“İstər yeni tikili binalarda, istərsə də köhnə çoxmənzilli yaşayış binalarında vətəndaşlar istifadə etdikləri kommunal kommunikasiyalara görə aylıq ödəniş edirlər. Bundan əlavə yeni tikili binalarda vətəndaşlardan hər kvadratına görə 20 qəpikdən başlayaraq 2 manata qədər arta bilən kommunal pulu alınır. Həmin ödəniş binaların saxlanılmasına xərclənir. Vətəndaşlardan yığılan həmin əlavə kommunal pulu binalarda çalışan xadimələr, istifadə olunan liftə görə işıq, həyət-bacanın təmizlənməsi və s. xərclər üçün istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, ümumilikdə dünya təcrübəsinə nəzər yetirsək, hər bir ölkədə binaların saxlanılması üçün vətəndaşlardan əlavə ödəniş alındığını görə bilərik: “Lakin Azərbaycanda bu işləri həyata keçirən MTK-lardır. Bu da qanunvericiliyə zidd olan bir addımdır. Qanunvericilikdə tikilib təhvil verildikdən sonra bina sakinləri toplaşaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) qurmalı və binanın idarəetməsini öz üzərlərinə götürməlidirlər. Hazırda Bakı şəhərində 2000-dən artıq çoxmənzilli yeni binalar tikilərək vətəndaşlara təhvil verilib. Lakin onlar arasında təqribən 200-250 binada MMMC mövcuddur”.
Ekspert sözlərinə davam edərək bildirib ki, MMMC-lərdə bina xərcləri üçün ödənilən pulun məbləği komendanta ödənilən məbləğdən daha aşağı olur: “Sakinlər yığılan pullara və xərc sərfiyyatına nəzarət edə bildikləri üçün hər hansı bir narazılıq olmur. Eyni zamanda, yeni tikili binalarda büdcə formalaşmalıdır və aylıq yığılan kommunaldan həmin büdcəyə pul köçürülməlidir. Çünki gələcəkdə hər hansı bir böyük xərc tələb olunarsa həmin büdcədən istifadə olunsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə