Uşaqlara bu yaşdan cinsi tərbiyə verilməlidir - DİQQƏT! - PSİXOLOQ FİKRİ
“İlk olaraq vurğulamalıyam ki, “cinsi tərbiyə”, "uşaqların seksual inkişafı”, “uşaqlarla bu mövzu ilə hansı yaş dönəmində danışılmalıdır?” və s. kimi mövzular aktual və maarifləndirməyə ehtiyac olan mövzular sırasındadır. Bilirik ki, artıq 9 yaşdan sonra uşaqlarda cinsi yetişkənlik yaşı, bu yaşdan etibarən onların özünü oğlan və ya qız kimi kəşf etmə dönəmi başlayır. Ancaq bunu da qeyd etmək lazımdır ki, cinsiyyət ayırımı və özünü dərk etməyə başlaması 3 yaş və bundan sonrakı mərhələni əhatə edir. Bu yaş dövlərindən etibarən uşaqların “Ana mən necə dünyaya gəlmişəm?” tipli suallar verməsi, orqanlarını tanımağa başlaması, cinsiyyət orqanı barədə suallar verməsi anormal hal deyil”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.
Onun sözlərinə görə, bəzən valideynlər bu halla qarşılaşdıqda təşvişə qapılırlar: “Hətta bəzən valideynlər övladlarının belə sullarından yayınır, bəzən isə bu tip sualları aqressiv qarşılayırlar. Ancaq bildirmək lazımdır ki, bu da doğru yanaşma üsulu deyil. Uşaqlara belə sualları onların anlayacağı, başa düşəcəyi şəkildə daha çox isə oyun şəklində, nağıl formasında izah etmək lazımdır. Valideynlər bəzən "Uşaqlar özlərini necə qorusun?", "Bunu onlara necə izah edək?” kimi sual ünvanlayırlar. Ümumiyyətlə istər ana, istər ata uşağa ondan icazə almadan toxunmamalıdırlar. Mən müşahidə edirəm, 2 və ya 3 yaşlı övladını analar bəzən dodağından öpür. Bu düzgün deyil. Analar, atalar övladlarına sevgini başqa şəkildə də göstərə bilər. Məsələn, qucaqlaya bilər, saçını sığallaya bilər və s. Belə halda uşaq bunu doğru kimi qəbul edəcək. Yəni, atası və ya anası ona bu şəkildə yaxınlaşırsa, sevgisini bu şəkildə göstərirsə bu doğrudur və sevgi bu şəkildə göstərilə bilər kimi qəbul edər. Buna görə də, bu və ya digər hərəkət başqa biri tərəfindən edildikdə o bunun yanlış olduğunu anlamayacaq. Həmçinin uşağın paltarını dəyişəndə, ona toxunanda qeyd etdiyim kimi onu öpəndə ondan icazə alınmalıdır. Belə olmadıqda gələcəkdə ona toxunulduqda donub qalacaq, heç bir şey edə bilməyəcək. Bir sözlə, belə uşaqların özünü qoruması tanıma dönəmində çətinləşir. Çünki, belə uşaqlarda toxunulmazlıq anlayışı formalaşmır. Ona görə də, bu fikirləri kiçik yaşdan etibarən uşaqlara aşılamaq, məhrəmiyyət anlayışını formalaşdırmaq lazımdır. Bu nüanslar cinsi tərbiyədə mühüm rol oynayır. Eyni zamanda ən gec 18 aya qədər uşağın yatağı ayrılmalıdır.
Cinsiyyətini kəşf etmə dönəmində oğlan uşaqlarında qız hərəkətləri, anasının ayaqqabısını geyinmək, şərfini bağlamaq və s. kimi hallar da müşahidə etmək olar. Bu zaman da valideynlər həyəcan-təşvişə qapılır və uşağa aqressiv davrana da bilirlər. Əksinə qız uşaqlarında da bu dövrdə oğlan hərəkətləri, oğlan oyuncaqlarına maraq yaranmağa başlayır. Ancaq bu hal 6-7 yaşa qədər davam edərsə və bu yaş aralığında passivləşərsə, davam etməzsə bu normal haldır. Lakin, bu yaş dövrlərindən sonra da davam edərsə artıq burda valideynlər narahat olmalı və peşəkar mütəxəssis dəstəyi almalıdırlar.”
Bütün xəbərlər Facebook səhifəmizdə