“Xocalıya ithaf” adlı gənc musiqiçilərin anım konserti keçirilib FOTOLAR

Fevralın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində Kamera və Orqan Musiqisi Zalında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Gənclərə dəstək” layihəsi çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Xocalıya ithaf” adlı gənc musiqiçilərin anım konserti keçirilib. Anım konserti Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub.

SİA-nın məlumatına görə, anım konsertində gənc musiqiçilərin ifasında Q.Qarayev, G.Hendel, A.Səmədzadə, A.Zeynallı, T.Albinoni, H.Xanməmmədov, V.Adıgözəlov, S.Ələsgərovun əsərləri səslənib.

“Xocalıya ithaf” adlı anım konsertində Respublika və Beynəlxalq müsabiqələr laureatları Seyid Nuray (violin), Surə Rüfət (violin), Aylin Babayeva (piano), Əmirə Terequlova (piano), Məmmədov Şöhlət (tar), Atilla Məmmədov (vokal), Xədicə Hacılı (violin), Həsənzadə Jalə (qanun) və başqaları Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti ilə çıxış ediblər.

Kamera və Orqan Musiqisi Zalında Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Xocalıya ithaf” adlı rəsm əsərlərinin sərgisi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə