Fərdlərin bir-birinə sevgi və dəyərinin ən gözəl ictimai və sosial forması olan ailənin təməli müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqla-nikahla qoyulur. ''Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq hər ikinizin qarşılıqlı razılığına əsasən sizin nikahınız qeyd olunur. Xahiş edirəm, öz ittifaqınızı imzalarınızla təsdiq edəsiniz''-nikah məmurunun bu sözlərindən sonra atılan imzalar nikahı qanuniləşdirməklə tərəflərin hüquq bərabərliyinə və bu izdivacın qanunla tənzimlənməsinə imkan yaradır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, nikah qarşılıqlı razılıq əsasında bağlanır, dövlətin himayəsi altında olur və ərlə arvadın hüquq bərabərliyinə təminat verilir. Azərbaycanda nikah yaşı kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatması zəruridir. Nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat şöbəsinə digər sənədlərlə yanaşı tibbi müayinədən keçmələri barədə arayışların əslini təqdim etməlidirlər. Başqa önəmli sənəd isə əlbəttə ki, etibarlılıq müddəti keçməmiş olan şəxsiyyət vəsiqəsidir. Nikah üçün dövlətin müəyyən etdiyi 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi şərtdir. Bu məqamda vacib olan bir məsələni qeyd etməmək olmaz. Söhbət nikah müqaviləsindən gedir. əlbəttə bu, vətəndaşın arzusuna görə bağlana bilər. Amma tərəflərin gələcəkdə mülkiyyətlərinin daha ədalətli bölünməsi və ya qorunması üçün bu müqavilənin bağlanmasında fayda vardır.

Əvvəllər nikahda olmuş şəxslərin nikahı qeydiyyata alınarkən, onlar qeyd etdiyimiz sənədlərdən əlavə nikahın pozulması haqqında və ya tərəflərdən birinin ölüm şəhadətnaməsinin surətini, yaxud nikahın etibarsız sayılması barədə məhkəmə qətnaməsini təqdim edilməlidir. Ümumi uşaqları olan şəxslər arasında nikah bağlandığı hallarda isə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi onlara eyni zamanda atalığın müəyyən olunması qaydasını izah etməlidir.

Qeyd etdiyimiz kimi, qanunvericilikdə nikah yaşı 18 yaş müəyyən edilib. Amma istisnalar da var, daha doğrusu üzrlü səbəblərə görə bu yaşın 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər. Bunun üçün isə rayon (şəhər) icra hakimiyyətinin sərəncamının olması vacibdir. Onu da əlavə edək ki, qanunvericiliyə görə, nikaha daxil olmaq istəyən şəxslərdən biri ağır xəstəliyi səbəbindən nikahın qeydə alınması üçün Qeydiyyat şöbəsi, konsulluq idarəsi və İcra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binaya gələ bilmədikdə, nikahın qeydiyyatı nikaha daxil olanların hər ikisinin iştirakı ilə həkim arayışı təqdim edilməklə tibb müəssisələrində aparıla bilər.

Ölkəmizdə xarici vətəndaşlarla ailə quranlar da az deyil. Qanunvericiliyə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin nikaha daxil olması üçün qeyd olunan zəruri sənədlərdən əlavə, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilən ailə vəziyyəti haqqında arayış da, yəni sadə dildə desək subaylıq haqqında arayış tələb edilir. Bunlar apostillə təsdiqlənib təqdim edilməlidir. Əks halda bu sənədlər leqal olaraq tanınmayacaq. Bu sənədlər verildiyi gündən 6 ay müddətində etibarlıdır. Bundan əlavə onların Azərbaycan Respublikasında tibbi müayinədən keçmələri barədə arayışları təqdim etməlidirlər.

Ölkəmizin hüdudulrından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah isə diplomatik nümayəndəliklərdə və konsulluq idarələrində bağlanır.

Elektron hökumətin inkişafı, innovativ halların tətbiqi və rəqəmsal hökumətə keçidlə bağlı mühüm addımların atılması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı prioritetləri də önə çıxarıb. Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş'' Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasına əsasən, ''Vətəndaşlıq vəziyyəti aktları'' avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi hazırda doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, həmçinin ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Qeyd edim ki, Azərbaycanın milli brendinə çevrilmiş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ''Asan xidmət'' mərkəzlərinin statistik qiymətləndirilməsinə görə Ədliyyə Nazirliyinin həyata keçirdiyi elektron xidmətlərin təşkili və göstərilməsi üzrə görülən işlərin yüksək reytinqi qeydə alınmışdır. Nikaha daxil olmaq üçün elektron ərizə ilə də müraciətin mümkünlüyü qeydiyyatın şəffaflığını, operativliyini və eyni zamanda vətəndaş məmnuniyyətini təmin edir.

Məlumat üçün qeyd edim ki, nikah qeydiyyatı üçün elektron müraciət edən vətəndaşlar www.exidmet.justice.gov.az elektron hökumət portalına daxil olaraq Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından ''Nikah qeydiyyatı üçün elektron müraciət'' xidmətini seçməlidir. Bundan sonra açılan formatın içində ''Qeydiyyat orqanı'' sətrində lazımı qeydiyyat orqanının adını seçərək nikaha daxil olan vətəndaşlar öz şəxsi məlumatlarını yazmalıdırlar. Daha sonra tibbi arayışı əldə etmək lazımdır. Təsdiq düyməsini basmaqla elektron müraciət Nazirliyin müvafiq qeydiyyat orqanına göndərilir. Açılan növbəti səhifədə müraciətin qəbul edildiyi və dövlət rüsumunun on-line ödənilməsinə keçid barədə məlumat öz əksini tapır. Bu qaydada mərhələ-mərhələ elektron müraciətin edilməsi prosesi həyata keçirilir.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da toy, nikahın qeydiyyat gününə dair hazırlıqlar ənənəyə çevrilib.

Son illərdə başlanan ən gözəl ənənələrdən biri də gənclərin bu il 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin adını daşıyan mərkəzlərdə nikahlarını qeyd etdirmələridir və 2023-cü il “Heydər Əliyev İli”ndə həmin mərkəzlərdə çoxsaylı nikahların təntənəli qeydiyyatı mərasimləri keçirilmişdir. Nikahlarını bu mərkəzlərdə qeyd edənlər özəl günlərinə xüsusi zərafət qatırlar. Bu, keçmişlə gələcəyin vəhdəti, rəmzidir. Bu gənclər milli dəyərlərə bağlılıq, milli irsə sahib çıxmağın vacib bir missiya olduğunu bilərək rəsmi nikah mərasimlərinə məhz bu mərkəzdə önəm verirlər. Bu da səbəbsiz deyil. Çünki Ümummilli Liderimizin ömür-gün yoldaşı Zərifə xanıma olan sonsuz sevgisini hər kəs bilir. Bu, əbədiyyətə bərabər sevgi idi. Bu sevgiyə sahiblənən bir liderin adını daşıyan mərkəzlərdə ailə təməlinin qurulmasının çox böyük bir mənası var.

Xoşbəxt bir ailə hamının xəyalıdır. Amma ailə birliyinin uzun müddətli və xoşbəxt davam etməsi üçün tərəflərin anlayışı və bu səadəti qoruması vacibdir. Həyat yoldaşı deyil, əslində bir dünya seçirik, elə seçməliyik ki, Allah bir ömür boyu ''nə yaxşı ki səni seçdim''- deməyi nəsib etsin.

Maral Həsənova

Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə