Prezident İlham Əliyev: "Alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verəcək"
Azərbaycan müstəqilliyini qazandıqdan sonra beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, səmərəli iş qurmaq, eləcə də ölkəmizin həqiqətlərinin dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, bu imkanlardan geniş istifadə edilməsi zəruridir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlər qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.
Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatının da üzvüdür. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb.
BMT-yə üzv olduqdan sonra Azərbaycan dayanıqlı inkişafa dair müştərək öhdəliyimizə öz töhfəsini verməklə bərabər, BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə uyğun olaraq hərtərəfli və geniş əhatəli gündəlikdə fəal iştirakını davam etdirib. Bu səylər qlobal səviyyədə də tanınıb və qəbul olunub.
Beynəlxalq təşkilatlar içərisində öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasətindəki roluna və yerinə görə, ən yüksək qurumlardan biri olan BMT ilə Azərbaycan əlaqələri davamlı xarakter daşıyır. BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan, Yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi, bütün dünya xalqlarının əmin-amanlığı, xoşbəxtliyi və rifahı naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutur.
Bildiyimiz kimi, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfər edib.
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək.
ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN YENİ PERSPEKTİVLƏR
Nyu -Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif məzmunlu görüşlər keçirib. Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü olub. Baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu deyib. Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib.
Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirilib.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüş də maraq doğurub. Söhbət zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.
Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunulub, turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edildi.
Kuş Çoksi biznes imkanlarının dəyərləndirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
Belə ki, dövlətimizin başçısının qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşü olub. Görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib. Prezident İlham Əliyev 2024-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu tərəfdaşlığı vurğulayaraq, xüsusilə İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru "Italo"ya yatırılan birgə sərmayəni səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirib. Dövlətimizin başçısı, həmçinin şirkətin hava limanlarının idarə olunması, enerji keçidi və süni intellekt infrastrukturu kimi sahələrdə təcrübəsinin gələcək əməkdaşlıq üçün böyük imkanlar açdığını vurğulayıb. Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb. O, rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.
Qeyd edək ki, "Global Infrastructure Partners" şirkəti 2006-cı ildə ABŞ-da təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. "Global Infrastructure Partners"in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-da bu sahədə aparıcı şirkətlərdən biridir.
BEYNƏLXALQ KAPİTAL ÜÇÜN MÜHÜM İMKANLAR
Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi görüşdə qlobal investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyada rolu ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanla bu şirkət arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını bildirib. O, həmçinin Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək, bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd etdi.
Görüşdə "Franklin Templeton"un kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin yaşıl gündəliyinin icrasına töhfə verə biləcəyi vurğulandı.
Prezident İlham Əliyev şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə sıx əməkdaşlığına toxunaraq, mövcud tərəfdaşlığın ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını bildirdi. Dövlətimizin başçısı bu şirkətin alternativ investisiya sahəsindəki təcrübəsinin və xüsusilə region ölkələrində həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətinə toxunaraq, bu xüsusda geniş qarşılıqlı əməkdaşlıq imkanlarının olduğunu vurğuladı.
Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən "Franklin Templeton" hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.
BMT Baş Assambleyasının 80-cı sessiyası dünyanın ən böyük diplomatik hadisələrindən biri hesab edilir və iştirakçı ölkələrin liderlərini bir araya gətirir.
"Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət ayrılır. BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə Azərbaycanın əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq münasibətləri diqqəti çəkir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə