Azərbaycanın Avropada növbəti uğuru

Azərbaycan – Bolqarıstan münasibətlərinin növbəti inkişaf mərhələsi

Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq çərçivəsində münasibətlər qurur. Şübhəsiz ki, dövlətin bu istiqamətdə həyata keçirdiyi addımların məqsədi Azərbaycanın milli maraqlarını qorumaq şərti ilə beynəlxalq aləmdə xarici ölkələrlə münasibətlərin inkişafı istiqamətində xoşməramlı missiyanın həyata keçirilməsindən ibarətdir.Respublika prezidenti İlham Əliyev Bolqarıstanda zəngin proqramla rəsmi səfərdə olub. Səfər zamanı ölkəmizin rəhbərinin keçirdiyi mühüm görüşlər və iştirak etdiyi tədbirlər Azərbaycan-Bolqarıstan əlaqələrinin, eləcə də ölkəmizin Avropa ölkələri ilə əməkdaşlığının inkişafına ciddi təkan vermiş oldu.Bu səfərin geosiyasi, iqtisadi, tarixi və mədəni-humanitar baxımdan əhəmiyyəti çoxdur. Son illərdə Bolqarıstan və Azərbaycan, iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidentinin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir. Səfərin məqsədi, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın güclənməsinə böyük təkan vermişdir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlığı daha da inkişaf etdirib.

Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmətə dayanan münasibətlərdir, təbii ki, bu münasibətlər milli maraqlarımızdan çıxış edərək iqtisadi, siyasi və sosial istiqamətdə günü-gündən inkişaf etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət strategiyası milli maraqlar və şübhəsiz ki, Azərbaycan dövlətinin reallıq prizmasından çıxış edərək ölkəmizin bu istiqamətdə özünə sərf edən partnyorlarla səmərəli əməkdaşlığını ehtiva etməkdədir. Bu baxımdan da Bolqarıstan ilə münasibətlər xüsusi çəkiyə malikdir.

İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 73 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçib. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq, indiki şəraitdə bu əhəmiyyət daha da artmaqdadır. Azərbaycan qazı artıq Bolqarıstandadır və bu ölkəyə ixrac ediləcək Azərbaycan qazının həcminin daha da artırılması nəzərdə tutulub. Dövlət başçımız bildidrib ki, Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlər görə bilərlər. Ölkəmizdə bunun üçün münbit şərait yaradılıb. Buna işğaldan azad olunmuş əraziləri göstərmək olar. Azərbaycanda hazırda çox müasir nəqliyyat infrastrukturu mövcuddur. Bütün bu infrastruktur obyektlərinin yaradılması Azərbaycan üzərindən tranzit yüklərin daha da artırılması məqsədinə xidmət edir. Humanitar sahədə də hər iki ölkə kifayət qədər işlər görüb. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu qoruğunun açılış mərasimində iştirak ediblər. Xatırladım ki, Balkan yarımadasında açıq səma altında ən böyük muzey kompleksi olan, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub.

Azərbaycan prezidentinin Bolqarıstana bu son rəsmi səfəri gələcəkdə iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək. Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən ölkələrin yüksək təmsilçiləri ilə keçirilən mühüm görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha möhkəmlənməsinə xidmət edir. Bu səfərin proqramı çərçivəsində Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi də təşkil edilmişdi. Açılış mərasimində iştirak edən Dövlətimizin Başçısı həm də bu tədbirdə yüksək səviyyədə çıxış edib. Açılış mərasimi dünyada , eləcə də Avrasiya məkanında baş verən çox ciddi geosiyasi prosesler, xüsusən də, Rusiya -Ukraina müharibəsi fonunda həyata keçirilirdi. Yəni, bugün Avropa ölkələrinin enerji təminatı, xüsusilə də, qaz təchizatında ciddi böhranla üzləşdiyi bir dövrdə baş verir. İlham Əliyevin bu tədbirdəki çıxışını əslində bugün dünyada baş verən geosiyasi proseslərin təhlili hesab etmək olar: “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olu”. Respublika prezidenti bildirib ki, Azərbaycanın Cənub Qaz Dəhlizini başlayan tərəf olmağından qürur hissi duyur, onun Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihə olduğunu və Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql ediləcək. Daha dəqiq desək, bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı idi. Lakin yaxın vaxtlarda Azərbaycanın bir neçə digər qaz yatağından hasilatın başlayacağı və təchizatın həcminin artırılması gözlənilir.

Ümumiyyətlə fəxrlə deməliyik ki, bu səfər hədsiz dərəcədə önəmli olmaqla, mərasimdə iştirak edən ölkələrin rəhbərlərinin ölkəmizə və liderimizə qarşı çox yüksək münasibət və mühüm strateji mövqelərin şahidi olduq. Bu rəsmi səfər çərçivəsində Bolqarıstanın, Rumunıyanın, Serbiyanın, Yunanıstanın, Avropa Komissiyasının rəhbərləri və digər yüksək rəsmilərlə görüşlərdə və onların çıxışlarında ölkəmiz, eləcə də möhtərəm Prezidentimiz haqqında səslənmiş yüksək fikirlər hər bir azərbaycanlıda qürur hissi oyatmalıdır. Qazanılan bu nailiyyətlər isə həm dövlətimizin, həm də xalqımızın beynəlxalq aləmdə nüfuzunu daha da artıraraq, etibarlı tərəfdaş olduğunu sözdə deyil, əməldə göstərir.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küç. 23” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə