“Depressiya günümüzdə ən aktual psixoloji problemlərdən biridir. Bu problem insanın həyat fəaliyyətinə, gündəlik yaşamına mənfi təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq bildirib ki, depressiyadan əziyyət çəkən insanlarda yuxu pozuntusu, normal qidalanmamaq, ətrafına, işinə marağın olmamaması, durğunluq və s. hallar özünü göstərir: “Bu hallar dərinləşdikdə, yəni xroniki, uzunmüddətli depressiyaya keçdikdə vəziyyət daha da qəlizləşir. Ona görə də belə halların zamanında fərqində olmaq və mütəxəssis dəstəyi almaq lazımdır. Xüsusən, yeniyetmələrdə və yeni ana olmuş qadınlarda bu hallara daha çox rast gəlinir. Belə ki, 9-10 yaşından sonra artıq yeniyetməlik dövrü başlayır, bu zaman bədəndə hormonal dəyişikliklər baş verir. Bütün bunlar da uşaqların hiss və duyğularında, davranışlarında özünü göstərir. Bu ruh düşkünlüyü də özünə qapanma, ünsiyyətdən qaçma, tənhalıq halları fonunda özünü göstərir. Bəzi yeniyetmələr bu vəziyyəti çox ağır depressiyalar şəklində yaşayır. Belə hallar çəkingən, özgüvəni aşağı, düşdüyü mühitə adaptasiya olmaqda çətinlik çəkən uşaqlarda daha çox müşahidə olunur. Bəzən bu depressiv hallar o həddə çatır ki, yeniyetmə ümumiyyətlə otağından çıxmaq, ailə üzvləri ilə danışmaq istəmir. Bu tip uşaqlar belə vəziyyətlərdə daha çox telefona, televizora baxır və sosial şəbəkələrdə vaxt keçirir. Bu da təbii ki onun həm psixologiyasına, həm də sağlamlığına mənfi təsir edir.
Əslində bunun siqnalı kiçik yaşlardan uşaqlarda hiss edilir. Belə ki, valideynlər çox zaman uşağın çəkingən olduğunu, ünsiyyətdən qaçdığını və s. bildirir və bunu xarakter əlaməti kimi vurğulayırlar. Ancaq, bu düzgün yanaşma üsuli deyil. Bu sadaladığımız xüsusiyyətlər xarakter əlaməti deyil, əksinə bir sıxıntının, özgüvənsizliyin kiçik siqnalıdır. Ona görə də valideynlər diqqətli olmalı və zamanında psixoloqa müraciət etməlidirlər.
Postnatal depresiyya, başqa sözlə doğuş sonrası depressiya da depressiyanın bir növüdür və bir çox qadınlarda rast gəlinən hallar sırasındadır. Doğuş sonrası depressiyaya daha çox gənc yaşında ana olan, ilk uşağını dünyaya gətirən, çətin hamiləlik keçirən, həmçinin doğumu ağır keçən qadınlarda rast gəlinir.Zamanında üzərinə düşmədikdə, gözardı etdikdə bu hallar doğuş sonrası daha da kəsikləşir və ağır depressiv formaya keçir. Postpartum depressiyanın ilk əlamətlərindən biri, ananın yeni doğulmuş körpəsindən uzaqlaşması və özünə qapanmasıdır. Hətta daha kəskin halda sayıqlamaq, aqressivləşmə, ana südünün azalması və s. da baş verə bilir. Bəzən övladı böyüsə də, müəyyən yaş həddinə çatsa da qadın bu vəziyyətdən çıxa bilmir. Belə ki, zamanında psixoloq dəstəyi alınmalıdır. Əks halda bu vəziyyət daha da kəskinləşə və təəssüf ki, inthara cəhd, intihar hadisəsinə qədər gedib çıxa bilər.
Depressiya və depressiv vəziyyət insanı elə bir hala gətirə bilər ki, insan “etmərəm” dediyi şeyləri belə edə bilər. Ona görə də depressiv vəziyyətə dırnaq arası yanaşıb, gözardı etmək olmaz. Mütləq şəkildə bundan əziyyət çəkən insanlar psixoloqun, psixoterapevtin nəzarəti altında olmalı və peşəkar dəstək almalıdır.”
Bütün xəbərlər Facebook səhifəmizdə