"Görüş indiyə qədər keçirilən görüşlərdən əhəmiyyətli dərəcədə fərqlənir" - POLİTOLOQ DANIŞDI

"Görüş indiyə qədər keçirilən görüşlərdən əhəmiyyətli dərəcədə fərqlənir" - POLİTOLOQ DANIŞDI

"Bu gün keçiriləcək görüş müxtəlif aspektlər baxımından olduqca vacib görüşdür və hər birimiz həmin görüşün nə ilə nəticələnəcəyini səbirsizliklə gözləyirik. Düşünürəm ki, təkcə biz yox eləcə də regionda maraqlı olan bütün qüvvələr bu görüşü diqqətlə izləyirlər. Çünki görüş indiyə qədər Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Görüşü fərqli edən məqam ilk növbədə Rusiya Prezidenti Putinin “Valday” disskusiya klubundakı çıxışı ilə bağlıdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq qeyd edib ki, həmin çıxışı Rusiyanın Qarabağ məsələsi ilə bağlı indiyə qədər yürütdüyü siyasətin açıq şəkildə bəyan edilməsi kimi də qəbul etmək olar: "Görünən odur ki, Rusiya indiyə qədər Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh istəmədiyi kimi yenə də eyni mövqeni təkrar edir. Çünki Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə özünün Cənubi Qafqazdakı maraqlarına təhlükə kimi baxır. Onlar hesab edir ki, əgər sülh olacaqsa o zaman nəinki sülhməramlı kontingentə ehtiyac qalmayacaq həmçinin Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğu da sual altına düşəcək. Məhz bu amilləri nəzərə alaraq Rusiya ən azı indiki məqamda, yəni Ukrayna ilə savaş dövründə Azərbaycan və Ermənistan arasında gərginliyin davam etməsində maraqlıdır.

Vladimir Putinin “Valday” diskussiya klubundakı çıxışında səsləndirdiyi məqamlar da bunu sübut edir. Onun “Vaşinqton variantı Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan buna razıdırsa, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik” açıqlamasının arxasında hansı məqamın dayandığı gün kimi aydındır. Putin demək istəyir ki, məhz Vaşinqton Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını istəyir, amma bizimlə birlikdə olsaz biz bu planı pozarıq. Bu bəyanatla həm erməni ictimaiyyətini mövcud Ermənistan hakimiyyətinin üzərinə qaldırır, həm də Paşinyan hakimiyyətinə mesaj verir ki, əgər Rusiyanı proseslərdən uzaqlaşdırmaq yolunu davam etdirsəz bu sizə baha başa gələcək.

Putinin “Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür” açıqlaması da əslində Rusiyanın Ermənistana verdiyi dəstək kimi qəbul oluna bilər. Rusiya bütün vasitələrdən istifadə edərək Ermənistanı yenidən özünə bağlamağa cəhd edir. Çünki, Ermənistanın KTMT-dən çıxmaqla bağlı açıqlamalar verməsi, Rusiyanın bəzi şəxslərinin Ermənistana səfərinə qadağaların qoyulması və s. onu göstərir ki, Ermənistan bölgəyə yeni aktorlar gətirmək və bölgədə Qərbin təsirini artırmaq istiqamətini götürüb. Rusiyanın maraqlarının əleyhinə olaraq Avropa İttifaqı mülki müşahidə missiyasının şərti sərhəd bölgəsinə gəlməsi, orada yerləşdirilməsi, sonra onların patrula başlaması ilə bağlı məlumatların yayılması bunu bir daha təsdiq edir. Rusiya başa düşür ki, Ermənistan Qərb qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun addımlar atır və ona görə də Putinin indiki açıqlamaları konkret olaraq bir tərəfdən Ermənnistan hakmiyyətini öz tərəfinə çəkmək, digər tərəfdən də erməni ictimaiyyəti tərəfindən Paşinyana təzyiq edilməsi məqsədi daşıyır.

Putinin bu açıqlamalarından sonra Paşinyanın tez-tələsik Rusiyanın təklif etdiyi sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməsi və eləcə də sülhməramlıların regionda qalması müddətinin 15-20 il belə uzadılmasını nəzərdə tutan sənədi imzalamağa hazır olmasını deməsi onu deməyə əsas verir ki, bu günki görüş gərgin keçəcək.

İlkin məlumatlar onu deməyə əsas verir ki, bu günki görüşdə Rusiya tərəfindən region ölkələrinin liderlərinə təqdim olunacağı düşünülən 15 maddəlik çərçivə sazişinin müzakirəyə çıxarılacaq. Mən əminəm ki, bu sənədin müzakirəsində hər hansı bir razılıq əldə olunmayacaq. Çünki, 15 maddəlik yeni sazişin detalları tam bəlli olmasa belə, media orqanlarına sızdırılan bəzi məlumatlar həmin sənədin ən azı 2 maddəsinin Azərbaycanın milli maraqlarına və Prezident İlham Əliyevin indiyədək səsləndirdiyi prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir. Onlardan biri 15-ci maddədir. İddialara görə, həmin maddədə «Qarabağın statusu» məsələsi yer alır ki, bunun müzakirə predmetinə çevrilməsi belə bizim maraqlarımıza cavab vermir, ikincisi isə Rusiya sülhməramlılarının ərazilərimizdə qalma müddətinin uzadılması ilə bağlıdır. Odur ki, bu saziş təkcə bizim yox, həm də digər qlobal güc mərkəzlərinin regiondakı maraqlarını təhdid edir. Ona görə də düşünürəm ki, nə rəsmi Bakı bu sazişi imzalamaz, nə də Qərb bu təşəbbüsü dəstəkləməz.

Bildiyimiz kimi, Qərb ölkələrinin Rusiya enerji mənbələrindən imtina etməsindən sonra Azərbaycan onu əvəz edəcək mühüm alternativlərdən biri kimi qəbul olunur və rus sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması təkcə Cənubi Qafqaza nəzarət etməyə deyil, həm də alternativ enerji güzərgahının qarşısını almağa hesablanıb. Nəticədə təkcə Azərbaycandan deyil, həm də Orta Asiya ölkələrindən Avropaya nəql olunması nəzərdə tutulan enerji xətti üzərində təhlükə meydana gətirir. Bu isə Avropanın enerji təhlükəsizliyi məsələsi deməkdir və Qərb dövlətləri bu təhlükə ilə razılaşa bilməzlər. İstər Putinin, istərsə də Paşinyanın açıqlamaları da sübut edir ki, başda ABŞ olmaqla bütün Qərb ölkələri Qarabağın Azərbaycanın suverenliyi altında qalmasını dəstəkləyirlər. Odur ki, belə bir situasiyada prezidentin rus «sülhməramlılarının» Qarabağdakı missiyasının uzadılmasına razılıq verməsi mümkün görünmür.
Bütün bu sadalananları nəzərə alaraq bu günki görüşdən yenə də ənənəvi bəyanatlardan başqa bir şey gözləmirəm. Başqa sözlə böyük ehtimalla sərhədlərin delimitasiyası və demorkasiyası ilə bağlı işçi qrupların fəaliyyətini aktivləşdirməsi, komunikasiya xətlərinin açılması ilə bağlı işlərin sürətləndirilməsi kimi məsələlər müzakirə olunacaq. O məsələlər ki, hər dəfə razılaşdırılmasına baxmayaraq məhz Ermənistan tərəfindən yerinə yetirilmir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə