""Atalar sözləri"ni ələ salmaq istəyən adamın mənliyi yoxdur" - İRAD BİLDİRİLDİ

"“Atalar sözləri" və məsəlləri ələ salmaq istəyən adamın mənliyi, şəxsiyyəti yoxdur. Çünki "Atalar sözləri" dedikdə ilk növbədə bizim ata və babalarımızdan söhbət gedir”. Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev süni intellektlə atalar sözlərinin hazırlanması haqqında danışarkən deyib.

Şakir Albalıyev sözlərinə belə davam edib: “Ot kökü üstə bitər". Biz də həmin ata və babalarımızın kökünün üstündə bitmişik. Onların yaratdığı sözlər, deyimlər və məsəllər illərin, əsrlərin, qərinələrin sınağından çıxmış sözlərdir. Onların təcrübələrinin ümumiləşmiş ifadəsidir ki, günümüzə gəlib yetişibdir. Bizim "Atalar sözləri"nin əleyhinə çıxmağımız özünüzün atamızın, babamızın əleyhinə getməyimiz deməkdir. Bu ən azından bizim tərbiyəsizliyimizdir. Kiminsə "Atalar sözləri"nin adından danışmağı ixtiyarları yoxdur. Onlar bizi yox, öz atalarını ələ salırlar.

İkincisi, "Atalar sözləri"nin nə demək olduğunu, o "Atalar sözləri"ni ələ salmaq istəyənlərdən soruşun görün hələ birinci "Atalar sözü" nədir? O suala cavab verə bilərlərmi?

Üçüncüsü, bir əldə iki qarpız tutmaq olmaz. Bu əlbəttə insana aiddir, canlı insandan söhbət gedir, həyatdan, reallıqdan söhbət gedir. Orada oğlanın əlində oyuncaq kimi iki ədəd qarpız göstəribdir. Bu kompüterdə fantaziya ola bilər. Real canlı insandan söhbət gedirsə, bir adam bir əlində iki qarpız tuta bilməz. İkincisi də bir əldə iki qarpız tutmaq olmaz məsəli həm sözün həqiqi mənasında özünü doğruldur, yəni iki qarpızı bir əldə tutmaq qətiyyən mümkün deyil. Bu sözün müstəqil və həqiqi mənasındadır. İkincisi də "Atalar sözləri"nin, deyimlərin xalqın müdrikliyi ondadır ki, həm də məcazi mənası var. Yəni bir iş görmək istəyərkən onunla paralel şəkildə ikincisi bir işi görürsən. İki yana baxan çaş qalar. Əslində bu deməkdir.

"Atalar sözləri", məsəllər o qədər böyük məna daşıyan ifadələrdir ki, onlar həm özü həqiqi mənaları ifadə edirlər, həm də həqiqi mənalarının arxasında metaforik rəmzi məna dayanır ki, onu duymaq, tutmaq, başa düşmək lazımdır. Onu da başa düşmək üçün insandan arif insan olmaq tələb olunur. Əlbəttə ki bu arifliyi, sözü, hikməti başa düşməyən adamlar süni intellekt sahibləridir, özləri kimi sünidirlər və özləri kimi insanlıqdan, reallıqdan kənar süniliyə xidmət edirlər. Bu sünilik də insanı, həyatı, yaşayışı süniliyə fəlakətə aparıb çıxarır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə