Əvvəllər gənclər qarşıma keçib demirdi ki, "mən ateistəm", "deistəm".. - PSİXOLOQ ETİRAZ ETDİ
"Bəzi gənclərin bahalı, göstərişli nələrəsə meyil etmək düşüncəsi, həmin gənclərin acgözlüyüdür. Düşünürlər ki, özümə bahalı telefon, maşın, baha markalı geyimlər alaraq özümü kiməsə təsdiq edim. Bu isə ailənin zamanında övlada vermədiyi dəyərdən, özgüvən əskikliyindən irəli gəlir ki, onlar özlərini maddiyyatla təsdiq etməyə çalışırlar". Bu sözləri bəzi gənclərin zövqlərinin ucuzlaşması ilə bağlı SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova bildirib.
Psixoloq gənclərin maraq dairəsini dövrlərə görə müqayisə edərək qeyd edir: "Hər dövrün özünə görə maraq dairəsi olur. Fərqli zaman qurşaqlarında böyümüş insanların maraq dairələri, yaşam tərzləri, istirahətləri, seçdiyi ixtisaslar tamam fərqli olur. Bu baxımdan indiki gənclər illər öncəki gənclərdən çox fərqlənirlər. İllər öncə efirə elə insanlar dəvət olunurdu ki, onlar həqiqətən Azərbaycan gəncləri üçün örnək idilər. İndi efirdə elə insanları görürük ki, onların, ümumiyyətlə, sənətləri yoxdur. Onlarda deyilən o "sənətkarlıq" belə yoxdur. Bu insanın normal həyat tərzi belə yoxdur. Elə insanlara pərəstiş edirlər ki, onların pərəstiş ediləcək yönü yoxdur. Gənclərin pərəstiş etdiyi xarici qruplara baxıram, o qruplarda maraqlı heç nə görə bilmirəm. Əvvəllər gənclər qarşıma keçib demirdi ki, "mən ateistəm", "deistəm" və s. Gəncləri bu kimi qruplara qatılmaq üçün sanki kimlərsə beyinlərini yuyur".
G.Orucova bu halları telefon və sosial şəbəkələr ilə əlaqələndirir: "Hazırkı bəzi gənclər əllərindəki telefonla elə bloqqerləri, müğənniləri izləyirlər ki, sonralar özləri də onlara oxşamağa başlayırlar. Sanki yeni tərz yaratmış olurlar. Əvvəllər axşamüstü olanda bizi valideynlərimiz evə gətirib deyərdi ki, "yox, küçədə başınıza iş gələr, normal olmayan iş yaranar, bir xəta yaranar". Biz evdə dərslərimizi edirdik, oyunlar oynayırdıq. İndi uşaqlarımızı evə gətirərək, sanki qoyuruq. Planşet və telefonlarımızı uşaqlara veririk, həmin cihazların içərisində oğru, əxlaqsız, onu aldatmaq, oğurlamaq, şantaj etmək istəyən insanlar var. Biz elə düşünürük ki, uşağımız təhlükədə deyil, amma təhlükədədir. Həmin telefon onu təhlükəyə atır.
Əvvəllər evə qonaq gələndə uşaqlar sevinirdi ki, "evə nə yaxşı qonaq gəlib". İndi salam belə vermək istəmirlər. Uşaq əvvəllər evə gəlib çantasını atıb, həyətə oynamağa gedirdi, ya da həvəslə "nə bişiribsən?" deyə soruşurdular. İndi uşaq evə gələn kimi deyir ki, "telefonum haradadır?". Hər kəs öz otağında tək yeməyə daha çox üstünlük verir, nəinki ailələrin yığışıb, süfrə arxasında yemək yeməyi. Bütün bunların səbəbi onların maraq dairəsidir. Telefonda davamlı gördükləri hər bir şeyi beyin doğru qəbul edir, doğru qəbul etdiyi üçün də bu gün yaşayırlar. Hər zaman deyirəm ki, mənəviyyatı yüksək olan insanlar maddi olaraq özlərini heç vaxt yüksək göstərməyə çalışmırlar. Onlar mənəvi baxımdan yüksək olduqlarının, həqiqətən, fərqindədirlər. Mənəviyyat aşağı olduqda isə insan özünü maddiyyat baxımdan yüksək göstərməyə çalışır. Bunun fonunda insan bahalı marka geyimlərə, qızıl zinət əşyalarına daha çox üstünlük verir. Deyirlər ki, "gedin bahalı restoranlarda oturun, bir gün onların yaşadığı bahalı həyatı yaşayın. Görün necədir?". Bunları ona görə demirlər ki, sən gedəsən israfçılıq edəsən, şəkil çəkdirib lovğalanasan. Bunu ona görə deyirlər ki, sən bir gündə o cür yaşayan insanların necə sadə olduqlarını görəsən, özünü də o cür apara biləsən. Dünyanın milyonçularının milyonları var, necə sadədirlər. Bill Geystin özünüm yaşam tərzi çox sadədir. Bir də baxın, son günlərin məşhur fenomeni olan Dilan Polata baxın. Əlbətt, Bill Geyts qədər onun pulu ola bilməz. Buna baxmayaraq pulu saçına, başına taxıb videolar çəkir.
İndinin gəncləri də bu gündən çıxış edirlər. Onlar elə bilir ki, olacaq hər bir şeyi paylaşmaq lazımdır. "Bunu mən paylaşmalıyam", "bunu mən deməliyəm", "bunu hər kəs görməlidir ki, mən buna sahibəm" kimi düşüncədədirlər. Bu kimlərəsə ayaq uydurmağa çalışmaqdır. Bu ayaq uydurmaqdan çox isə kimlərisə təqlid etməyə bənzəyir. Bu, doğru deyil. Günümüzdə bloqqerlər, infloserlər dəbdədir. Bu da insanlarda formalaşır, çünki gördükləri onlardır. Onlar anlamır ki, özlərini inkişaf etməyə yönəltsələr, daha sonra əziyyətsiz həyata qovuşacaqlar.
Nümunə olaraq, Flora Kərimovanı göstərə bilərəm. Müğənnilərdən F.Kərimova hər kəsdən fərqlidir. Tanınmış, əsl sənətkarlardan biridir. Eleqantlığını da öz sadəliyi ilə hər zaman qoruyub".
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə