“Uşaqları sağaldacaq bir şey var ki, o da ailə sevgisi və diqqətdir” - PSİXOLOQ DANIŞDI

“Hər birimizin həyatında nələrsə baş verir və bu baş verən hadisələr, proseslər psixologiyamıza təsir edir. Bildirmək lazımdır ki, qorxular, travmalar bir çox səbəblərdən yarana bilər. Bunlar korreksiya edilmədikdə daha da dərinləşə, özü ilə bərabər psixikamızda bir çox problemlərin yaranmasına gətirib çıxara bilər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, sevdiyin bir insanı itirmək, boşanmalar, davamlı stresli həyat şəraiti və ya uşaqlığın hər hansı dönəmində baş vermiş pis bir hadisə və s. travma yarada bilir: “Məsələn: ilk sevgi münasibətində xəyanətə uğrayan biri gələcəkdə yenidən münasibət qurmaqda, qarşı cinsə inanmaqda, güvənməkdə çətinlik çəkir. Ona görə də bu kimi problemlərdə zamanında korreksiya vacib hissələrədən birini təşkil edir.

Adətən, travma yaşanan zaman, ilk olaraq, insan bundan qaçır və psixoloji olaraq qəbul etmək istəmir. Ancaq bu da doğru çıxış yolu deyil, problemi korreksiya etmək üçün travmanı ilk növbədə qəbullanmaq lazımdır. Çünki uzun müddət travmanı qəbul edə bilməmək insanlarda həyəcan-təşviş, özgüvən əskikliyi, panik atak kimi problemlərin meydana çıxmasına səbəb ola bilər.

Ələlxüsus, valideynlər, psixoloqlar travma və qorxu ilə üzləşən uşaqlara daha həssas yanaşmalı və diqqət etməlidir. Bir çox uşaqlarda travma sonra nitq problemlərinə çox sıx şəkildə rast gəlinir. Belə ki, qeyri-ixtiyari olaraq bu uşaqlarda “danışsam da insanlar məni qoruya bilməz”, “məni anlaya bilməzlər” düşüncəsi yaranır. Belə bir dönəmdən uşaqların ən az zədə ilə çıxması üçün mütləq şəkildə psixoloji dəstək lazımdır. Psixoloq terapiyaların gedişində travma görmüş uşaqlarla işləyərkən zamanla həmin travmanın mənbəyinə enə və onu korreksiya edə bilər. Belə dönəmdə psixoloq yardımı ilə bərabər uşaqları sağaldacaq bir şey var ki, o da ailə sevgisi və diqqətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə