Ana südü, süni qida, yoxsa BİZNES? - ARAŞDIRMA

Hər il avqustun 1-dən 7-dək dünyanın 170-dən çox ölkəsində Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilir. Məqsəd ana südünün körpələri bir çox xəstəlikdən qoruya biləcəyini geniş ictimaiyyətə izah etməkdir. Çünki hələ də ana südünün faydasını, nə qədər vacib olduğunu bilməyən valideynlər var ki, körpələrinə “smes” adlandırılan süni qidaları rəva bilirlər. Doğum evlərində süni körpə qidalarının təbliği məsələsi də son illər gündəmdən düşmür. Bəs doğum evlərinin bu addımında məqsəd nədir? SİA mövzu ilə bağlı araşdırma aparıb.

İlk olaraq doğum evlərinin uşaqları məhrum etməyə çalışdığı ana südünün faydaları haqqında məlumatı sizinlə bölüşürük:

Ana südü uşağın sinir sisteminə, əqli və fiziki inkişafına müsbət təsir göstərir

Ana südü təkcə körpələrin çəkisinin artmasına deyil, ən əsası immun sisteminin formalaşmasına kömək edir. Çünki ana südünün tərkibi yağ, zülal, karbohidratlar, minerallar və vitaminlərlə zəngindir. Körpələr doğulduğu andan 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır. Bəzən analar südün su kimi olmasını və ya digər şikayətləri əsas gətirərək həkimə müraciət edirlər və uşağa süd verməkdən imtina edirlər. Lakin uşaqları 6 ay ərzində süni əvəzedici qidalardan uzaq tutmaq lazımdır.

Nadir tərkibinə görə alimlər ana südünü “təbiət fenomeni” kimi qiymətləndirib

Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı tam həzm edə bilmir. Ana südü isə bu problemi həll edir. Tərkibindəki fermentlər uşaq orqanizmində yağları, karbohidratları və digər maddələri həzm etməyə kömək edir. Südün əsas tərkib hissəsinin 80 faizi bioloji aktiv sudur. Məhz bu səbəbdən yalnız ana südü ilə qidalanan körpəyə su, çay və digər mayelərin verilməsi tövsiyə edilmir. Ana südünün digər vacib komponentləri karbohidratlar, laktoza, kalsium, dəmir, vitaminlərdir. Laktoza uşağın inkişafında böyük rol oynayır, onun mərkəzi sinir sisteminin inkişafı üçün olduqca təsirlidir. Bundan əlavə ana südündə olan laktoza uşağın bağırsaqlarında bakteriyaların əmələ gəlməsinin qarşısını alır. Ana südünün tərkibindəki təbii yağlar beyinin inkişafı üçün olduqca vacibdir.

Ən əsası isə odur ki, südün tərkibindəki bütün maddələr uşaq orqanizmi tərəfindən tam mənimsənilir.

Müqəddəs kitabımız olan “Quran” surələrinin 11 ayəsində, xüsusən, Bəqərə sürəsində açıq şəkildə deyilir: “Körpələrinizdən ana südünü əsirgəmiyin. Doğulandan sonra tam iki il ona süd verin..” Bir vaxtlar tibb ana südünün yalnız körpənin 4, sonralar 6 ayına qədər verilməsini əsas sayırdısa, dünya təbabəti bu gün bu vaxtın iki ilə qədər uzadılmasını elmi əsaslarla tövsiyyə edir.

Təəssüf ki, bu gün Azərbaycanda körpəyə süd verməmək, südü qəsdən qurutmaq kimi hallar çoxalıb. Ətrafdan eşitdiklərimiz bəzi xoşagəlməz xəbərlər bunu deməyə əsas verir. Estetika “vurğunları” olan bir qisim xanımlar hələ körpənin halalca südünü kəsməyə əsas da tapırlar. “Formam pozular”, “Yorğunam, bunun gecəsi var”, “südüm azdır”, “südümün keyfiyyəti yoxdur” kimi məntiqsiz sözlər ana hissini tam dərk etməyənlərə şamil edilə bilər. Halbuki, ana südü ən ekstrimal vəziyyətlərdə körpənin köməyinə çatır, onun aclığını aradan qaldırır. Sadəcə ananın körpəsini qoynuna alıb nəvazişlə onu əmizdirməsi kifayətdir. Gecə, gündüz bunun fərqi yoxdur. Ana südü israfçılığın qarşısını alır. Ən təəccüblüsü isə odur ki, ana südü varlı və kasıb anaya baxmır, bütün anaların südünün tərkibi eynidir. Bu nemətin xərçəng hüceyrələrini öldürəcək qədər qüvvəyə malik olması sübuta yetirilib. Psixoloqlar da bir nəfər kimi əmizdirmə prosesinin ana-bala arasındakı bağların, təmasın möhkəmlənməsinə xidmət etdiyini bəyan edirlər. Əmizdirən analar digərlərinə nisbətən daha səbrli, təmkinli, müsbət enerjili olurlar.

Bəzən adi bir diş müalicəsi ilə ananın südü kəsilə bilər

Ana südü kifayət qədər olmadığı halda mütəxəssisə müraciət etmək olduqca vacibdir. Pediatrlar ana südünün miqdarını müayinələrlə təyin edə bilir. Doğrudur, bəzən südün azlığı müşahidə edilən analara rast gəlinir. Ancaq unutmaq olmaz ki, miqdar yetərli qədər olmadıqda, müxtəlif üsullar vasitəsilə südün miqdarını artırmaq mümkündür.

Pediatrlar bildirirlər ki, digər körpə qidaları ana südünün tərkibinin 50 faizi belə deyil. Ana südünün tərkibi hər bir ananın orqanizmi ilə əlaqədar fərqli olur. Hər bir ananın südü öz körpəsi üçün individualdır. Bu səbəbdən valideynlər maksimum dərəcədə çalışmalıdır ki, körpələr ilk 6 ay sadəcə ana südü ilə qidalansın. Çay, su, bitki çayları və bir sıra əlavə qidalar ancaq altıncı aydan sonra uşağa verilə bilər. Ana südü həm körpənin, həm də ananın sağlamlığı üçün çox əhəmiyyətlidir. Bəzən adi bir diş müalicəsi ilə ananın südü kəsilir. Ona görə də analar ətraflı məlumatlanmalıdır

Ana südünün miqdarına təsir edən amillər sırasında həm də sosial-iqtisadi və psixoloji məqamlar da var. Bu baxımdan ailə ilə profilaktik söhbətlər aparılır. Çünki süd verən analara evdə xüsusi diqqət və qayğı lazımdır ki, anaların orqanizmində hər hansı dəyişikliklər baş verməsin. Anaya təsir edən neqativ hallar istər-istəməz körpəyə də təsirsiz ötüşmür.

Yalnız aşağıdakı səbəblərə görə ana övladına süd verə bilməz:

- Anada HİV infeksiyası (QİÇS) varsa;

- Müalicə edilməmiş bruselyoz (müvəqqəti) varsa;

- Aktiv vərəm (müvəqqəti) varsa;

- Gilə ucu herpes səpkiləri olan analar (müvəqqəti);

- Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar (müvəqqəti);

- Onkoloji müalicə (sitostatiklər) alan analar (müvəqqəti);

- SMV seropozitiv anaların 1500 qramdan az və ya 32 həftədən tez doğulan uşaqlar;

- H1N1 infeksiyası keçirən analar qızdırma düşənə qədər (müvəqqəti);

- Süd vəzi absesi olan ana (müvəqqəti);

- Şizofreniyalı ana (övladına zərər verə bilər).

Bəs qeyd olunan heç bir neqativ hal olmadığı təqdirdə körpəyə nə üçün süni qida verilməlidir? Doğum evləri yeni doğulmuş körpəyə ana südü vermədən onu süni qidaya öyrəşdirməsinin ardında hansı səbəblər dayanır?

Doğum evləri süni uşaq qidaları satan şirkətlərlə birgə iş görərək analara bu qidaları təklif edirlər.

İddialara görə, doğulan uşaqlar iki gün anadan kənar saxlanılır, süni qidaya öyrədilir, sonra isə körpə ana südünü qəbul etmir. Normalda ana körpəsini ən azı bir gün sonra vəziyyətindən asılı olaraq əmizdirə bilər. Digər fakt odur ki, ana südü ilə bağlı təbliğat da sönükdür. Doğum evindən evə gələn körpəni müayinə edən bəzi pediatrlar anaya həmin süni uşaq qidalarını məsləhət görürlər. Çünki dərman firmaları kimi həmin şirkətlərlə də müqaviləsi var, gəlirini bu yolla qazanır. Səhiyyəmizin bu sarıdan da problemləri həll edilmək əvəzinə dərinləşir.

Elə xanımlar var ki, süni uşaq qidalarına yaxşı baxmır. Çünki körpəni dünyaya gətirməmişdən öncə bu məqamları incələyib, araşdırıb, xeyrini və zərərinin nə olduğunu öyrənib. Ana südü ilə bağlı biliyi olan insanlar üçün süni uşaq qidalarının reklamı problem yaratmır. Amma az maariflənmiş insanlar, ana südü ilə süni uşaq qidalarının fərqini bilməyən, bununla o qədər də maraqlanmayan insanlar əlbəttə ki, reklam olunan uşaq qidasını dərhal alıb uşağına yedirdə bilir.

Məsələ ilə bağlı pediatr Aytən İsmayılzadə də ətraflı məlumat verib: “Uşaq dünyaya gələn kimi ona süni qida verilməsinin əsas səbəbi ilk növbədə "smes" dediyimiz süni qida şirkətlərinin doğum evlərini maraqlandırmasıdır. Həmin şirkətlər əvvəllər tək-tək həkimlərlə əməkdaşlıq edirdilər. Amma sonradan artıq baş həkim və ya müdriyyət səviyyəsində əməkdaşlıq etməyə başlayıblar. Müşahidələrə əsasən, hər doğum evində bir şirkətə məxsus süni qida olur. Bu, onu göstərir ki, hər bir şirkətin əlaqə qurduğu klinikalar var və ora yaxın apteklərdə həmin süni qida məhsullarını görmək mümkündür. Xəstəxanada yeni doğulmuş uşağa birbaşa süni qida verilməsinin səbəbi budur ki, anaya uşağa bu süni qidanın verildiyi ilə bağlı məlumat verilir və evdə də süd çatmadıqda həmin qidanın verilməsini məsləhət görürlər. Bir sözlə, məqsəd süni qida bazarını gücləndirməkdir. Əgər onların düşündükləri uşaqların sağlamlığı olsaydı, ilk növbədə ona ana südü verilərdi. Ana südünün faydasını müzakirə etməyə ehtiyac yoxdur. Hər bir südəmər canlının mədəsinə düşən ilk qida onun anasının südü olmalıdır. Çünki tanrı belə yaradıb. İnək südü əsasında hazırlanmış süni qidaların uşaqlara verilməsi ciddi problemlərə gətirib çıxarır. Bu problemlər isə preparatlarla aradan götürülməyə çalışılır. Beləliklə uşaqların immuniteti getdikcə zəifləyir. Bu məsələnin həlli üçün doğum evlərində donor bankları olmalıdır. Süni qida şirkətlərinin doğum evləri ilə əlaqələri kəsilməlidir. Dövlətin marağında olduğu süni qidalar xəstəxanalarda saxlanıla bilər. Lakin bundan ananın xəbəri olmamalıdır ki, onun uşağına hansı süni qida verilib. Əgər uşağın anası dünyasını dəyişibsə və artıq davamlı olaraq süni qidalar qəbul edəcəksə, bu halda istisna olaraq həmin qidalara üz tutmaq olar".

Həqiqətən də süni qidalara maraq reklamlarla bağlıdır?

Süni qida məhsullarının reklamlarının açıq məkanlarda yerləşdirilməsi qadağandır. Buna baxmayaraq, ölkəmizdə anaların böyük əksəriyyəti hələ də süni qidalara üstünlük verir.

Araşdırmalar zamanı məlum olub ki, ölkəmizdə doğulan uşaqların təxminən 50 faizi ilk gündən süni qidalarla qidalanır. Xüsusi reseptlə hazırlanan qidalarin demək olar ki, hamısı xarici ölkələrdən, o cümlədən Almaniyada, Polşadan, Hollandiyadan və yaxud Rusiyadan gətirilir. Halbuki adları qeyd olunan ölkələrin əksəriyyətində, xüsusən də Almaniyada anaların əksəriyyəti körpələrini ana südü ilə qidalandırır. Beləliklə, ana südü ilə qidalanma Almaniyada 80 faizə çatır.

Süni qidaların qiymətlərinə gəldikdə isə ekspertlər qeyd edir ki, ölkəmizdə uşaq süni qidalarının qiymətləri qonşu ölkələrlə müqayisədə 25 faiz bahadır. Son günlərdə isə marketlərdə süni qidaların qiymətlərində yenidən bahalaşma müşahidə olunur. Bir neçə yüz qramlıq uşaq qidalarının qiyməti təxminən 10-40 manat civarında dəyişir. Hətta daha baha qiymətə olan süni qidalar da var.

Dünya ana südü banklarının sayını artırır

Bu gün dünyanın öndə gedən ölkələri texniki-iqtisadi cəhətdən inkişaf etsə də, sağlam nəsil naminə ana-südünün vacibliyini nəzərdən qaçırmırlar. Çoxu üçün qəribə gəlsə də, Amerika Birləşmiş Ştatları başda olmaqla dünyanın 20-dən çox ölkəsində ana südü bankı fəaliyyət göstərir. Bu banklar bir növ donor qan bankı missiyasına bənzər vəzifəni yerinə yetirir. Yenə də məqsəd insan həyatına verilən dəyərdən irəli gəlir. Ana südü bankları yeni doğulmuş körpələri südlə təmin edir. Bu yeni anadan olmuşlarda əmizdirmə zamanı problem yarandığı təqdirdə baş verir, bankların vasitəçılıyi ilə körpə özünə yeni süd anası tapır. Bu proses körpənin valideynlərinin istəyi və nəzarəti altında həyata keçirilir. İlk ana südü bankı ABŞ-da 1985-ci ildə yaradılıb. Bu bank qısa müddətdə həm ölkədə ana südünün əhəmiyyəti ilə bağlı təbliğat kampaniyasına başlayıb, həm də qısa müddətdə donor süd anaları toğlamağa nail olub. Bir neçə ildən sonra dünyanı qorxuya salan AİDS xəstəliyinin yayılması təhlükəsi səbəbiylə bank fəaliyyətini dondurub, 90-cı illərdən yenidən körpələrin üzünü güldürüb. Bu gün xeyli vaxt keçib və artıq ABŞ-da 10-dan çox iri Ana südü Bankı fəaliyyətdədir. Bu ölkənin banklarının bir ildə ana südünə olan təlabatı 139 min 66 kq-la ölçülür. Kanadada 15-dən çox, Braziliyada isə hər doğum evində, ümumilikdə 180-dan çox banklar körpələrə xidmət göstərir. Avropanın çox ölkəsində-İngiltərə, İsveç, Norveçdə də bu qəbildən banklar öz işini görür. İtaliyanın ana südü bankçılıq ənənəsi və təcrübəsi isə daha çox şöhrət tapıb. Burada bu sektor üçün xüsusi avadanlıq istehsal edən şirkətlər də mövcuddur. Qonşumuz olan Türkiyədə artıq bir neçə ildir ki, Ankaradakı mərkəzi doğum evlərindən birinin tərkibində bu vəzifəni daşıyan şöbə yaradılıb.

Sözügedən bankların iş prinsipi də maraqlıdır. Ana südü bankına hər kəs südünü verə bilməz . Donor ana bütün tibbi müayinədən tam keçdikdən sonra bir neçə körpənin “yeməyini” vermək hüququnu əldə edə bilər. Donorluq edən qadının siqaret və alkoqol istifadə etməməsi əsas götürülür. Körpəsinin südlə təminatı ilə bağlı valideynlər yazılı şəkildə müraciət edirlər. Banka daxil olan ana südü yarım saat ərzində 63 dərəcəyə qədər isidilir və ardınca sürətlə soyudulur. Ani soyudulma tərkibindəki mikroelementlərin keyfiyyətini itirməməsi üçün edilir. Ardınca xüsusi soyuducularda saxlanılır. Ana südünün əldə olunması və satılması özü də iqtisadiyyatda gəlir sahəsi yaradır. Amma bu gəlir körpələrin sağlamlığının yanında çox cüzü əhəmiyyət kəsb edir.

Təəssüf ki, Azərbaycanda da hələlik bu məsələ öz həllini tapmır. Qəribə də olsa, bu sahənin adamlarının çoxu ana südü bankının mövcudluğundan belə xəbərsizdirlər. Bizdə real olan odur ki, bu məsələ ilə bağlı təbliğat və təsirli təşviqat vasitələrindən yerində istifadə olunmur.

Amma həqiqət də odur ki, bizdə əzəldən süd anaları statuslu xanımlar olub. Bu xanımlar el arasında hörmət, savab sahibi olublar. Amma bu gün bu məsələdə çox uduzuruq, bu barədə artıq rahatlıqla söz demək çətindir. Buna səbəb insanlarda bir-birinə qarşı inamsızlıq, səmimiyyət hissinin azlığı, xəstəliklərin gizli şəkildə artmasıdır. Körpəsinə süd verməmək və verdirməmək inkişaf yox, əsl cəhalətdir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə