə dəyişən bir reallıq ortaya çıxdı”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fuad Əsədov deyib.

O bildirib ki, söhbət internetdən gedir: “Bu gün internet vasitəsilə hər kəs demək olar ki, dünyadakı bütün məlumatları əldə edə bilir. Siz Azərbaycanın ucqar bir kəndində oturub, Amerikada Harvard Universitetinin professorunun dünən yayımladığı məqaləni oxuya bilərsiniz. Sosial şəbəkələr vasitəsilə sizdən çox uzaqlarda yaşayan şəxsin həyatına şahidlik edir və sizdən fərqli dünyagörüşünə sahib olan minlərlə insan tanıyırsınız”.

Ekspert əlavə edib ki, 15 yaşlı uşaqların yeni trendlər yaratdığı bir dünyada artıq insanı təəccübləndirəcək şeylərin sayı azalır: “Artıq hər kəsin hər şey barədə ya məlumatı, ya da fikri var. Modern insan kosmos turizmi, fikir interneti, süni intellekt söhbətlərinin içərisində yaşayır. Ona görə də modern insanı təəccübləndirmək çətindir. Bu hal insanın həyatdan məmnunluq səviyyəsinə də mənfi təsir göstərir. Belə bir dövrdə mümkün qədər internetin çirkli informasiyalarından kənar qalmaq və sadəcə lazım olan, həqiqi bilgilərə yönəlməyimiz daha effektiv olar”.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə