Azərbaycan və Türkiyə qardaşlıq nümunəsi kimi - DEPUTAT ŞƏRH ETDİ

"Növbəti tarixi hadisə-Zəngilan hava limanının açılışı oldu. Bu, artıq işğaldan azad edilən torpaqlarımızda sayca ikinci hava limanıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu hava limanının açılması bir daha ona dəlalət etdi ki, Azərbaycan çox aktiv şəkildə işğaldan azad edilmiş ərazilərdə nəqliyyat kommunikasiya imkanlarını böyük dinamikliklə genişləndirməkdədir: "Bu, çox vacibdir. Ümumiyyətlə, nəqliyyat infrastrukturlarının yaradılması hər şeydən öncə ərazilərin sistemli, effektiv məskunlaşdırılması baxımından əlavə imkanlar yaradır. Ayrıca olaraq işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialını daha tez bir zamanda ümumi iqtisadi inkişaf dövriyəsinə inteqrasiya edilməsinə imkan verir. Bu baxımdan, Cənab prezidentin və birinci xanımın Zəngilana səfəri də çox əhəmiyyətli idi. Ölkə prezidenti səfər çərçivəsində Ağalı kəndində sakinlərlə görüşdü. Biz gördük ki, insanlar burada yaradılan həyat şəraitindən çox razıdırlar. Ona görə ölkə prezidentinə minnətdarlığını bildirdilər. Azərbaycan prezidenti də öz növbəsində yeni yaşayış məskənlərinin bütün ərazilərdə salınacağını bildirdi. Sakinlərə yüksək şəraitin yaradılacağını söylədi. Bu baxımdan, ölkə prezidentinin səfərləri həm də işğaldan azad olmuş ərazilərimizdə həyata keçirilən tikinti quruculuq işlərinin sürətinə, keyfiyyətinə öz təsirini göstərir. Cənab prezident prosesləri birbaşa öz nəzarətində saxlayır. Bu da təbii ki, keyfiyyətin əsas şərtləndirici amillərindədir".

Deputat sözlərinə əlavə edərək bildirdi ki, əlamətdar hadisə olan Zəngilan hava limanının açılması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sayca ikinci hava limanı istifadəyə verildi: " Xatırladım ki, Füzuli hava limanının açılışında da Türkiyə prezidenti Ərdoğan iştirak etmişdir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə siyasi və mənəvi cəhətdən sona qədər Azərbaycanın yanında oldu. Bütün tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Bu, həqiqətən səmimi dostluq, qardaşlıq münasibətləri idi. Türkiyə Prezidenti Zəngilan hava limanının açılışında iştirakla bir daha Azərbaycanın yanında olduğuna işarədir. Hazırda gərginliyin yaradılmasına hesablanmış, bir sıra hərəkətlənmələr müşahidə olunmaqdadır. Fransa prezidenti Makronun olduqca ədalətsiz yanaşması bir daha ona sübut edir ki, Ermənistanın vasitəsi ilə yenidən bölgədə gərginliyin artmasına cəhdlər göstərilir. Lakin Azərbaycan prezidenti Türkiyə prezidenti ilə Zəngilan hava limanının açılışı etməklə, dünyaya müsaj verdi ki, biz öz iradəmizlə haqlı işlərimiz uğrunda çalışacağıq. Bu yoldan bizi heç kəs döndərə bilməz . Eyni zamanda Ərdoğan Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqe sərgilədi ki, bəzi dairələr dəhlizin açılmasından narahatdır.O bildirdi ki, dəhliz boyunca yerləşən ölkələrin maraqlarına cavab verən nəqliyyat yolu olacaq. Qeyd edim ki, Zəngilan hava limanının açılışı həmin ərazilərdə iqtisadi inkişafın sürətlənməsi istiqamətində çox əhəmiyyətli olacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə