"Efir dilində kobud və məhəlli danışığa yer verməməlidirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
“Bildiyimiz kimi, ədəbi dilin əsas göstəricisi olan normalar uzun tarixi proses nəticəsində yaranır. Ədəbi dilin normaları fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına kömək edir, düzgün və vahid nitq prosesi yaradır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini filologiya üzrə flsəfə doktoru, dosent Gülarə Əmirova deyib.
Onun sözlərinə görə, tamaşaçı ilə aydın, təsirli və başa düşülən bir dildə ünsiyyət qurmaq, informasiya və ya məlumatı daha anlaşıqlı, səlis bir dildə çatdırmaq üçün Azərbaycan dilinin orfoepiya normalarına əməl olunması, örnək ədəbi tələffüzün nümayiş edilməsi zəruri amillərdəndir: “Buna görə də yüksək nitq mədəniyyəti kürsüsü sayılan televiziyada çıxış edən aparıcılar birmənalı olaraq dil normalarına əməl etməli, efir dilində kobud və məhəlli danışığa, dialekt xüsusiyyətlərinə yer verməməlidirlər.
Təəssüflə qeyd etmək istəyirəm ki, televiziya aparıcılarının nitqində dialekt xüsusiyyətlərinə geniş yer verilir. Bu gün ədəbi dil normalarının pozulması ekran qarşısında əyləşən tamaşaçının diqqətindən yayınmır. Aparıcı çalışmalıdır ki, nitqində məhəlliçiliyə, əyalətçiliyə yol verməsin. Lakin müşahidələrimiz bunun tam əksini göstərir:
“Hansısa idman növünə [marağuvuz] var?”
“Mən çox diqqətlə sizin [danışığıvıza] fikir verirəm”.
“[Puluvuz] bir az artandan sonra [həyatuvuzda] nə dəyişdi?”
Təqdim olunmuş nümunələrdə ikinci şəxs cəminin mənsubiyyət şəkilçilərinin dialekt tələffüzünü görürük: [puluvuz], [marağuvuz], [danışığıvız], [həyatuvuzda].
Məlumdur ki, dialektizmlər ədəbi dilin zənginləşməsində mənbə rolu oynayan milli xəzinədir. Dilimizin etnoqrafiyası hesab edilən dialektizmlər özündə zəngin dil elementlərini əks etdirir. Adətən şair və yazıçılar müəyyən üslubi məqamlarda, xüsusilə obrazın nitqini fərdiləşdirmək məqsədilə bədii əsərlərdə dialektizmlərdən istifadə edirlər və bu bədii əsərə gözəllik, şirinlik gətirir. Lakin ədəbi dilin istər şifahi, istərsə də yazılı formasında dialektizmlərdən istifadə norma pozuntusu hesab olunur:
“[Bugünnəri] biz Azərbaycanın avtomobil bazarında mövcud biznes istiqamətlərindən danışacağıq”. “[Dünənnəri] mən həyətimdə işləyirdim”. “O suvaqlar [sonradannan] olub”. “2022-ci ildə Qətərdə dünya çempionatı keçiriləcək, elə [hindidən] insanları ora cəlb edirlər, hazırlaşırlar”.
Təqdim olunmuş nümunələrdə isə norma pozuntusu dilimizdə zaman zərfi kimi çıxış edən bəzi sözlərin aparıcıların nitqindəki dialekt tələffüzü ilə bağlıdır.
Qeyd edim ki, televiziya aparıcılarının, eləcə də verilişlərə dəvət olunan qonaqların nitqlərindəki ədəbi dilə aid olmayan bu ünsiyyət forması xalqın mədəni tələblərini ödəmir və bu hal yolverilməzdir. Ləhcəyə, dialekt sözlərə münasibətimiz müsbətdir və hər birimiz üçün doğulub-böyüdüyümüz bölgənin dialekt xüsusiyyətləri doğmadır. Amma ədəbi dil konkret norma daxilində danışığı tələb edir ki, buna ilk növbədə aparıcılar əməl etməlidirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə