Universitetlər tələbələri niyə təcrübəsiz yola salır? - ARAŞDIRMA

İş həyatında hamımız ən azı bir dəfə rədd cavabı almışıq. Bu, sirr deyil ki, günümüzdə bir çox insan təcrübəsiz olduğu üçün işə qəbul olunmur. Bəs, buna səbəb nədir? Axı, təcrübə toplamaq üçün də haradansa başlamaq lazımdır.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Daha çox universitetdən yeni məzun olan gənclərin ən çox qarşılaşdığı problemlərdən biri də sırf budur. Məlumdur ki, əksər tələbələr təhsil aldığı müddət ərzində heç bir yerdə çalışmır. Təəssüflər olsun ki, əksər universitetlərin də hazır kadr məzun etdiyini söyləmək olmaz. Demək olar ki, 99 faiz iş yeri də yalnız və yalnız təcrübəli kadr axtarışındadır. Lakin heç kim bu təcrübəni gənclərə vermək istəmir.

Araşdırmalar göstərir ki, təcrübəsiz insanlar həmişə daha cəsarətli və maraqlanan olurlar. Çünki təcrübəsi olmayan insan heç vaxt karyerasını və populyarlığını itirməkdən qorxmaz. Ona görə də o, həmişə araşdırmaçı və döyüşkən xarakter daşıyır. O, həmişə sual verir, risk alır və heç vaxt təslim olmur.

Ən böyük vəzifə əslində işəgötürənlərin, HR menecerlərinin və şöbə rəhbərlərinin üzərinə düşür. Təcrübəsiz işçilərə tapşırıq verməkdən heç vaxt çəkinməyin və hətta işçilərinizin performansını onlara çox daha çətin layihələr verərək artıra bilərsiniz. Təcrübəsiz heyətiniz bu çətin vəzifəni uğurla yerinə yetirdikdə, layihənin əslində nə qədər dəyərli olduğunu müşahidə edəcəksiniz.

Heç bir uğur eyni təcrübə ilə təmin edilə bilməz. Dəyişiklik həmişə lazımdır. Bu səbəbdən təcrübəsiz olmaq pis bir şey deyil. Çünki təcrübəsiz insanlar səhv etməkdən qorxmur və onların qərar vermə prosesləri daha sürətli olur.

Bir gənc üçün öz ixtisası üzrə iş təcrübəsinə sahib olmaq çox mühüm bir amildir. Bu səbəbdən maksimum dərəcədə tələbəlik dönəmində özünüzə uyğun iş yerində çalışmaq üçün addım atın. Unutmayın ki, hamı ilk başda təcrübəsiz olur. İlk çalışdığınız yerdə də özgüvənli, məsuliyyətli və operativ görünməyi diqqətdə saxlayın. Bəlkə də ilk başladıqda həmin iş yeri sizi işə götürəcəyinə söz vermir. Amma sizin əzminizi və çalışqanlığınızı gördükdən sonra da sizi əldən vermək onlar üçün o qədər asan olmayacaq.

Yeniliklərə daim açıq olun. Adətən əksər iş yerləri cavan kadrları müəssisəsinə yenilik gətirsin deyə istəyir. Öyrənməkdən və sual verməkdən çəkinməyin.

Xarici dil bilmək isə sizin üçün üstünlük olacaq. Bu, sizi digər işçilərdən fərqləndirən amillərdən biridir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub: "Təbii ki, təcrübə hər bir işçi üçün lazım olan şərtlərdən biridir. Amma məntiqlə düşünsək, ali təhsilini yenicə bitirmiş, yaxud da ümumiyyətlə heç ali təhsili və iş təcrübəsi də yoxdur, amma müəyyən bilgiləri var, kurslarda iştirak edib, təlimlərə qatılıb, özündə müəyyən bacarıqları formalaşdırıb indi işə düzəlmək istəyir. Bu insanın iş təcrübəsi yoxdur. Əgər belə olsa, onda gərək yenicə işə başlayan insanların heç biri gərək işə götürülməsin. Bu, absurd və mənasız yanaşmadır. İş təcrübəsi lazımdır, amma iş təcrübəsi formalaşmaq üçün həmin şəxs gəlib işləməlidir.

Mənə görə hər bir işçidən müsahibə götürərkən həmin işçinin savadına, bilgisinə və yumşaq bacarıqlarına diqqət ayırmaq lazımdır. Biz bunu şirkətlərə tədris edirik. Yumşaq bacarıqlar bilgi və savaddan fərqli bir sferanı əhatə edir. Dürüst olmaq, ünsiyyət bacarıqlarına sahib olmaq və özgüvənli olmağa bunlara yumşaq bacarıqlar deyirlər. Təxminən 30-40 bacarıqdır. Bunlar əsas şərtdir.

İndi təbii olaraq biz işçini təzə işə götürəndə heç həmin şəxsdə yumşaq bacarıqların olub-olmadığını da tam ayırd edə bilmirik. Bəzən müsahibədə də bu özünü göstərmir. Amma hər bir halda müəyyən qədər əgər müsahibə götürən insanda psixoloji bacarıqlar varsa, bunu oxuya bilər. Həmin insanın danışıq tərzindən, suallara cavab vermək tərzindən bunu ayırd etmək müəyyən qədər olur.

Əsas savad və yumşaq bacarıqlardır. Təcrübə təbii ki, işə götürüləndən sonra tədricən formalaşacaq. Mən bu cür yanaşmanı tamamilə absurd və mənasız hesab edirəm.

Şirkətlərə tövsiyə edirəm ki, əsas dediyim kimi müsahibə götürərkən, işə götürərkən işçinin həmin sahədə olan biliyinə, bir də yumşaq bacarıqlarına diqqət etsinlər. İndi deyilə bilər ki, "Bilik də təcrübəylə hasil olur". Təbii ki, bu belə deyil. Bilik təkcə təcrübə ilə deyil. Bilik həm də kitab oxumaqladır. Ola bilər bir şəxs həmin sahədə yaxşı əsərlər, kitablar oxuyub, təlimlər alıb, kurslara gedib. Amma hələ təcrübəsi yoxdur. Eybi yox, o işə götürülsün və şərait yaradılsın. Unutmayın ki, o gəncdir və qoyun özünü tutsun, formalaşsın. Yumşaq bacarıqlara diqqət ayırılsa, tədricən o təcrübə də formalaşacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə