Hamilə xanımların analıq məzuniyyətinə çıxma prosesi necə olmalıdır? - ARAŞDIRMA
Bu gün bir çox qadınlar hamilə olarkən iş həyatına davam etmək məcburiyyətindədirlər. Bəziləri bunu öz istəyi ilə, digərləri isə maddi durumun zəif olması səbəbindən edir. Hamiləliyin bədəndə yaratdığı müxtəlif dəyişikliklər zaman-zaman bulantı, qusma, tez-tez sidiyə getmə, yorğunluq, şişkinlik və sancı kimi hamiləliklə bağlı şikayətlər səbəbiylə iş həyatına mənfi təsir göstərə bilər. Hamilə qadınlar işlədikləri iş yerindən asılı olaraq bəzi qoxu və qidalardan həddindən artıq təsirlənə bilər.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Türkiyədə bütün bunlara görə qanunla hamiləlik dövründə işləmək üçün bəzi tənzimləmələr gətirilib və iş yerləri hamilə işçilərinə uyğun olaraq müxtəlif qaydalar hazırlayıb.
Ümumiyyətlə, gün ərzində işdə heç bir təhlükəli vəziyyətlə, zərərli maddələrlə qarşılaşmayan qadınlar doğuşa qədər işləyə bilərlər. Amma hamilə qadının iş şəraiti diqqətlə qiymətləndirilməlidir.
Aşağıdakı hallarda hamilə qadının işi məhdudlaşdırılmalı və ya tamamilə dayandırılmalıdır
- Hamiləlik zamanı qanaxma riski olanlar
- Erkən doğuş riski olanlar
- Uşaqlıq boynunda açılma (dilatasiya) olanlar
- Uşaqlıq yolu ilə bağlı qüsurları olanlar
- Hipertoniya
- Dölün inkişafının ləngiməsi
- Daha əvvəl vaxtından əvvəl doğuş edənlər
Bəzi iş yerlərində istifadə edilən kimyəvi, təmizləyici maddələr, həlledicilər və radiasiya hamilə qadına birbaşa təmas və ya tənəffüs yolu ilə zərər verə bilər. Bunlar qurğuşun və civə kimi maddələrdir. Bu cür maddələrin olduğu iş yerlərində özünüzü qorumaq üçün lazımi tədbirləri araşdırmalı və iş yerinin sahibi ilə danışmalısınız. Bu maddələrə çox məruz qalmayacaq yerlərdə işləmək, zaman-zaman otağınızı havalandırmaq və bəzi xüsusi paltarlar geyinmək lazım ola bilər.
Həddindən artıq isti iş yerində və ya fabrikdə işləmək hamiləliyə bəzi mənfi təsirlər göstərə bilər. Bu vəziyyətdə zaman-zaman sərin bir mühitə keçmək və bol maye qəbul etmək kimi ehtiyat tədbirləri alaraq həddindən artıq istidən qaçınmaq lazımdır.
Gözəllik salonlarında işləyən hamilə qadınların risk altında olduğuna dair kifayət qədər sübut yoxdur. Belə iş yerlərinin ətrafında kimyəvi maddələr olduğundan əlcəkdən istifadə etmək, içərini havalandırmaq kimi ehtiyat tədbirləri görülməlidir.
Hansı işdə olursa olsun, gələcək analar həddindən artıq yük qaldırmaqdan və çox əyilməkdən çəkinməlidirlər. Qısa istirahət fasilələri bir neçə saatdan bir, uzun müddətə isə hər 4 saatdan bir verilməlidir.
İş masasında çalışanların diqqət etməli olduğu detallar var:
- Kompüterdə işləyərkən kiçik fasilələr verməyinizə əmin olun. Ayağa qalxın, dərin nəfəs alın və gəzin.
- Masada oturarkən vaxtaşırı qollarınızı və ayaqlarınızı uzadın.
- Heç vaxt ağır əşyaları qaldırmayın
- Əgər əyilmək lazımdırsa, kürəyinizi və belinizi gərginləşdirmədən yavaş-yavaş əyin.
- Oturacağın hündürlüyünü elə tənzimləyin ki, ayaqlarınız yerə tam toxunsun. Mümkünsə, ayaqlarınızın altına kiçik bir stul qoyun.
- Uzun müddət ayaq üstə dayanırsınızsa, tez-tez fasilələr verin.
- Nə qədər məşğul olsanız da, yemək vaxtlarını qaçırmayın.
- Daim su için.
- Siqaret tüstüsü və kimyəvi maddələrdən uzaq durun.
- Ən azı iki saatdan bir tualetə getməyə diqqət edin.
- Heç vaxt özünüzü yükləməyin. İş günlərində və özünüzü yorğun hiss etdiyiniz zaman evə tez gedin.
Bəs, doğuşdan əvvəl və sonra işləyən hamilə qadınların qanuni hüquqları hansılardır? Analıq məzuniyyəti nə qədərdir? Analıq müavinətini necə almaq olar? Azərbaycanda və dünyada bu barədə vəziyyət necədir?
Türkiyədə durum:
- İşləyən ananın analıq məzuniyyəti müddəti nə qədərdir və o analıq məzuniyyətindən necə istifadə edə bilər?
4857 saylı Əmək Qanununun 74-cü maddəsinə əsasən qadın işçilərin doğumdan əvvəl 8 və doğuşdan sonra 8 həftə olmaq üzrə ümumi 16 həftə müddətində işlədilməmələri vacibdir. Bu müddət ödənişli məzuniyyət sayılır. Bundan əlavə, qadın işçinin tələbi ilə 16 həftəlik qanuni analıq məzuniyyəti müddəti başa çatdıqdan sonra işəgötürən tərəfindən 6 aya qədər ödənişsiz məzuniyyət verilməlidir. Bu müddətlər qanuni olaraq müəyyən edildiyi üçün işəgötürənin etiraz etmək hüququ yoxdur.
Çoxlu hamiləliklərdə analıq məzuniyyəti nə qədərdir?
Çoxlu hamiləliklərdə, əkiz və ya üçəm olmasından asılı olmayaraq, doğumdan sonra istifadə edilən 8 həftəlik müddətə 2 həftə daha əlavə edilir və onların cəmi 18 həftəlik ödənişli məzuniyyəti olur.
Analıq müavinəti nədir? İşləyən analar bu pulu necə və haradan əldə edə bilər? Hamı analıq yardımı alırmı?
Analıq müavinəti Ailə və Sosial Müdafiə Nazirliyi tərəfindən analara verilən hüquqdur və birinci uşaq üçün 300 TL, ikinci uşaq üçün 400 TL, üçüncü uşaq üçün 600 TL olmaqla birdəfəlik müavinətdir. Bunun üçün ananın işləyib-işləməməsinin heç bir fərqi yoxdur. Doğum etməsi, körpənin sağ olması və Türkiyə Cümhuriyyətinin vətəndaşı olması əsas tələblərdir.
Hamiləlik dövründə iş saatları necə tənzimlənir?
Hamiləlik dövründə qadın işçiyə dövri müayinələr üçün ödənişli məzuniyyət verilir. Həkim bunu məqsədəuyğun hesab edərsə, hamilə qadın işçinin sağlamlığına uyğun olan daha yüngül işlərdə işlədilir. Belə olan halda işəgötürən tərəfindən işçinin əməkhaqqında heç bir azalma edilə bilməz.
Bəs, Azərbaycanda bu barədə vəziyyət necədir?
Hamiləliyə və doğuşa görə məzuniyyət.
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Bu barədə daha ətraflı məlumatı vəkil Turan Abdullazadə verib: "Əmək Məcəlləsinə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətlər sosial məzuniyyətlərin bir növüdür.
İşəgötürən iş müddətindən, növündən, yerindən, fəaliyyətinin təşkilati-hüquqi formasından asılı olmayaraq aşağıdakı işçilərə bu məzuniyyəti verməyə borcludur:
1) Hamilə qadınlara
2) İki ayadək uşağı övladlığa götürən qadınlara
3) İki ayadək uşağı övladlığa götürmədən böyüdən qadınlara
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
Bundan əlavə 3 yaşı tamam olanadək uşağa qulluq sosial sığorta hadisəsi hesab olunur və uşağa qulluğa görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilmişdir".
Cərrah, mama-ginekoloq Ləman Əliyeva isə məsələnin tibbi yanlarına toxunub: "Analıq məzuniyyəti ölkəmizdə qanuni olaraq 30 həftədə olur. Bu Səhiyyə Nazirliyinin protokolu ilə 30 həftədə verilir.
Əgər normal fizioloji hamiləlikdirsə, yəni heç bir patologiya yoxdursa, qadın 30 həftəyə qədər işləyə bilər. Son iki ay isə işləmək olmaz. Həmçinin, doğuşdan iki ay sonra da işləməyə bilər.
Ümumiyyətlə, uşağın tələf olma ehtimalı olmayan hamilə qadınların işləməsində heç bir problem yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə